Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 31 il ötür

02.03.2023 - 11:00

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət etmişdir. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilmişdir. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın dövlət bayrağı qaldırılmışdır.

1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaratmışdır. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılmışdır. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurmuşdur.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynamışdır. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdir. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilmişdir.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynamışdır. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini vermişdir. Əməkdaşlığın dərinləşməsində BMT-nin baş katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak etmiş, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabrında BMT-nin “Minilliyin Sammiti”ndə çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda daim islahatların aparılmasının zəruriliyi bildirir.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməsi üçün mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. İlham Əliyev demişdir ki, BMT Təhlükəsizlik Şurasında həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, dövlətimizin başçısı bildirmişdir ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniştərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir.

Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunmuş, eləcə də doğma torpaqlarından qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir.

Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir.

2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçmişdir. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında demişdir: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olmuşdur. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında olmuşdur.

2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilmiş, qətnamələr və bəyanatlar qəbul olunmuşdur. Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət etmişdir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189265

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930