Qanmaz, ədəbsiz, kobud – İsveçrə qəzeti Boris Consonu belə təqdim etdi
Boris Consonun Böyük Britaniyada hökumət başçısı seçilməsinə Avropanın təpkisi Donald Trampın hakimiyyətə gəlməsinə verilən reaksiyanı xatırladır.
“Qoca qitə”nin mətbuat orqanları ölkəsini Avropa Birliyindən çıxarmaq üçün əlindən gələni edən və indi “Breksit” prosesinə rəhbərlik etməyə hazırlaşan bu siyasətçini həzm edə bilmirlər.
Qərb mətbuatı bir çox cəhətlərinə görə britaniyalıların yeni liderini ABŞ prezidenti Donald Trampa bənzədir.
“Conson təkcə ekssentrik çıxışları ilə yadda qalan siyasətçi deyil. Onun, faktları həqiqətdən tamamilə uzaq formada çatdırmaq xasiyyəti var. Bu adam artıq uzun illərdir ki, nəinki digər britaniyalılara, hətta xarici dövlətlərin və hökumətlərin başçılarına kobudluq etməkdən çəkinmir”,-deyə İsveçrənin “Tages-Anzeiger “ qəzetinin yazısında qeyd edilir.
Yazı müəllifləri Boris Consonun məqsədinə çatmaqdan ötrü özü üçün heç bir baryer qoymadığını bildirirlər:
“Məsələn, “Breksit” üzrə keçirilən referendumdan qabaq Boris Conson Böyük Britaniyanın hər il Avropa Birliyinə 350 milyon funt (təxminən 400 milyon avro) üzvlük haqqı ödədəyini iddia edir, həmin məbləğin isə ölkənin səhiyyə və sığorta sisteminə xərclənə biləcəyini söyləyirdi. Lakin sonradan gələcək baş nazirin yalan danışdığı, göstərilən məbləğin daha az olduğu, həmin pulun isə böyük bir hissəsinin zatən yenidən Birlik tərəfindən müxtəlif sərmayələr formasında ada dövlətinə geri verildiyi ortaya çıxıb”,-deyə məqalədə göstərilir.
“Breksit” üzrə kampaniya zamanı B.Conson Avropa İttifaqını “dövlətüstü” quruma çevrilməkdə ittiham edərək onu Napoleon və Hitlerə bənzətmişdi. Onun sözlərinə görə, Brüssel məmurlarının əsl hədəfi bütün Avropanın hakimi olmaqdır.
Boris Conson yerli leyborist siyasətçilərə yönəlik sərt, hətta təhqiramiz ifadə və bənzətmələrlə yadda qalıb. Məsələn, o, keçmiş baş nazir Toni Blerin Afrikaya rəsmi ziyarətindən qabaq onu bir-birinin ətini yeyən “qara qitə qəbilə başçılarının üzünə gülümsədiyi ağ boss” adlandırmışdı.
Maraqlıdır ki, davranış və siyasi üslubdakı bənzərliklərə rəğmən Boris Conson Donald Trampa da söz ilişdirməyi bacarıb.
“Vaxtilə ABŞ prezidenti Londonu təhlükəli şəhər adlandırdıqda, Conson onun “sarsaqladığını” deyib. Britaniyalı siyasətçi hətta Trampla qarşılaşmamaq naminə Nyu-Yorkun bəzi rayonlarından uzaq durduğunu söyləmişdi”, -deyə Tages-Anzeyger Britaniyanın hazırkı liderinin sözlərini yada salıb. (Musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=130287