Qonşuda siyasi böhran – gürcülər Azərbaycan müxalifətinin yolu ilə gedir

19.12.2020 - 10:19

Natiq Cəfərli: “Azərbaycanda İctimai Palata kimi qurumun yaranması olub, amma…”

Gürcüstanda cari il oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra yaranan siyasi böhran dərinləşir. Qanunverici orqanda müxalifət düşərgəsindən 8 siyasi partiya mandat yeri qazanıb və onların hamısı parlamentin işini boykot ediblər. Müxalifət seçkilərdə saxtakarlıqların olduğunu iddia edir və Hakim “Gürcü Arzusu” Partiyasının qələbə qazanmasında, parlamentdəki 150 yerdən 90-nına sahiblənməsində bu amilin başlıca rol oynadığını bildirirlər.

Artıq Gürcüstan müxalifəti alternativ parlament yaratmaq niyyətinə düşüb. Onlar qazandıqları 60 deputatla “xalq parlamenti” yaradacaqlarını açıqlayıblar.

Bu barədə Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili yerli mətbuata məlumat verib. O, bu ideyanın yaxın günlərdə müxalifətin görüşündə müzakirə olunacağını deyib. Partiya sədrinin sözlərinə görə, müxalif qüvvələrin fəaliyyəti koordinasiya edilməlidir: “Formalaşan yeni parlament qeyri-legitim olduğundan vacib məsələlər üzrə qərarlar qəbul etməyə səlahiyyəti çatmır. Buna görə də müxalifət bir struktur daxilində birləşməli və xalqın mövqeyini ifadə etməlidir”.

Əslində qalsa, Gürcüstan müxalifətinin bu ideyası ilk deyil. Zamanında ölkəmizdə də bu və ya buna bənzər cəhdlər olunub. 2010-cu ilin parlament seçkilərindən sonra demokratik düşərgənin yaratdığı İctimai Palatanı buna misal göstərmək olar.

Maraqlıdır ki, bu cür ideyalarla nəyəsə nail olmaq mümkündürmü və Gürcüstan müxalifəti bununla nə qazanacaq?

Natiq Cəfərli 

Əslən Gürcüstandan olan iqtisadçı ekspert, REAL funksioneri Natiq Cəfərli hesab edir ki, hakim partiya rəqibləriylə danışıqlara başlaya bilər: “Gürcüstanda son parlament seçkilərindən sonra çox maraqlı bir vəziyyət yaranıb. Orada vəziyyətin bu qədər maraqlı olmasının səbəblərindən biri də odur ki, hakim ”Gürcü Arzusu” da koalisiyadır. Müxalifət də yekcins deyil, koalisiyadır. Kiçik partiyalardan tutmuş böyük partiyalara qədər siyasi cərəyanlar toplaşıb. Bu gün Gürcüstan parlamentində 150 yerdən 90-ı hakim partiyaya məxsusdur, yetərsay da var. Hətta baş nazirin seçilməsi üçün cəmi 76 deputatın səsi lazımdır. Parlamentdə isə “Gürcü Arzusu”nun deputatlarının sayı bundan daha çoxdur. Yəni hakim partiyanın baş nazirin seçilməsi, hökumətin formalaşdırılması, legitimliyin olması ilə bağlı ciddi problemi yoxdur. Yəni hüquqi legitimlik problemi mövcud deyil. Amma siyasi legitimlik problemi təbii ki var. Çünki müxtəlif siyasi cərəyanları təmsil edən 60 deputat parlamentin işini boykot edir. Burada da maraqlı nüans var. Dediyim kimi, müxalifət də koalisiyadır. Ona görə də düşünürəm ki, “Gürcü Arzusu” ilə müxalifət içərisindən seçilmiş deputatlar, yaxud mandat qazanmış partiyalar arasında danışıqlar başlayacaq. Daha kiçiklərini müxtəlif bonuslarla, yəni siyasi təkliflərlə öz tərəfinə çəkməyə cəhdlər olunacaq. Düşünürəm ki, bir neçə partiyanı və ya deputatı hakim partiya öz tərəfinə çəkməyə nail ola bilər. Çünki yerdə qalan 60 yerdən, yəni müxalifət qazandığı yerlərdən heç də hamı imtina etməyib. Düzdür, rəsmi şəkildə artıq yarıdan çoxu bu mandatlarından imtina ediblər. Amma imtina etməyən, gözləmə mövqeyində dayananlar da var. Çox güman ki, bu şəxslərlə “Gürcü Arzusu” danışıqlara başlayacaq və müxtəlif təkliflərlə, sözün yaxşı mənasında siyasi alverlə, müəyyən dividentlər təklif etməklə bəzi partiyaları proseslərə cəlb edə bilər. Buna nail olacaqsa, o zaman yerdə qalanların boykot etmələrinin bir anlamı qalmır. O zaman çox güman ki, konstitusion bir sürəc başlayacaq. Səhv etmirəmsə, iki dövr Gürcüstan parlamentinin işində iştirak etməyən deputatlar olacaqsa, o zaman həmin deputatların mandatı ləğv ediləcək. Həmin boş qalan yerlərə isə, seçkilər keçirilə bilər. Belə bir ehtimal kifayət qədər güclüdür”.

İqtisadçı ekspert Gürcüstanın hazırkı vəziyyətinin keçmişlərdə Azərbaycanda gedən proseslərlə müqayisəsinin əleyhinədir: “Bu müqayisəni doğru saymıram. Düzdür, Azərbaycanda buna bənzər addımların atılması, İctimai Palata kimi qurumun yaranması tariximizdə olub. Amma İctimai Palata çox zəif bir qurum idi. Xüsusilə, rəsmi yer qazanmış deputatlardan ibarət deyildi. Gürcüstanda isə 60 rəsmi yer qazanmış deputat var ki, onlar alternativ hansısa bir qurumun yaradılmasına təşəbbüs göstərə bilərlər. Amma bu uğurlu olacaqmı, bunu demək çətindir. Gürcüstan hökumətinin çətinliklərindən biri də ondan ibarətdir ki, iqtisadi cəhətdən ciddi problemlər ölkədə yaşanır. Pandemiyanın ən çox zərbə vurduğu ölkələrdən biridir. Bu ilin mart, aprel aylarında doğru qərar verilmədi, ölkə tamamilə qapadıldı, sərt karantin rejimi tətbqi olundu, virusa yoluxma demək olar ki, sıfıra endirildi. Amma bir balaca açılım olan kimi vəziyyət tamamilə dəyişdi. İndi Gürcüstanda yoluxma Qafqazda ən çoxdur. Azərbaycanı da keçiblər. Bu iqtisadi cəhətdən ölkəyə ciddi şəkildə mənfi nəticələr verir. Demək olar ki, bu ölkədə turizm sahəsi çöküb. Gürcüstan iqtisadiyyatı turizmdən asılıdır. İqtisadi, dolanışıqla bağlı problemlər ola bilər ki, gələcəkdə bu artdıqca, müxalifətin cəmiyyətində çəkisi də artsın. Amma indiki durumda parlament hətta müxalifət olmadan belə hüquqi olaraq legitim sayılacaq və siyasi qərarlar qəbul edə biləcək. Sadəcə hüquqi legitimlik siyasi legitimlikdən azdır. Gələcəkdə ya boş qalan yerlərə təkrar seçkilərin keçirilməsi mümkündür, ya da ümumiyyətlə, seçkilərin yenilənməsi 2021-ci ildə baş verə bilər. Sonda bir daha deyirəm ki, bu prosesləri Azərbaycanla müqayisə etmək doğru deyil. Çünki ölkəmizdəki İctimai Palata çox zəif bir qurum idi və seçilmiş deputatları yox idi. Cəmiyyətdə də demək olar ki, heç bir çəkiyə malik deyildi. Ona görə də, bu ideya o qədər də uğurlu alınmadı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728