Qarabağdakı Monitorinq Mərkəzində Azərbaycan da olacaqmı

25.12.2020 - 10:10

Tofiq Zülfüqarov: “Bu prosesin sifarişçisi bizik və xərcləri də biz ödəməliyik”

Noyabrın 10-da II Qarabağ müharibəsinin sonunu gətirən üçtərəfli bəyanatın mühüm bəndlərindən biri də Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasıdır. Bu mərkəz ətrafında Azərbaycanla bağlı yaranan bir sıra suallar var. Bu suallardan biri Rusiya sülhməramlılarının fəaliyyətinə nəzarətdə Azərbaycan hərbçilərinin iştirak edib-etməyəcəyi ilə bağlıdır.

Ekspertlər ən azından müşahidəçi qismində bunun mümkün olmasından və vacibliyindən söz açırlar.  Hazırda Ağdamda Monitorinq Mərkəzinə bina tikilir. Bu və ya digər texniki xərclərin hansı tərəfin üzərində olduğu barədə də suallar yaranıb. Onu da qeyd edək ki, rus sülməramlılarının xərclərini şimal qonşumuz öz üzərinə götürüb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”da yaranan suallara geniş şərhlər verdi: “Hesab edirəm ki, Monitorinq Mərkəzində Azərbaycan hərbçilərinin də iştirakı məntiqli olacaq. Ümumiyyətlə, həm sülhməramlılar, həm də müşahidə missiyası Azərbaycan ərazisində baş verir. Rəsmi Bakı Rusiya və Türkiyəni dəvət edib ki, 10 noyabr bəyannaməsində göstərilən və ondan irəli gələn məsələlərdə yardımçı olsunlar. Siyasi məntiq bundan ibarətdir. Bu, o demək deyil ki, kimsə yuxarıdan qərar qəbul edib ki, bura ruslar yaxud türklər gəlsin. Sadəcə olaraq, razılaşdırılmış bir məsələdir. Bu nəyə görə baş verəcək? 10 noyabr bəyannaməsində göstərilən məqsədləri həyata keçirmək üçün. Bir xüsusiyyəti hər zaman qeyd etməyi vacib sayıram. Ermənistana aid nəzərdə tutulan məsələlər demək olar ki, həyata keçirilib. Erməni ordusu Azərbaycan ərazilərini tərk edib. İndi qalıqların ərazilərimizdən rədd edilməsi prosesi yekunlaşmaq üzrədir. Ermənistan indi bu məsələlərdə iştirak etməyəcək. Bəyannamədə nəzərdə tutulan məsələlər həll edildikdən sonra buna ehtiyac da qalmır”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq XİN rəhbəri Monitorinq Mərkəzi üçün tikilən binanın xərclərinin hansı tərəfin üzərində olduğu yönündə yaranan suallara da cavab verdi: “Bunu söyləmək çətindir. Amma digər yerlərdə bu cür missiyaların necə fəaliyyət göstərdiyinə diqqət yetirə bilərik. Sazişdə, yaxud da hansısa siyasi sənəddə onların vəzifələri göstərilir. Dəvət edən ölkə ilə dəvət edilən ölkə və ya ölkələr arasında sənədlər imzalanır. Orada göstərilən vəzifələri icra etmək üçün funksiyalar bölünür. Sülhməramlılar bir funksiya yerinə yetirirlər, bu daha çox post-patrul xidmətinin fəaliyyətinə oxşayır. Amma müşahidəçilər ümumi nəzarət aparırlar. Misal üçün, texniki vasitələri istifadə edərkən müəyyən olunur ki, hansısa bölgədə silahlı yaraqlılar var. Sülhməramlılara məlumat verilir və Azərbaycanın da iştirakı ilə həmin qruplaşmalar tərk-silah edilir, yəni zərərsizləşdirilirlər. Bu baxımdan onların hansı vəzifələri həyata keçirəcəklərinə diqqət ayırmaq lazımdır. Aktual vəzifələrin nə olduğunu artıq bilirik.

Erməni silahlılarının Azərbaycan ərazisini tərk etmələri prosesi bitməlidir. Hadrutda baş verən hadisələr məhz bu səbəbdən idi. Digər yerlərdə də bu cür hallar baş verir. İkinci vacib məsələ də ondan ibarətdir ki, qeyri-qanuni yaradılmış, yerli əhalidən silahlı birləşmələri müəyyən edib onları tərk-silah etməkdir. Çünki üçtərəfli bəyannamənin məntiqi ondan ibarətdir ki, təhlükəsizliyi o bölgələrdə təmin edən yeganə qurum sülhməramlılardır. Digər qurumlar ola bilməz. Başqa ərazilərə gəldikdə isə orada Azərbaycan dövləti öz strukturları vasitəsilə təhlükəsizliyi təmin edir”.

Dağlıq Qarabağdakı sülhməramlılar nəyə və necə nəzarət edəcklər? - İZAH

T.Zülfüqarov sülhməramlıların fəaliyyəti ilə bağlı bəzi nümunələr də çəkdi: “Burada ən yaxşı missiya kimi keçmiş Yuqoslaviyada həyata keçirilən missiyaları xatırlada bilərik. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan diplomatları, hərbçiləri, polisləri vaxtilə bu missiyalarda iştirak ediblər. Orada müxtəlif missiyalar mövcud idi. Humanitar tədbirlərə yönəldilən hansısa işlər görülürdü. Polis xidmətini həyata keçirənlər müxtəlif ölkələrdən gələn polislər idi. Yəni bunlar vəziyyətdən asılı olan məsələlərdir. Bir şeyi nəzərə almaq lazımdır ki, sülhməramlı fəaliyyət Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə uyğun olaraq Azərbaycan dövlətinin, digər ölkələrin misalında heç də məhdudlaşdırılmır. BMT-də digər fəaliyyət mövcuddur və o tətbiq olunur, yəni sülhə məcburetmə fəaliyyəti. Burada isə dövlətdən suverenlik alınmır, BMT-də yüksək beynəlxalq qurum olaraq bu və ya digər fəaliyyəti həyata keçirir. Sülhməramlıları dəvət edən ölkə ərazilərdə öz suverenliyini saxlayır. Biz onların əməllərini təhlil edərkən daim yadda saxlamaq lazımdır ki, bu əsas bünövrədir. Əsas söz sahibi isə bizik. Putinin çıxışına diqqət edin. O deyirdi ki, lazım gələrsə, biz sülhməramlıların sayını artıra bilərik, əgər tərəflərin razılığı olsa. Bununla ona işarə edir ki, razılıq olmasa, bu məsələ mümkün deyil. Təxminən məsələ belədir”.

Müsahibimiz sonda daha bir vacib məsələyə-sülhməramlıların xərci məsələsinə toxundu: “Hesab edirəm ki, bu bizim dəvətimizlə həyata keçirilən missiyadırsa, o missiya bizim xeyrimizədirsə, təbii ki, biz bunun maliyyəsini çəkməliyik. Yəni biz bu siyasi prosesin sifarişçisiyik və xərcləri ödəməliyik. Kim pul ödəyirsə, o da məsələnin sahibi olur. Bu hər bir məsələdə belədir. İnsanlar bəzən sülhməramlılar nəyə görə gəliblər, niyə gəliblər kimi suallar verirlər, narahatlıqlarını ifadə edirlər. Biz dəqiq başa düşməliyik ki, onlardan nə istəyirik. Bunun əsasında tələb etməliyik ki, bunun nəticəsində bu xidmətləri ödəyək. Bu, normal bir məntiqdir. Kimisə hansısa iş görməyə dəvət edəndə məntiqlə onun pulunu ödəməlisən. Hesab edirəm ki, bu bizim xeyrimizə olacaq. İstənilən halda hesab edirəm ki, sülhməramlıların xərcini biz etməliyik. Onların sayı, vəzifələri və digər məsələlər bizimlə tam razılaşdırılandan sonra bunları həyata keçirməliyik. Ümumiyyətlə, sülhməramlı fəaliyyət beynəlxalq qanunlara görə qəbul edən tərəfin suverenliyini qoruması şəraitində həyata keçməlidir. Suverenlik isə bizdə qalır və bunu heç kəs bizdən almayıb. Yeganə alınan fəaliyyət sülhə məcburetmədir ki, bunun da bizə aidiyyəti yoxdur.

Təəssüflər olsun ki, bizdə bəzən insanlar beynəlxalq qanunların icrası və digər məsələləri dərindən bilmədiyinə görə populist fikirlər səsləndirir, bəzilərinin təsirinə düşüb gərəksiz narahatlıqlar yaradırlar. Bu, ilk sülhməramlı əməliyyat deyil. Dünyanın çox yerlərində belə əməliyyatlar olub. İndinin özündə də var. Onun təcrübəsini öyrənib biləndən sonra hansısa fikir söyləmək olar. Yoxsa xəbəri olmayan məsələlərdən kimsə çıxıb şərh verir. Adam təəccüb edir ki, bu dərəcədə biliklə camaatın qabağına çıxmaq olarmı?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031