Torpaqlar işğal olunanda, Xocalı soyqırımı baş verəndə niyə susdular?

03.10.2020 - 10:57

Politoloqlar indiki şəraitdə 11 dövlətin iştirakı ilə Minsk Konfransının çağırılmasını mümkün saymırlar

Britaniyanın tanınmış eksperti, “Qara və bağ” kitabının müəllifi Tomas de Vaal qeyd edib ki, Dağlıq Qarabağ nizamlanması üzrə təcili 11 dövlətin iştirakı ilə Minsk Konfransı çağırılmalıdır. Tomas de Vaal qeyd edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunandan sonra ən ağır toqquşmalar sentyabrın 27-də başlanıb. Onun fikrincə, təcili konfrans çağırılmalı və danışıqlar aparılmalıdır.

Bəs britaniyalı ekspertin təklifi nə dərəcə mümkündür? Və əgər qeyd edilən konfrans baş tutarsa, nəticəsi olacaqmı?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: “Əksər müşahidəçilər belə hesab edirlər ki, ermənilərin destruktiv mövqeyi ucbatından Qarabağ dair hər hansı danışıqlar effekt verməyəcək. Ona görə də indiki zamanda müharibənin qarşısı alınmamalıdır  və çalışmaq lazımdır ki, müharibədə mülki vətəndaşlara və obyektlərə ziyan vurulmasın. Beynəlxalq hüquq normaları, BMT-nin qətnamələri Azərbaycanın yanındadır və çalışmaq lazımdır ki, Azərbaycan bu problemi özü istədiyi kimi həll etsin. Hər hansı təşəbbüslər yenə də bu məsələnin həlli yolunda sədlər yaradacaq.

Qarabağa dair çoxlu sayda danışıqlar aparılır. Bu danışıqlar əsasən daha çox xristian mənşəli ölkələrin aparıcılığı və öndərliyi ilə aparılır və lazimi effekt vermir. Çünki hələ də danışıqlarda Ermənistanın təcavüzkar olduğu, üçüncü bir dövlətin köməkliyi ilə Azərbaycanın torpaqlarını işğal etdiyi və təcavüzkar ölkə ilə davranmaq haqda heç bir norma işlənib, hazırlanmayıb. Hələ də  təcavüzkarla təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsi qoyulur. Bunun da nəticəsində nəticəsiz danışıqlar aparılır. Bir çox hallarda danışıqlar imitasiya xarakter daşıyır”.

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli

Qabil Hüseynli qeyd edib ki, indiki halda  xristian Ermənistan dövlətinin məğlub olduğunu və Azərbaycanın öz torpağını azad etdiyini görən ölkələr təşviş içərisindədir və Azərbaycanı dayandırmaq istəyirlər: “Buna görə də torpaqlarımız son qarışına qədər azad edilməyincə hər hansı danışıqlara getmək faydasızdır. Onlar nə istəyirlər danışsınlar, əhəmiyyət vermək lazım deyil. Çünki bizim torpaqlar işğal olunanda, Xocalı soyqırımı  baş verəndə onlar susmuşdular. Bəs indi necə olur ki, indi bizə məsləhət vermək fikrinə düşüblər?  Onlar çəkilsinlər kənara öz işləri ilə məşğul olsunlar, bizim işimizə qarışmasınlar, təcavüzkara dəstək, yardım verməsinlər. Bu zaman hər şey öz yerinə, qaydasına düşəcək. Ermənilər onda daha konstruktiv, danışıqlara meylli olacaq. İndiki şəraitdə hər hansı danışıqlar Ermənistan üçün yararlı olacaq. Ümumiyyətlə isə Azərbaycanın torpaqlarının bütövlüyü məsələsində hər hansı tərəddüd göstərən ölkələrin məsləhətinə ehtiyac yoxdur”.

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov da qeyd etdi ki, indiki şəraitdə hər hansı danışıqlar mümkün deyil: “Əslində Tomas de Vaalın qeyd etdiyi danışıqlar mümkündür, amma indiki şəraitdə daha yox. Xatırlayırsınızsa, İlham Əliyev də bir müddət bundan əvvəl öz çıxışında qeyd etdi ki, Minsk Qrupunun həmsədrləri bu prosesə maraq göstərməli, fəaliyyətsizliyə son qoymalıdırlar. Söhbət diplomatik fəaliyyətsizlikdən gedir. Bu nə vaxt baş verdi? O vaxt baş verdi ki, sülhü qorumaq üçün imkanlar var idi. Amma ermənilər əvvəlcə 12 iyulda təxribat törətdilər. Özü də bunu elə bir bölgədə etdilər ki, onun Qarabağ bölgəsinə aidiyyəti yoxdur. Daha sonra da 27 sentyabrda səhər tezdən Azərbaycan ərazisinə, dinc əhalinin yaşadığı yerlərə atəş açmağa başladılar. Nəticədə Azərbaycan əks hücuma keçməli oldu.

Əlbəttə ki, Tomas de Vaal bu prosesi bilir. Bu haqda kitab yazıb, tərəflər ilə görüşüb. Həmçinin Mişel Sarkisyanın etiraflarını eşidib ki, ermənilər Xocalıda faciə törədiblər  və bununla da Azərbaycana bildirmək istəyiblər ki, onlar zarafat etmir, azərbaycanlı uşaqların, qadınların, qocalarının qanını tökməyə hazırdırlar və bunu da etdilər. Ona görə də düşünürəm ki, bu gecikmiş çağırış idi. Bunu əvvəlcədən etməli idi. Madam ki, Azərbaycan məcburən əks hücuma keçdi və öz torpaqlarını işğaldan azad etməyə başlayıb, bu haqda qərar verib, indi bu danışıqlar alınan iş deyil. Əksinə, cavab gözləsin ki, bu haqlı əməliyyatımız başa çatsın, bəlkə ondan sonra 11 dövlətin  iştirakı ilə konfrans keçirilsin və Ermənistana bir qədər ağıl versinlər ki, niyə o, bu bölgədə özünü apara bilmir, təxribatçı dövlət siyasəti yürüdür. Beləliklə də özü cəhənnəm, başqa ölkələrin də həyatına, ovqatına niyə haram qatır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155305

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031