Moskva Bəyannaməsinin müddəaları Azərbaycanın maraqlarını necə təmin edir?

25.02.2022 - 19:53

Azərbaycan dövləti hər zaman müstəqil xarici siyasət həyata keçirir və dövlət maraqlarına ən uyğun gələn şərtlərdə özünün müttəfiqlərini və tərəfdaşlarını seçir.

Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” prinsipi əsasında uzun illərdir öz iqtisadiyyatını inkişaf etdirir və buna paralel olaraq hərbi qüdrətini artırır. Bunun məntiqi davamı kimi Azərbaycanın əzələ dədə-baba torpaqları olan dağlıq qarabağ ərazisi və ona bitişik 7 rayon 2020-ci ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam etmiş Vətən müharibəsinin nəticəsində düşmənin işğalından azad edilmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü bərpa edilmişdir.

Hazırda Azərbaycan post-müharibə dövrünə qədəm qoymuşdur və işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planı yüksək dinamika ilə mərhələli şəkildə həyata keçirilir. Artıq regionda yeni geosiyasi vəziyyət yaranıb və demək olar ki bütün dünya ölkələri Azərbaycanın yaratdığı bu yeni reallıqları qəbul etmişdir.

Xüsusi ilə vurğulamaq lazımdır ki, post-müharibə dövründə Azərbaycan dövləti müharibədə əldə etdiyi şanlı qələbənin davamını danışıqlar masasında diplomatik yollar vasitəsilə əldə edir. Bilindiyi kimi, ikinci Qarabağ müharibəsinin sonlandırılması ilə əlaqədar Azərbaycan, Ermənistan və Rusiya arasında 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmış və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Bu bəyanatda əks olunan müddəaların icra edilməsi məqsədilə növbəti dövrlərdə Tərəflər arasında 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar imzalanmışdır. Adları çəkilən bəyanatlarda göstərilən müddəaların qeyd-şərtsiz icrası Ermənistan Respublikasının birbaşa öhdəliyidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti post-müharibə dövründə beynəlxalq təşkilatlarla, eləcə də qonşu ölkələrlə münasibətlərinin daha üst səviyyəyə çatdırılması istiqamətində aktiv iş aparır. Xüsusilə 2021-ci il iyun ayının 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasını qeyd etmək lazımdır. Bu Bəyannamə iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaqla yanaşı, ölkələr arasında bir çox sahələrdə geniş əməkdaşlıq perspektivləri yaradır. Bəyannamənin ən vacib xüsusiyyəti isə Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə təhdidlər olduğu halda, Türkiyə tərəfindən zəruri olan hərbi-siyasi dəstəyin göstərilməsidir və bu, öz növbəsində, Azərbaycanın müstəqilliyini möhkəmləndirir və ona əlavə zəmanətin verilməsini nəzərdə tutur.

Bununla yanaşı, qonşu Rusiya dövləti ilə münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində aktiv fəaliyyət həyata keçirilir. Azərbaycan Prezidentinin Rusiyaya sonuncu rəsmi səfəri 2018-ci ilin 1 sentyabr tarixində baş tutmuşdur və bu görüş zamanı geniş fəaliyyət spektrını əhatə edən əhəmiyyətli sənədlər imzalanmışdır. Ümumiyyətlə dövlət başçılarının rəsmi səfərlərinə hazırlıq prosesi uzun müddət çəkir. Cənab Prezidentin Rusiya Federasiyasına 21 fevral 2022-ci il tarixində etdiyi rəsmi səfəri də bu baxımdan gözlənilən idi və uzun hazırlıq prosesinin nəticəsində ölkələr arasında çox əhəmiyyətli sənədin imzalanacağı əvvəlcədən anons edilmişdi.

Belə ki, cənab İlham Əliyev 2021-ci ilin 26 noyabr tarixində məlum Soçi bəyanatının imzalanması ərəfəsində Rusiya ilə münasibətlərə toxunaraq bildirmişdir ki, Rusiya Azərbaycanın dostudur, strateji tərəfdaşıdır və hətta bundan daha artıqdır. Bundan əlavə, cənab Prezident 2021-ci ilin 31 dekabr tarixində Dünya Azərbaycanlılarına müraciəti zamanı qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə münasibətlərini dərinləşdirir və növbəti ildə (2022-ci il) Rusiya ilə münasibətlərin yeni, daha yüksək səviyyəyə qaldırılacağına inanır.

Bu istiqamətdə həyata keçirilən çoxşaxəli danışıqların nəticəsi kimi cari ilin 22 fevral tarixində Moskva şəhərində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı və hər iki dövlət arasındaki münasibətlər müttəfiqlik səviyyəsinə qaldırıldı.

Bəyannamənin müddəalarına nəzər yetirdikdə, onun ölkələr arasında bərabərtərəfli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət etdiyi aydın görünür. Sadəcə Bəyannamənin birinci maddəsinə nəzər yetirdikdə onun mövcud geosiyasi reallıqda Azərbaycan üçün əhəmiyyətini görmək olar.

Moskva Bəyannaməsi iki ölkə arasında bütün fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən önəmlisi isə iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasını, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətin göstərilməsini, bir-birinin daxili işlərinə qarışılmamasını, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiq qalınması vurğulanır.

Bu Bəyannamənin imzalanması və Rusiya ilə müttəfiqlik münasibətlərinin qurulmasının əhəmiyyəti yuxarıda qeyd olunanlardan əlavə bir neçə məqama görə olduqca yüksəkdir. Birincisi, unutmamaq lazımdır ki, Rusiya dövləti Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasında vasitəçi dövlətdir və onun rolu xüsusi əhəmiyyət kəsb edir. İkincisi, post-müharibə dövründə Ermənistanda revanşist qüvvələr baş qaldırmaq istəyir. Onların bir qismi Rusiyanı prosesə qoşmaqla revanşist niyyətlərini həyata keçirmək istəyirlər. Belə bir vəziyyətdə Moskva Bəyannaməsinin imzalanması və müttəfiqlik münasibətlərinin qurulması qeyd olunan qüvvələrin planlarını suya düşürür. Üçüncüsü isə, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət dövriyyəsi 3 mlrd. manatı ötür.

Bu baxımdan, 2022-ci il 22 fevral tarixində Moskva şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin Azərbaycan dövlətinin milli maraqlarına tam cavab verdiyini qətiyyətlə demək olar.

Mənbə: Report.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930