Azərbaycan və Türkiyə bədxahların çarpaz hədəfində

20.11.2020 - 10:06

“İt hürər, karvan keçər”…

Azərbaycan və Türkiyənin bir yerdə olması bir sıra dövlətlərin yuxusunu ərşə çəkib. Fransanın ardınca indi də Niderland iki qardaş ölkəni birlikdə hədəfə alır. Son olaraq, Niderland parlamentinin rəsmi Bakı və Ankaranın əleyhinə qəbul etdiyi qərar bunu deməyə əsas verir.

Qeyd edək ki, son illərdə Azərbaycan və Türkiyə diplomatiya sahəsində də vahid mövqedən çıxış edirlər. Misal olaraq, sentyabrın əvvəllərində dövlət başçısı İlham Əliyevin yunan səfirinin etimadnaməsini qəbul edərkən sərgilədiyi mövqeyi göstərmək kifayət edir. Azərbaycan prezidenti həmin günlərdə Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində yaşanan gərginlikdən danışmış və bütün hallarda qardaş dövlətin yanında olduğumuzu bəyan etmişdi. Bunun ardınca Türkiyənin 44 günlük Vətən müharibəsinin hər günündə Azərbaycana həm də diplomatik sahədə verdiyi tam dəstək, bu dəstəyin bu gün də davam etməsini Fransa, Niderland kimi ölkələr həzm edə bilmir. Amma necə deyərlər, “it hürər, karvan keçər”…

Bu birliyin bundan sonra da davam edəcəyinə heç kimdə şübhə yeri yoxdur. Azərbaycan və Türkiyə bundan sonra bədxahlarını məyus edəcəklər, yerlərində otuzduracaqlar. Eyni zamanda ermənipərəst ölkələrin bu cür təzyiqlərinin davam edəcəyi istisna deyil. Bunun üçün də rəsmi Ankara və Bakının belə təzyiqlərə hər zaman hazır olmalarının vacibliyi vurğulanır.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə bu cür şərh verdi: “27 sentyabrdan sonra bir sıra dövlətlərin, siyasətçilərin indiyədək gizlətməyə çalışdığı mövqeləri açıq deməyə məcbur olmasının şahidi olduq. Hədəf Türkiyə və Azərbaycan oldu. Amma əsas hücumun Türkiyəyə qarşı olmasını gördük. Burada bir neçə amil əsas rol oynadı. Etiraf etməsələr də, onlar gözəl bilirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq normalara söykənərək müharibə aparır. Eyni zamanda müharibə ilə paralel olaraq Prezident İlham Əliyevin demək olar ki , hər gün dünyanın nüfuzlu media qurumlarına verdiyi müsahibələrində yaratdığı effektlər də onları açıq şəkildə Azərbaycanın üzərinə gəlməkdən çəkindirirdi. Ona görə də Türkiyə üzərindən bu təbliğatı aparmaq qərarına gəlmişdilər. Azərbaycan tərəfindən guya terroristlərin döyüşməsi ittihamından başqa bir söz tapa bilmədilər. Onu da bu günə kimi ortaya fakt qoymaqla sübut edə bilməyiblər . Həmin qüvvələrin belə aktivləşməsini təkcə Qarabağ konflikti ilə əlaqələndirmək istəməzdim. Hadisələrə daha geniş baxmaq lazımdır. Doğrudur, lobbilərin təsiri altında erməniləri müdafiə edən siyasətçilər, hətta dövlətlər var. Lakin son illər Türkiyənin güclənməsini, regionda və dünyada söz sahibinə çevirilməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyənlərin sayı da az deyil. Baxın, bir neçə il əvvəl onların ağıllarına gəlməzdi ki, Türkiyə heç kimlə məsləhətləşmədən Suriyada, Liviyada öz mövcudluğunu təsdiq edəcək, hərbi sahədə uğurlar qazanacaq, ordusunu XXI əsrin ordusu səviyyəsinə qaldırmaq üçün çox böyük işlər görəcək. Budur qıcıq yaradan. Azərbaycan və Türkiyənin tez-tez ”iki dövlət, bir millət” ifadəsini işlətməsi isə onları həmişə çox narahat edib. Belə düşünürəm ki, hazırda bu birliyin üzərinə gələnlərin bir hissəsi bunu erməni təəssübkeşliyindən edirsə, çoxu Türkiyə və Azərbaycanın birgə olmasından, güclənməsindən narahat olaraq edir. Amma eyni zamanda fikir versək görərik ki, Yunanıstan və Kipr, Fransa istisna olmaqla, bizim və Türkiyənin üstünə gələnlər məlum dövlətlərin hakimiyyəti, aparıcı siyasi partiyaları deyil.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev

Öz ölkələrində nüfuzu aşağı olan kiçik millətçi kəsimin dəstəklədiyi siyasətçilərdir. Amma ola bilsin ki, hakimiyyətlər içində onları gizli dəstəkləyənlər də var. İstənilən halda bu da o anlama gəlir ki, dünyada bəzi siyasi güc mərkəzləri, hakimiyyətlər reallıqla barışaraq hətta ürəklərincə olmasa belə açıq şəkildə Türkiyə və Azərbaycana qarşı neqativ mövqe nümayiş etdirməkdən çəkinirlər. Ortada iqtisadi əlaqələrin bugünkü və perspektivdə olacaq səviyyəsi də bu arada mühüm rol oynayır. Ümumiyyətlə, Türkiyə uzun illərdir ki, diplomatik sahədə uğurlu işlər görməklə yadda qalıb. Çox istərdim Azərbaycan da bu sahədə ciddi işlərə nail olsun. 44 günlük Vətən müharibəmizdə dövlətimizin diplomatik uğurları ciddi oldu. Amma etiraf etmək lazımdır ki, bu sahədə uğur konkret iki nəfərin, Prezident İlham Əliyevin və köməkçisi Hikmət Hacıyevin sayəsində qazanıldı. Təəssüflə demək istəyirəm ki, Xarici İşlər Nazirliyinin bu sahədə ciddi, effektli fəaliyyətinin şahidi olmadıq. Təcrübə bir daha göstərdi ki, istər müharibə, istərsə də dinc dövrdə ölkənin hərbi gücü ilə paralel olaraq diplomatiyası da ən azı eyni şəkildə güclü olmalıdır. Ona görə də bu sahədə də islahatların olması vacibdir”.

FUAD ƏLİYEV namizədləri DEBATa dəvət etdi - VİDEO

Fuad Əliyev

ALDP rəhbəri Fuad Əliyev belə təzyiqləri əsassız görmür: “Qarabağ məsələsində bizim ordumuz öz sözünü dedi. İndi diplomatlarımız ”vuruşmalıdırlar”. “Ermənilərin bu təbliğat mexanizmi çox güclüdür” deyənlərə diplomatlar öz fəaliyyəti ilə sübut etməlidirlər ki, bu mifdir. Necə ki, bizim ordumuz erməni ordusunun mifini darmadağın etdi. Amma mən hesab etmirəm ki, bu ölkələrlə münasibətləri dondurmalıyıq. Əksinə, hesab edirəm ki, bizə mənfi mövqedə olan ölkələrlə işimizi daha da gücləndirməliyik. Bizim bir düşmənimiz var, o da Ermənistandır. Biz çalışmalıyıq ki, düşmənin dostunu özümüzə dost edək, özümüzə yaxınlaşdıraq. Onlara ermənilərlə bağlı müsbət fikirlərin yanlış olduğunu sübut edək. Bununla da biz onları neytrallaşdıra bilərik. XİN-ə yeni rəhbərlik gələndən sonra bu istiqamətdə tam olmasa da,  bir az irəliləyiş olunub. Artıq müharibə qələbəmizlə bitib. İndi kadrların deyişməsinin vaxtı gəlib. Kim indiki situasiyanın tələblərinə cavab vermirsə, işdən çıxmalıdır. İkinci Qarabağ-Vətən müharibəsi zamanı bizə dəstək verən ölkələr oldu. Xüsusilə qardaş Türkiyənin mənəvi dəstəyini, siyasi meydanda bizi tək qoymamağını qeyd etmək istəyirəm. Türkiyə sübut etdi ki, təkcə regionda yox, dünyada da nüfuz sahibidir. Bu nüfuzun artmasını, Suriya və xüsusilə Qarabağ məsələsində Rusiya ilə yaxınlaşmasını görən bədxahlar Türkiyəni hədəf seçiblər. Fikir vermisizsə, müharibə başlayan gündən bir neçə ölkədə Azərbaycan və Türkiyə səfirləri birgə mətbuat konfransları təşkil edirdilər. Bu da həmin bədxahları qıcıqlandırırdı. Bunlar bizim qardaş olduğumuzu qəbul etmədiklərinə görə bizlərə belə “hücumlar” təşkil edirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157507

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30