Erməni əsgər analarının ümidi Azərbaycanadır – məğlub ölkənin yeni reallığı
Deputat Aydın Hüseynov: “Ermənistan cəmiyyəti param-parça olub, əhali nə hakimiyyətə inanır, nə də müxalifətə”
Ermənistanda daxili gərginlik dərinləşməkdə davam edir. Azərbaycan qarşısında ağır məğlubiyyətə uğraması bu işğalçı ölkəni get-gedə daha da sarsıdır. Müxalifətin mitinqləri bir yandan, müharibədə itkin düşən erməni hərbçilərin valideynləri, yaxınları digər tərəfdən hakimiyyətin üzərinə gedir. İrəvan küçələri, meydanları hər gün mitinq, qarşıdurma səhnələri ilə dolub daşır.
Aksiyalar bölgələrə də keçib. Müharibə başa çatandan sonra övladlarından hələ də heç bir xəbər almayan əsgər valideynləri aksiyalarda hakimiyyətə, şəxsən baş nazir Nikol Paşinyana od püskürürlər. İki gün öncə əsgər valideynlərinin keçirdiyi aksiyaların birində isə əsgər analarından biri kameralar qarşısına keçərək bəyan edib ki, Azərbaycana getmək istəyir, Azərbaycanın kömək üçün ona uzanan əli tutacağına inanır. Etiraz aksiyasında erməni qadın rəsmi İrəvanı övladlarının axtarışı istiqamətində fəaliyyətsizlikdə günahlandırır və Azərbaycanın tərəfinə keçməyə hazır olduğunu deyir. Əsgər anası qəzəbli şəkildə bildirir ki, onların övladlarını başqasının torpağında aparıb məhv ediblər, indi buna görə hakimiyyət cavab verməlidir. Erməni qadın Azərbaycana gedəcəyi halda yaxşı qarşılanacağına, Azərbaycan Prezidentinin ona oğlunun tapılması üçün kömək edəcəyinə inandığını aksiyada bəyan edir.
Ermənistanda yaşanan bu hadisələri “Yeni Müsavat”a şərh edən Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycan Ordusunun, Azərbaycan Ali Baş Komandanın dəmir yumruğunun zərbəsinin Ermənistanda yaratdığı titrəyiş getdikcə daha da artır: “Ermənistan cəmiyyəti param-parça olub. Bir tərəfdən çoxlu sayda əsgər itkisi, bir tərəfdən müharibədə məğlubiyyətin gətirdiyi ruh düşkünlüyü, bir tərəfdən iqtisadiyyatın çöküşü Ermənistan dövlətini məhvin astanasına gətirib. Ölkədə elə bir vəziyyət yaranıb ki, artıq əhali, xüsusilə də yaxınlarını müharibədə itirən 10 minlərlə insan nə hakimiyyətə inanmır, nə də müxalifətə. Erməni əhalisi, əsgər yaxınları yavaş-yavaş dərk edirlər ki, Qarabağ məsələsi onların bütün fəlakətlərinin səbəbidir. Qarabağ məsələsi üzərindən Ermənistanda hakimiyyətə gəlmiş və quldurluqla, korrupsiya ilə milyardlara sahiblənmiş Vazgen Manukyan, Robert Köçəryan, Serj Sərkisyan kimi terrorçular erməni xalqının ən böyük düşmənləridir. Bunu artıq ermənilər dilə gətirirlər. İndi bu cür quldurlar müharibədəki məğlubiyyətdən, Qarabağ kartından yenə də yararlanmağa və hakimiyyətə gəlməyə çalışırlar. Özlərini guya xalqın təəssübkeşi kimi sırımaq istəyirlər. Ancaq Ermənistan əhalisinin onlara inanmadığı, etimad etmədiyi göz önündədir. Təşkil etdikləri aksiyalara çox az sayda insanlar qatılır.
Aydın Hüseynov
Xalqın, əsasən də müharibədə ölmüş, itkin düşmüş hərbçilərin qohumlarının hakimiyyətə, Nikol Paşinyana da inamı sarsılıb. Etiraz aksiyalarından bu da görünür. Ancaq həmin insanların böyük əksəriyyəti pərakəndə şəkildə aksiyaları özləri keçirirlər, heç də müxalifətin təşkil etdiyi aksiyalara qatılmırlar. Çünki bilirlər ki, başda Robert Köçəryan, Serj Sərkisyan, Vazgen Manukyan olmaqla müxalifət adına çıxış edən bu dəstənin əsl məqsədi əsgər valideynlərinə, əhaliyə kömək etmək deyil. Onların əsl niyyəti fürsətdən istifadə edib Nikol Paşinyanı devirmək, ondan şəxsi qisaslarını almaq və yenə də Ermənistanda hakimiyyəti ələ keçirib talançılıqla məşğul olmaqdır”.
Deputatın sözlərinə görə, erməni valideynlər övladlarının və ölkələrinin xilasının Azərbaycanla normal münasibətlər qurmaqdan keçdiyinə get-gedə əmin olacaqlar: “Bu prosesin işartıları artıq görünür. Ermənistanda əhali, əsgər valideynləri ümidini həm müxalifətdən, həm də hakimiyyətdən üzüb. Ümidlərini Azərbaycanın humanistliyinə bağlayırlar. O aksiyada çıxış edən həmin erməni qadın əslində erməni əsgər valideynlərinin ümumiləşmiş əhvalının göstəricisidir. Öz hakimiyyətlərindən əllərini üzüblər. Övladlarının tapılması, bu problemdən xilas olmaları üçün Azərbaycandan kömək gözləyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə müsahibə və çıxışlarında bəyan edib ki, onun ölkəsinin erməni xalqı ilə problemi yoxdur, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycanın rəhbərliyi altında yaxşı yaşayacaqlar, onlar cinayətkar, qorxaq xunta rejimindən qurtulmalıdırlar. Azərbaycan Prezidentinin sözünün üstündə duran, humanizm prinsiplərinə sadiq olan lider olduğunu təkcə Qarabağ erməniləri deyil, həm də Ermənistan vətəndaşları olan əsgər valideynləri də görürlər. Ona görə də Azərbaycana keçməyə hazır olduqlarını dilə gətirirlər, Azərbaycandan onlara əl uzadılacağına inandıqlarını açıq bəyan edirlər. Onlar get-gedə anlayacaqlar ki, təkcə övladlarının deyil, ölkələrinin də taleyi Azərbaycanla normal münasibətlər qurmalarına bağlıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158727