Azərbaycan Kəşmirlə bağlı fövqəladə toplantıya çağırıldı – Bakının mövqeyi nədir?

08.08.2019 - 11:14

Fərəc Quliyev: “Kəşmiri Dağlıq Qarabağla müqayisə etmək olmaz”; Elçin Mirzəbəyli: “Yaranmış vəziyyət kifayət qədər ciddi və təhlükəlidir”

Hindistan prezidenti Ram Nat Kovind Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, parlamentin 366 deputatı təşəbbüsün lehinə, 66-sı isə əleyhinə səs verib.  İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

İclasda Pakistan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkiyə və digər üzv dövlətlərin nümayəndələri iştirak edəcək.

Azərbaycanın bu məsələdə nə cür mövqe sərgiləməsi ciddi müzakirə olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a bunları deyib: “Sizin gündəmə gətirdiyiniz və qoyduğunuz sual çox maraqlıdır. Bu Azərbaycanın maraqları baxımından xeyli dərəcədə mürəkkəb və məsuliyyətli bir məsələdir. Ölkəmizdə baş verən proseslər, dünyanın buna baxışı bizim üçün çox önəmlidir. Bizim bölgə həddindən artıq mürəkkəb bölgədir. Kəşmir də çox mürəkkəb bölgədə yerləşir. Əvvəllər Monqol imperiyasının tərkibində olub. Hindistan və Pakistan yaranandan sonra bura mübahisəli ərazi kimi götürülüb. Ötən əsrin 50-ci illərində qərar veriblər ki, ştat şəklində Hindistana daxil olsunlar. İndi bunun ştat şəklində ləğv edilməsi həmin qərarın qüvvədən düşməsi anlamına gəlir. Belə olan halda Hindistan və Pakistan arasında münaqişə yenidən alovlana bilər. Kəşmiri Dağlıq Qarabağla müqayisə etmək olmaz. Çünki Azərbaycan unitar dövlətdir. Adını münaqişə qoysalar da, bizdəki əslində müharibədir. Azərbaycana hücum olunub, ərazilərimiz işğal edilib. Lakin ona istinad edə bilərik ki, 1972-ci ildə BMT-nin iştirakı ilə bu ərazinin bölünməsi üçün Hindistan-Pakistan danışıqlarındakı ərazi bütövlüyünü, beynəlxalq konvensiyaları tanıyırıq. Amma başqa cür mövqe nümayiş etdirsək, Kəşmirin  hara aid olduğunu qeyd etsək, bu bizim tərəfdən qanamayan yerdən qan çıxarmaq kimi bir şeydir. Amma bütün hallarda Azərbaycanın unitar dövlət olması nəzərə alınmalıdır”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli vəziyyətin kifayət qədər gərgin olduğunu düşünür: “Kəşmir problemi kifayət qədər ziddiyyətli və beynəlxalq hüquqda birmənalı həlli mexanizmləri olmayan bir problemdir. Hindistanın 1956-cı ildə qəbul edilmiş inzibati ərazi bölgüsünə uyğun olaraq Kəşmirin bu ölkənin sərhədləri çərçivəsində olan ərazilərinə ştat statusu verilib. Hindistan ştatları öz qanunvericilik orqanlarına və nazirlər kabinetinə malikdir ki, bu da Kəşmirdə yaşayan müsəlmanların ştatın idarə olunmasında iştirakını təmin edirdi. Kəşmirin statusunun ləğvindən sonra bu ərazi federal orqanlara tabe etdiriləcək və mərkəzdən idarə olunacaq. Bu isə Kəşmirdə mütləq çoxluq təşkil edən müsəlmanların idarəçilikdən kənarda qalması deməkdir. Hindistan bu addımı atmaqla bir daha Kəşmirin mübahisəli ərazi olmadığını və Hindistana məxsus olduğunu vurğulamağa çalışıb. Məlum olduğu kimi, Kəşmir ərazisinin 2169 kvadrat kilometri Pakistanın nəzarətindədir. Azad Kəşmir adlanan bu ərazinin dövlət statusu, hətta formal olsa da belə öz ordusu var. Hindistan-Çin müharibəsindən sonra 1962-ci ildə Pakistanla Çin arasında sərhədlərin demarkasiyası ilə bağlı müqavilə imzalanıb. Kəşmirin bir hissəsi üzərində nəzarət Pakistan üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu ərazi Hindistanın birbaşa Mərkəzi Asiya bölgəsinə çıxışını məhdudlaşdırır, Pakistana isə müttəfiqi Çinlə ümumi sərhədlərinin olmasına imkan verir. Qeyd edim ki, bu müttəfiqlik Pakistana heç də ucuz başa gəlməyib. Demarkasiya nəticəsində Pakistanın nəzarətində olan, Hindistanın isə öz ərazisi hesab etdiyi Şaksqam vadisi Çinin nəzarətinə keçib. Bundan əlavə, Çin Kəşmirin bir hissəsi sayılan Aksayçin adlanan ərazini də 1950-ci ildə özünə birləşdirib. Cəmmu və Kəşmir ştatına verilən xüsusi statusun ləğvinin əsas səbəblərindən biri də Hindistanda aşırı millətçi ”Bxarata canata parti”nin parlament çoxluğunu ələ keçirməsidir. Bəs Hindistanın bu qərarından sonra hansı hadisələrin baş verməsi gözlənilir?

Eyni addım Pakistan tərəfindən də atıla bilər. Yəni Pakistan Kəşmirin nəzarətində olan 2169 kvadrat kilometr ərazini federal strukturlara tabe etdirə və bölgənin statusunu ləğv edə bilər. Qeyd edim ki, münaqişənin həlli ilə bağlı BMT tərəfindən təklif edilən və müzakirə olunan həll variantlarından biri də Azad Kəşmirin Pakistana, Cəmmu-Kəşmirin isə Hindistana aid olduğunun tanınmasıdır. Kəşmirin Hindistanın sərhədləri çərçivəsindəki hissəsinə daxil olan ərazisində yaşayan müsəlman çoxluğun etirazlarının güclənməsi və silahlı qarşıdurmaya çevrilməsi ehtimalı da az deyil. Əslində yaranmış vəziyyət kifayət qədər ciddi və təhlükəlidir. Hindistan da, Pakistan da nüvə dövlətidir. Bu, çəkindirici faktor rolunu oynayır. Amma qarşıdurmanın öz məcrasından çıxmayacağına və nüvə silahından istifadə olunmayacağına da heç kim zəmanət verə bilməz. Azərbaycanın bu məsələyə münasibətinə gəldikdə isə ölkəmiz hər zaman olduğu kimi beynəlxalq hüququn prinsiplərindən və öz maraqlarından çıxış etməlidir. Münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının 47 saylı qətnaməsi var. Doğrudur, bu qətnaməyə tərəflərdən heç biri əməl etmir və qətnamənin tələbləri məcburi xarakter daşımadığı üçün də təsir gücünə malik deyil. Amma buna baxmayaraq, BMT TŞ-nin 47 saylı qətnaməsi münaqişənin həllində beynəlxalq statusu olan əsas sənəd sayılır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131860

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031