Moskvadan gələn zənglə oyanan Əli Həsənov: 25 ildir…

15.07.2020 - 22:52

Ermənistanla sərhəddə baş verənlər və bir qəhrəman generalımız başda olmaqla ard-arda gələn şəhid xəbərləri Bakıda və ölkənin bir çox digər bölgələrində Ordumuza dəstək məqsədilə kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Və təbii ki, paytaxtda keçirilən aksiya kütləviliyi və gərginliyi ilə daha çox seçildi. 

Bu son hadisələr cəmiyyət olaraq son 30 ilə yaxın müddətdə az qala mənəviyyatımızı, qürurumuzu şikəst etmiş Qarabağın işğalının yaratdığı hiddəti, qəzəbi demək olar pik həddə çatdırdı ki, bu da özünü dünənki aksiyada biruzə verdi. Ona görə də həmin aksiyaya ilk növbədə düşmənə qarşı bu hislərin yaratdığı axının təzahürü kimi baxmaq lazımdır. Sadəcə, belə məqamlarda kütləvi aksiyaların idarə olunan hala gətirilməsi və düzgün istiqamətləndirilməsi zərurəti meydana çıxır. Bu missiyanı isə toplumun inandığı, hörmət etdiyi, etimad göstərdiyi şəxsiyyətlər – ziyalılar, söz adamları, siyasətçilər və s. öz üzərinə götürməlidirlər.

Elə dünənki aksiya ilə bağlı da ən çox danışılan və tənqid edilən məqamlardan biri insanların qarşısına çıxıb, vəziyyəti izah edən, ortaya aydın, hər kəsin qəbul etdiyi və hesablaşdığı mövqe qoyan, emosiyaları düzgün istiqamətə yönləndirən bircə nəfər ziyalının, ictimai xadimin, siyasətçinin olmamasıdır. Bu tənqidlərlə razılaşmamaq mümkün deyil, çünki doğrudan da belə məqamlarda ziyalılara, milli aydınlara böyük ehtiyac yaranır.

Lakin bu tənqidi səsləndirənlərin arasında 25 il(!) Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş və Prezidentin köməkçisi vəzifəsini tutmuş Əli Həsənovun xüsusilə seçilməsi isə, yumşaq desək, təəccüb doğurdu. PA-nın sabiq şöbə müdiri dünənki aksiya ilə bağlı özünün feysbuk səhifəsində yazır: “Təəssüflə qeyd etməyi özümə mən də borc bilirəm ki, dünənki kortəbii yürüşlərin hansısa formada nizama salınması istiqamətində hər hansı bir ictimai təşəbbüsə rast gəlmədik, hörmətli ziyalılarımızı, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı…”

Bunu Azərbaycanda son 25 ilə yaxın müddətdə ictimai-siyasi mühitin, siyasi münasibətlər sisteminin, vətəndaş cəmiyyətinin, dövlət-vətəndaş münasibətlərinin formalaşmasında birbaşa rolu və iştirakı, özü də çox aktiv iştirakı olan şəxs deyir.

Əslində, ictimai təşəbbüsün olmamasından, ziyalı, millət vəkili, ictimai xadim missiyasını, məsuliyyətini öz üzərinə götürən şəxslərin meydanda görünməməsindən gileylənməyə mənəvi haqqı çatan bəlkə də ən sonuncu, daha doğrusu sondan ikinci (Ramiz Mehdiyevdən sonra-red.) şəxs məhz Əli Həsənov sayıla bilər. Çünki bu gün onun özünün sadaladığı keyfiyyətlərə gerçəkdən də sahib olacaq kimlərinsə ortalıqda görünməməsi və demək olar ki, heç yerli-dibli olmaması da məhz onun və Ramiz Mehdiyevin başında durduqları “köhnə qvardiya”nın ən böyük “uğuru”dur.

Hörmətli Əli müəllimdən soruşan lazımdır ki, Siz və sizlər ölkədə sözün əsl mənasında mətbuat, qeyri-hökumət təşkilatı, ziyalı, ictimai xadim, millət vəkili adlandıracağımız nəsə, kimsə qoymusunuzmu? Əsl ziyalı adına iddialı olanların bir çoxunu ən xırda vintcikləri də məddahlıq, yalan, saxtakarlıqla “yağlanan” “aparat”ınızdan keçirib, süstəlmiş, biganə, məsuliyyətsiz və artıq bu xalqa heç nə verə bilməyəcək gözükölgəli, əliəyri və içi boş bir zümrənin sıravi nümayəndələrinə çevirməmisinizmi? Az-çox savadı, siyasi biliyi, vətənpərvərliyi olan və bir zamanlar gələcəyi ümid vəd edən siyasətçiləri, ziyalıları, jurnalistləri ya müxtəlif yollarla ələ alıb, şirnikləndirib, ya da “qova-qova namərd edib”, sonra da siyasi meyidə döndərib, “leşlərini” ortaya atmadınızmı? Onlarmı çıxacaqdı dünən camaatın qabağına?!

Bəs YAP-dan niyə kimsə çıxıb idarə etmədi kütləni? Axı məntiqlə, dünən meydana çıxanların ən azı üçdə biri məhz YAP-ın üzvü idi! Bəlkə məhz sizin “kəşf edib” YAP-a və Milli Məclisə “pərçimlədiyiniz” Elman Nəsirov olmalıydı dünən meydanda? Heç olmasa “əyilə-əyilə” olsa da.

Yoxsa, öz kəndində adına 12 səs yazıb, parlament seçkilərində Allah bilir kiməsə uduzdurduğunuz, ardınca isə sıradan məddaha çevirib xalqın gözündən tamam saldığınız yazıçı Anar çıxa bilərdi o aksiyaçıların qabağına?

Nəhayət, bəs siz özünüz niyə çıxmadınız xalqın qabağına?

Ziyalı axtarmırsınız? Ziyalının biri elə siz – tarix elmləri doktoru, professor, kafedra müdiri… 25 il PA-da şöbə müdiri. Sizin kimi əli-ayağı təmiz, saxtakarlıqdan uzaq, həqiqət carçısı, xalqa ürəyi yanan ziyalı nədən kənarda durdu, anlamaq olmur. İnanırıq ki, əgər dünən həmin izdihamın qarşısına çıxsaydınız, xalq sizi “böyük sevinc və rəğbətlə” qarşılayar, tövsiyələrinizə əməl edərdi…

Əli Həsənovun “ürək yanğısı” ilə qələmə aldığı həmin status “Həlledici məqamlarda öz dövlətinin ətrafında sıx birləşən xalqlar qalib gəlir!” fikri ilə başlayır. Demək istəyir ki, indi bizdə bu birlik mövcud deyil. Elə isə, sual olunur: İndiyə qədər kimlər mane olub xalqla dövlətin birliyinin yaranmasına? Bəlkə tez-tez təkrarladığınız və əsas hədəf kimi göstərdiyiniz “5-ci kolon”? Bir zamanlar “5-ci kolon”u gah Qərbə, gah Şərqə, gah Cənuba bağlayanların səsi indi hardan gəlir? AMEA-dan! Və məlum olur ki, əsl “5-ci kolon” elə onların özləri və ətraflarıdır…

“5-ci kolon”dan söz düşmüşkən, sabiq PA rəsmisinin statusundan belə bəlli olur ki, az qala bütün ölkənin ayaqda olduğu dünənki gecə Əli Həsənov yatırmış! Və onu Moskvadan gələn zəng oyadıb: “Dünən gecə Moskvada yaşayan çoxdan tanıdığım bir jurnalist dostumun zəngi məni yuxudan oyatdı. Onun birinci sualı belə oldu: “Əli, sizdə Bakıda yenə nə baş verir, deyəsən ermənilər Tovuza top atıb, paytaxt camaatını oyadıb, küçələrə töküb””. Belə çıxır ki, Bakıda nə baş verdiyini Moskvadan gələn zənglə öyrənibmiş Əli müəllim, yoxsa yatmazmış, gözünə yuxu getməzmiş!… Və göründüyü kimi, yenə də Moskva! Yəqin elə yüksək vəzifədə olduğu 25 ili də Moskvadan gələn zənglərlə oyanıb cənab Həsənov. 

Elə belə də davam edin və necə deyərlər, “işarəni dənizdən gözləyin”, Əli müəllim!

Cəlal Məmmədov

“AzPolitika.info”

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=150043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31