Türkiyə siyasətinin “asiləri” – Ərdoğan onları bağışlayacaqmı?

02.08.2019 - 11:57

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu növbəti dəfə hələlik formal da olsa, üzvü olduğu hakimiyyəti tənqid edib. “Financial Times” qəzetinə müsahibə verən sabiq baş nazir deyib ki, AKP bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verib, lakin indi son 3 ildə bu dəyərlər gözardı edilir. Eyni zamanda prezident üsul-idarəsini tənqid edən Davudoğlu hazırkı prezident Ərdoğanın əlində toplanan gücün Türkiyənin “təməl strukturlarına zərər verdiyini” və ölkədəki siyasi qurumları zəiflətməkdə olduğunu bildirib.

Hələ də AKP üzvü olaraq qaldığını xatırladan keçmiş baş nazir partiyada islahatların həyata keçirilməsi üçün üzərində öhdəlik hiss etdiyini, ancaq bu mövzuda çox da ümidli olmadığını əlavə edib. Keçmiş baş nazir yeni partiya quracağı xəbərləri ilə bağlı danışıb, ancaq təqvim verməyib.

2016-cı ildə ehtimallara görə, AKP daxilindəki fikir ayrılıqları və prezident Ərdoğanla aralarında yaranmış etimadsızlıqdan sonra istefaya göndərilən Əhməd Davudoğlu 2007-ci ildən AKP-nin xarici siyasət strateqi olub. AKP-nin yarandığı ilk günlərdən Ərdoğanın xarici siyasət üzrə məsləhətçisi olan Davudoğlu daha sonra Ankaraya dəvət olunub, müşavir və ardınca xarici işlər naziri təyin olunub. 2014-cü ildə isə Ərdoğanın prezident seçilməsindən sonra baş nazir təyin olunub. Lakin 2016-cı ildə isə parlament seçkilərindən 6 ay sonra Davudoğlu vəzifədən uzaqlaşdırılıb və yenidən İstanbula geri dönüb. Bu dövrdən sonra Əhməd Davudoğlu mediada az-az görünüb, bir neçə dəfə müsahibə verib. Lakin bu ilin aprelində Davudoğlu hakim partiyanı sərt şəkildə tənqid edib.

Geniş bir yazılı açıqlama ilə çıxış edən sabiq baş nazir AKP-də gedən siyasi dəyişiklikləri və partiyanın millətçilərlə ittifaqa girməsini qınayıb, eləcə də partiya daxilində avtoritarizmin güclənməsindən şikayətlənib. Prezident Ərdoğana ictimai çağırış edən Davudoğlu partiyanın iqtisadi siyasətini, media məhdudiyyətlərini tənqid edib və deyib ki, bu qurum ölkədə güc və institutların parçalanmasına gətirib çıxarıb.

Məlum olduğu kimi, Davudoğlunun adı keçmiş prezident Abdulla Gül və baş nazirin sabiq müavini Əli Babacanla birlikdə hallanır. Türkiyə mətbuatının yazdığına görə, ötən ay AKP-dən istefa verən Babacan bu ilin payızında yeni partiya yaradacaq. A.Gül isə Babacana dəstək verəcək. Davudoğlunun isə adı bu iki nəfərlə hallansa da, medianın yazdığına görə, sabiq baş nazir müstəqil hərəkət edir və onun yaxın illərdə yeni partiya qurması gözlənilsə də, Babacanla birləşməyəcəyi, amma partiya ittifaqı qura biləcəyi ehtimal olunur.

Bir sözlə, hazırda bu 3 nəfər AKP-nin “asiləri” hesab olunur. Yeri gəlmişkən, daha bir neçə məşhur AKP üzvünün də partiyadan ayrılması gözlənilsə də, prezident Ərdoğan bu şəxslərlə görüşüb və iddialara əsasən, onların bir qismini AKP-də qalmağa razı salıb. Onlardan biri də Bülənt Arıncdır. Ərdoğan Arıncı yeni qurulan Məsləhət Şurasının üzvü təyin edib.

Ancaq indi bütün nəzərlər Ərdoğanın üzərindədir. Çünki aydın məsələdir ki, həm Davudoğlunun AKP-yə yönəlmiş tənqidləri, həm də Babacanın istefa ərizəsi və partiya yaratmaqla bağlı fəaliyyəti AKP-yə zərbə olacaq. Üstəlik, mətbuatın yazdığına görə, Babacanın yeni partiyasına AKP-dən bir sıra nüfuzlu şəxslər, o cümlədən deputatlar gedə bilər. Bu isə hakim partiya üçün ağır zərbə olacaq. Belə vəziyyətdə Ərdoğanın səssiz qalması, müqavimət göstərməməsi inandırıcı deyil.

Türkiyənin tanınmış köşə yazarı, AKP kulislərinə yaxın hesab olunan Əbdülqadir Selvi prezident Ərdoğanın Davudoğlu və Babacana qarşı “qılıncını sıyırdığını” yazıb. Ərdoğan partiya toplantılarının birində “bu cür xəyanət içərisində olanların əvəzini ağır şəkildə ödəyəcəklərini” deyib. O da ehtimal olunur ki, AKP rəhbərliyi məhz Qurban bayramından sonra “asilərə” qarşı hərəkətə keçəcək. Ehtimal olunur ki, hakimiyyət bu şəxslərin ictimai nüfuzunun zədələnməsi, əsasən də öz doğulduqları bölgədə etirazlarla qarşılanması, eləcə də keçmişdə olan ittihamların yenidən gündəmə gəlməsi mümkündür. Xatırladaq ki, Babacanın AKP rəhbərliyinə müraciətindən dərhal sonra keçmiş işçisi tərəfindən prokurorluğa şikayət olunmuşdu.

Türkiyəni 17 ildir idarə edən AKP liderinin hakim partiyanı faktiki olaraq bölməyə hazırlaşan “asi” qrupa qarşı səssiz qalmayacağı məlum idi. Belə görünür ki, prezident məhz Qurban bayramını seçib. Çünki bayramdan sonra sentyabra az qalır, sentyabrda isə Babacan yeni partiyasını elan edə bilər…(Yeni Musavat)

Short URL: http://www.cumhuriyyet.net/?p=131255

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930