İrandan Azərbaycana dostluq mesajları – Tehran sonunda Bakının yanında dayandı

11.12.2020 - 10:26

Qabil Hüseynli: “İranın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etməsi…”

II Qarabağ savaşı Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatandan sonra İran tərəfindən ölkəmizə yönəlik ünvanlanan dostluq mesajlarının sayı günbəgün artmaqdadır. Son olaraq, cənub qonşumuza səfər edən xarici işlər naziri Ceyhun Bayramovun orada keçirdiyi görüşlərin hər birində bu cür mesajlara rast gəlindi.

“İran Azərbaycan xalqı və dövlətinə inkişaf yolunda müvəffəqiyyətlər arzulayır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali rəhbərinin nümayəndəsi və İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani C.Bayramovla görüşdə deyib.

O bildirib ki, İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur.

Tehran-Bakı münasibətlərinin maksimum səviyyəyə yüksəlməli olduğunu deyən Ə. Şəmxani ikitərəfli anlaşmaların icrası və birgə layihələrin başa çatdırılması üçün addımlar atılmasının və bununla yanaşı, müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının zəruriliyini vurğulayıb.

O əlavə edib ki, İran azad olunan ərazilərin bərpa olunmasında iştirak etməkdə maraqlıdır.

Eskpertlər hesab edirlər ki, cənub qonşumuzun Azərbaycana qarşı bu cür münasibəti təsadüfi deyil və bu  münasibət illərin sınağından sonra yaranıb. Məlumdur ki, rəsmi Bakı heç vaxt anti-İran koalisiyalarına, sanksiyalara qoşulmayıb, ərazisindən İrana qarşı hər hansı təcavüzə imkan verməyəcəyini bəyan edib. Hətta buna görə Azərbaycanın bəzi vaxtlarda Amerika və bir sıra Qərb ölkələri ilə münasibətlərində soyuqluq da yaranıb.

İran-Azərbaycan münasibətlərinin hazırda ən yüksək səviyyəyə doğru irəliləməsi yolunda cənub qonşumuzun danışıqlar mərhələsində rəsmi Bakıdan nələr istəyə biləcəyi də müzakirə mövzusudur. Bunun da əsası olmamış deyil. Məlumdur ki, İranın nüvə proqramı ətrafında yenidən gərginliklər baş qaldırıb. Bütün bunlarla yanaşı, Ermənistan kontekstində Azərbaycanın İrandan nələr istəyə biləcəyi də söz konusudur.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ - modern.az

Sabiq dövlət müşaviri Qabil Hüseynli ölkələrarası münasibətlərdə çox ciddi proseslərin getdiyini vurğuladı: “Xarici işlər nazirimiz Ceyhun Bayramovun İrana səfəri sözsüz ki, prinsipal əhəmiyyətə malikdir. İran Qarabağ müharibəsinin son dönəmlərində aktiv surətdə Azərbaycanı müdafiə edən mövqe tutdu. Hətta danışıqlar prosesində vasitəçilik səylərini də öz üzərinə götürmək istədi. Bu məqsədlə rəsmi Tehranın xüsusi nümayəndəsi Bakıya gəldi. Moskva və İrəvana da səfərlər olundu. Vasitəçilik səylərini hər addımda təqdim etdi. Bütün bunlara baxmayaraq, İranın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etməsi, üstəlik də işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını təkidlə tələb etməsi bizim üçün çox xoş idi. Qarabağ probleminin həlli ətrafında bütün bunlar xoş əhval-ruhiyyə yaradırdı. Bu nöqteyi-nəzərdən Azərbaycan da İranla münasibətlərdə hər zaman dostluq, qardaşlıq münasibətlərinə üstünlük verib. İmkan verməyib ki, Azərbaycan ərazisindən İrana qarşı hər hansı bir təxribat məqsədləri üçün istifadə olunsun. İran bəzən bir sıra məsələlərdə şübhələnsə də, Azərbaycanın İsraillə yaxınlaşmasından özü üçün mənif nəticələr çıxarmağa çalışsa da, hər kəsə bəllidir ki, Azərbaycan bu münasibətlərdən yalnız özünün müdafiə qabiliyyətini yüksəltmək üçün istifadə edib. Bunun İrana qarşı çevrilməsini nə İsrail tərəfi istəyib, nə də Azərbaycan tərəfi İsrail bunu istəsə belə razı olmazdı. Orada bizim soydaşlarımız, qardaşlarımız var. Biz qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin və yüksək səviyyəyə qaldırılmasının tərəfdarıyıq”.

Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Müharibənin ilk günlərində də vurğulanmışdı ki, Rusiya hərbi texnikaları Ermənistana İran, Qazaxıstan və Türkmənistan üzərindən daşıyır. Sonradan bu xəbərlər kəsildi. Çünki Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Bir sözlə, İran qalibin yanında olmağı seçdi. Cənub qonşumuzdan rəsmilər və din xadimləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi. Bu, hətta Ermənistanda qıcıq oyatdı. Azərbaycanın İranla sərhəddə nəzarəti tam ələ alması münasibətlərdə yeni səhifə aça bilər. Əməkdaşlıq genişlənə və İran da istədiyi kimi ərazilərimizin bərpasında iştirak edə bilər.  Amma gərək İranda bəzi dairələr Azərbaycanın daxili işlərinə qarışmasınlar. Necə ki, Azərbaycan İranın daxili işlərinə qarışmır. İran bunu edərsə, məncə, münasibətlərdə yeni səhifə açıla bilər. Müharibədən sonra Azərbaycanın xarici işlər naziri ilk səfərini İrana etdi. Düşünürəm ki, cənub qonşumuz da ölkəmizlə münasibətlərdə maraqlı olmalıdır. Çünki bölgədə Azərbaycanın yeri və rolu artdı. Kasıb Ermənistan İran üçün heç bir fayda gətirmir. Bu baxımdan münasibətlərdə bundan sonra yeni səhifələr açıla biləcəyini düşünürəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=158297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728