Qərb Ermənistandakı repressiyalara niyə susur – deputat səbəbləri göstərdi

26.11.2020 - 10:45

Elman Nəsirov: “Özlərinin hakimiyyətə gətirdikləri bir şəxsə qarşı belə addımların atılması məqbul sayılmır”

Təcavüzkar Ermənistan “öz qazdığı quyuya düşüb”. Ermənistanın sentyabrın 27-dəki təxribatından sonra Azərbaycan tərəfindən 44 günlük savaşda darmadağın edilən düşmən ölkəni kütləvi etirazlar başına götürüb.

Ermənilər bu məğlubiyyətdə birbaşa baş nazirləri Nikol Paşinyanı günahkar görür və onun istefasını tələb edirlər. Erməni baş nazir isə tələbləri nəinki yerinə yetirir, əksinə, daha sərt addımlar atır və repressiv aparatını işə salaraq, aksiyaları zorakı üsullardan istifadə edərək dağıtdırır, narazıları həbs etdirir, onlara qarşı ən ağır işkəncə metodlarına əl atılır. Nikol hakimiyyətə iddialı olan rəqiblərini, müxalifət liderlərini də bir-bir sıradan çıxarır, onları zindanlara doldurur.

Burada diqqəti çəkən məqamlardan biri də erməni baş nazirin insan hüquq və azadlıqlarını pozmasına Qərb dairələrinin susqun mövqe sərgiləməsidir. Təsadüfi deyil ki, indiyə qədər beynəlxalq təşkilatlardan Paşinyana yönəlik tənqidi xarakterli bir açıqlamanın, bəyanatın şahidi olmamışıq. Halbuki Azərbaycanda buna bənzər proseslər baş versəydi, indi Qərb dünyası yaxasını cırmış, ən sərt bəyanatlar səsləndirmişdi. Əslində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son çıxışlarında bu məsələyə tez-tez toxunur, ikili standartlardan çıxış edən beynəlxalq qurumları, dairələri haqlı olaraq sərt şəkildə qınayır, onları bu yoldan çəkilməyə çağırır.

Deputat Elman Nəsirov Qərbin Ermənistan susqunluğuna bu cür aydınlıq gətirdi: “Bu günləri Ermənistanda repressiyalar pik nöqtəyə çatıb. Məğlub diktator daha da azğınlaşıb. Artıq bütün siyasi opponentlərinə qarşı təzyiq və təhqir kampaniyası daha da güclənib. Demək olar ki, bütün müxalifət partiyalarının liderləri həbs olunub, cinayət məsuliyyətinə cəlb ediliblər. Eyni zamanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan istintaq altındadır. Bilirsiniz ki, Seyran Ohanyana qarşı da analoji addımlar atılıb. Daha bir keçmiş prezident Serj Sərkisyanla bağlı da cinayət işi açılıb. Faktiki olaraq, hökumət daxilində ”yarpaq tökümü” baş verməkdədir. İqtidardan qovulan nazirlərin eyni taleyi yaşayacaqları, repressiyalara məruz qalacaqları gün kimi aydındır. Bu reallıqda diqqətdən yayınmayan cəhət böyük dövlətlərin, beynəlxalq təşkilatların, QHT-lərin Ermənistanda gedən bu antidemokratik proseslərə olan reaksiyası ilə bağlıdır. Qərb dövlətləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları kənar müşahidəçi qismində prosesləri izləyirlər, amma heç bir konkret əməli addım atmırlar. Buna nə ad vermək olar? Hesab edirəm ki, bu ikiüzlülük, riyakarlıqdır. Bunu ancaq belə adlandırmaq olar. Bu, demokratiyadan gecə-gündüz bəhs edib, amma demokratiyadan bəhs edərkən ayrı-ayrı dövlətlərə selektiv yanaşmanın birbaşa təzahürüdür. Bu yerdə yadıma Amerikanı yaradan şəxslərdən biri, bu ölkənin üçüncü prezidenti Tomas Ceffersonun sözləri düşür. O, Amerikada demokratiya nədir kimi sual verir və bu sualı belə cavablayır. Deyir ki, bu, iki canavarın və bir quzunun şam yeməyinə nə yeyək məsələsini müzakirəyə çıxarmasına bərabər bir məsələdir. İki canavar əlini qaldırır ki, quzu yeyilsin, quzu da əlini qaldırır ki, canavar yeyilsin. Beləliklə, səs çoxluğu ilə quzunun yeyilməsi, yaxud onun haqqında ölüm hökmünün çıxarılması nəticəsi ortaya çıxır. Baxın, Amerika demokratiyası budur. Əslində bu, Qərb demokratiyasının bir nümunəsidir. Qərb ölkələrində hadisələrə və proseslərə yanaşma belədir. Bir halda eyni hadisəyə münasibətdə çox böyük canfəşanlıq etsinlər, başqa bir halda isə əcaib bir susqunluq nümayiş etdirsinlər”.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Elman Nəsirov

Deputat Azərbaycana olan münasibəti xüsusi olaraq önə çəkdi: “Siz təsəvvür edin ki, analoji hadisələr Azərbaycanda baş versəydi, ölkəmizdə müxalifət liderləri həbs edilsəydi, onlara qarşı cinayət işləri açılsaydı, repressiya maşını işə salınsaydı, Azərbaycanın məsələsini beynəlxalq məhkəmələrdə, Konqresdə, böyük dövlətlərin parlamentlərində müzakirə edib, əleyhimizə qətnamələr qəbul edib, sanksiyalarla hədələyib, hətta onu tətbiq etməyə cəhd edərdilər. Bunlar gün kimi aydın həqiqətlərdir. Belə olan vəziyyətdə qənaətimiz bu cürdür ki, demokratiya bir pərdədir, qlafdır, onu geyinib, öz siyasətlərini həyata keçirirlər. Öz geosiyasi maraqlarından çıxış edən addımlar atırlar. Niyə Paşinyana qarşı Qərb özünün əlində olan təsir mexanizmlərini antidemokratik bir lider olaraq onun yeritdiyi repressiyalar əleyhinə tətbiq etmir? Səbəb hər kəsə aydındır. Özlərinin hakimiyyətə gətirdikləri bir şəxsə qarşı belə addımların atılması məqbul sayılmır. Qərb əgər Paşinyanı hakimiyyətə gətiribsə, deməli, onun qarşısına konkret öhdəliklər qoyub. Ona görə də erməni baş nazirin repressiv maşınına qarşı heç bir addımların atılmadığının şahidi oluruq. Heç bir beynəlxalq təşkilatda bu məsələlər müzakirə olunmur, qətnamələr qəbul edilmir. Bu bir daha onun əlamətidir ki, əslində Qərb dövlətlərinin, bir çox beynəlxalq təşkilatların, xüsusilə ”Freedom House”, “Amnesty İnternational, ”Sərhədsiz Reportyorlar”, “Human Rights Watch” kimi QHT-lər var ki, özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edirlər. Bununla bir daha əsl simalarını ortaya qoydular ki, onlar nə qədər sifariş əsasında işləyirlər. Eyni zamanda onların büdcələrini formalaşdıran böyük dövlətlərin sifarişlərini yerinə yetirirlər. O dövlətlər ki, bu gün Paşinyanın həyata keçirdiyi antidemokratik, repressiv addımlara göz yumurlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157755

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930