Putinin oliqarxlarının milyardları batır
Hökumət əlacı ofşor yaratmaqda görür; sanksiyaların təsiri altına düşən oliqarxların təyyarələrini istehsal edən şirkətlər onlara texniki xidmət göstərməkdən imtina etməli olacaqlar
“Bloomberg” agentliyinin hesablamalarına görə, ABŞ-ın sanksiyalar siyahısı açıqlandıqdan sonra Rusiyanın 27 varlı adamı 1 gün ərzində 16 milyard dollar itirib.
Qeyd edək ki, «Bloomberg» hər gün birjaların bağlanma saatına görə dünyanın 500 ən varlı adamının varidatını hesablayaraq reytinq tərtib edir. Aprelin 9-da bu siyahıda olan 27 Rusiya milyarderindən yalnız birinin varidatında artım qeydə alınıb, qalanı iri həcmdə vəsait itkisinə məruz qalıb.
Ən çox itkiyə “Norilskiy Nikel”in sahibi Vladimir Potanin məruz qalıb – 2,25 milyard dollar. Ondan sonra gələn “LUKoyl”un direktoru Vahid Ələkbərov 1,37 milyard dollar, “Renovo” qrupunun sahibi Viktor Vekselberq isə 1,28 milyard dollar itirib. Maraqlıdır ki, bu 3 nəfərdən yalnız V.Vekselberq sanksiya siyahısına düşüb. Adı siyahıda olan Oleq Deripaska bir günə 905 milyon dollar, iki birja günündə isə ümumilikdə 2 milyard dollardan yuxarı vəsait itkisinə məruz qalıb. Dünən məlum olub ki, İsveçrənin treyder şirkəti olan Glencore Deripaska ilə 11 illik əməkdaşlığı dayandırır. Şirkətin prezidenti Ayvan Qlazenberg “Rusal” Direktorlar Şurasının üzvlüyündən çıxıb. Glencore isə “Rusal”ın onda olan 8,75 faizlik səhmini Deripaskanın digər şirkəti olan “En+”un depozitləri ilə dəyişməkdən imtina edib.
Onu da qeyd edək ki, ABŞ-ın sanksiyaları yalnız adı orada olan şəxsləri deyil, Rusiyanın demək olar ki, bütün biznes elitasını ciddi itkilərə məruz qoymaqdadır. Xüsusilə dünya birjalarında qiymətli kağızları olan, Avropa və Qərb iqtisadiyyatına inteqrasiya etmiş şirkətlər böyük risklərlə üzləşiblər. Belə ki, xarici tərəfdaşlarda artıq onların da sanksiyalara məruz qalacağına dair rəylər formalaşdığı üçün bir çox müqavilələrin ləğv olunması, verilmiş kreditlərin vaxtından əvvəl geri tələb edilməsi prosesi sürətlənib. Xatırladaq ki, yanvarda ABŞ Maliyyə Nazirliyi Rusiyada sanksiyalarla üzləşə biləcək şəxslərin siyahısını açıqlamışdı. Həmin vaxtlar siyahıda adı olan şəxslər və onların şirkətlərinin tezliklə konkret sanksiyalara məruz qalacağı bildirilmişdi. Həmin vaxtdan etibarən xarici tərəfdaşlarla işləyən bir sıra böyük Rusiya şirkətləri, iş adamları ciddi çətinliklərlə üzləşirdilər. Məsələn, azərbaycanlı milyarder Araz Ağalarovun təyyarəsini Fransa bankının tələbi ilə ABŞ-da saxlamağa çalışmışdılar. Milyarderin verdiyi açıqlamaya görə, Fransa bankı ona vermiş olduğu kreditin vaxtından əvvəl ödənməsini tələb edib: “Biz məcbur olduq 20 milyon dolları öz cibimizdən banka vaxtından əvvəl ödəyək”. A.Ağalarovun dediyindən o da məlum olub ki, onun əsas kreditləri “Sberbank”dandır, xarici banklarda daha krediti qalmayıb. Amma aydın məsələdir ki, heç də hamı kreditlərini Rusiya banklarından götürməyib, məhsullarını yalnız Rusiyada satmır və sair. Üstəlik, başda “Sberbank” olmaqla, Rusiya banklarının özləri də sanksiyalardan ciddi zərər çəkməkdədirlər. “Vedomosti”nin yazdığına görə, məhz bu səbəbdən də qorxuya düşən biznes elita yeni sanksiyalar siyahısı açıqlanmamış xaricdə olan vəsaitlərini Rusiyaya geri çəkmək qərarına gəlib. Hətta bununla bağlı hökumətdən yardım istənilib.
Rusiyanın baş naziri Dmitri Medvedyev aprelin 9-da ABŞ-ın sanksiya siyahısına düşən şirkətlərin müdafiəsi üçün hökumətin tədbirlər hazırlayacağını vəd edib: “Bura aiddir həm metallurqlar, həm enerji sektorunda, həm də müdafiə sənayesi məhsulları ticarətində çalışan şirkətlər”. “Zərərçəkənlər”lə prezident Putinin də görüşəcəyi gözlənilir.
“Vedomosti”nin yazdığına görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi artıq ölkə ərazisində iki ofşor zonanın yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Layihənin Dumanın yaz sessiyasının müzakirəsinə çıxarılacağı gözlənilir. Məqsəd xarici ofşorlarda olan vəsaitlərin Rusiyaya qayıtmasını təmin etməkdir. Bununla da Rusiya hökuməti mümkün əlavə sanksiyalara məruz qalacaq biznes elitaya vəsaitlərini qısa müddətdə və eyni şərtlərlə təhlükəsiz əraziyə köçürmək imkanı yaratmaq istəyir. Rusiya ofşorlarının ABŞ-ın Delaver ştatındakına bənzər rejimdə fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, Rusiyanın ən ucqar ərazilərində yaradılması nəzərdə tutulan bu zonalara maraq yalnız konkret sanksiyalara məruz qalaraq vəsaitlərini qoymağa yer tapmayan şirkətlərdə yarana bilər. Onların fikrincə, ofşorlar üçün nəzərdə tutulan qaydalar bütün Rusiya ərazisinə şamil olunmalıdır ki, sanksiyalardan kənarda qalan yerli, həmçinin xarici şirkətləri də cəlb etmək mümkün olsun.
ABŞ hökumətinin ötən həftə tətbiq etdiyi sanksiyalardan sonra rusiyalı oliqarxların şəxsi təyyarələrinə təhdid yaranıb. Virtualaz.org RBC agentiyinə istinadən bildirir ki, sanksiyaların təsiri altına düşən oliqarxların əksəriyyəti ABŞ istehsalı olan “Gulfstream” və “Boeing” təyyarələri ilə uçur. İndi isə həmin təyyarələri istehsal edən şirkətlər onlara texniki xidmət göstərməkdən imtina etməli olacaqlar. Çünki bunu ABŞ-ın sanksiyalar haqda qanunu tələb edir.
Bu siyahıda yer alan dağıstanlı milyarder Süleyman Kərimov iki “Boeing 737-7BJ” və “Boeing-737-8LX” təyyarələrinə malikdir. Son sanksiyalardan sonra müflisləşmə həddinə gəlib çatan Oleq Deripaskanın isə “Gulfstream 550″ biznes-jeti var. ”Surqutnefteqaz” şirkətinin rəhbəri Vladimir Boqdanov isə “Gulfstream IV-SP” təyyarəsində uçur. Deməli “Boeing” və “Gulftream” şirkətləri bu təyyarələrə texniki xidməti dayandırmalıdır. Bunsuz isə təyyarələrin uçması mümkün olmayacaq.
Onu da qeyd edək ki, Moskva birjalarında rubl əvvəlki gün olduğu kimi dəyərsizləşməyə davam edir. Aprelin 10-da günorta saatlarınadək dolların məzənnəsi daha 3 rubl artaraq 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq 63,7 rubla çatıb. Avro isə 4 rubla yaxın bahalaşaraq 2016-cı ilin aprelindən indiyədək ilk dəfə 78,5 rubl olub.
ABŞ sanksiyaları açıqlandıqdan sonra Rusiyanın fond birjalarında da kəskin enmələr müşahidə olunub. Belə ki, Mosbirjanın indeksi 8,34 faiz, Rusiyanın əsas indeksi olan RTS isə 11,44 faiz aşağı düşüb.
Dünya SAKİT
Short URL: http://www.cumhuriyyet.net/?p=117206