İran ətrafında gərginlik artır – Prezident Əliyevin vədini indi xatırlatmasının səbəbi

06.01.2021 - 10:25

Ekspert: “Bundan sonra da Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədə olacaq”

2020-ci ildə olduğu kimi, bu il də girər-girməz cənub qonşumuz İran ətrafında yeni proseslər yaşanmağa başlayıb. Əgər bir il öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar İran-ABŞ arasında ciddi gərginlik baş qaldırmışdısa, indi onun ildönümü ilə bağlı bölgədə təhlükəli proseslər yaşanır.

Belə ki, İran Fordo nüvə obyektində uranın 20 faiz zənginləşdirilməsi prosesinə başlayıb. Bu barədə yanvarın 4-də ölkə hökumətinin rəsmi nümayəndəsi Əli Rabia məlumat yayıb. “İran prezidenti bir neçə gün əvvəl uranın 20 faiz zənginləşdirilməsi işlərinə başlamağı tapşırıb. Bir neçə saat əvvəl isə ilkin tədbirlərdən sonra UF6 (Uran hexafluorid) qazının verilməsi prosesinə başlanıldı. İlk məhsulu yaxın saatlarda görə biləcəyik”, – Rabia bildirib.

İran hədələdi, ABŞ hərəkətə keçdi –

ABŞ da İranın bu hərəkətlərinə səssiz qalmır. Amerika Müdafiə Nazirliyi  İranın mümkün hücumlarından təsirlənməmək üçün bölgədən çəkiləcəyini elan etdiyi “USS Nimitz” təyyarə gəmisinin Yaxın Şərqdə qalmasına qərar verib. ABŞ müdafiə nazirinin müavini Kristoper Miller təyyarə gəmisinin xidməti yerində qalmasına qərar verdiklərini açıqlayıb. “Mən ”USS Nimitz”in İran liderlərinin prezident Donald Tramp və digər ABŞ rəsmilərinə etdiyi təhdidlər səbəbindən köçürülməsini dayandırmağı əmr etdim. “USS Nimitz” ABŞ Mərkəzi Qüvvələri Komandanlığı bölgəsində, əməliyyat zonasında qalacaq”, – Miller qeyd edib.

İran tərəfindən verilən bir açıqlama da diqqətləri çəkir. Bu ölkənin rəsmiləri günlər öncə bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın yanvarın 20-nə qədər İrana zərbə endirəcəyini açıqlayıblar.

Bundan əlavə, Amerikanın yeni seçilən və bu ay Ağ Evdəki prezidentlik kreslosunda əyləşməsi gözlənilən Co Baydenin rəhbərliyi müddətində İranla bağlı tutacağı mövqe də müzakirə mövzusudur.

Onu da bildirək ki, İran-ABŞ arasında bu cür gərginliyin yaşandığı günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqına etdiyi ilsonu müraciətində hər zaman verdiyi vədi xatırlatması diqqət çəkib.

Prezident xalqa müraciət etdi - VİDEO - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Ölkə rəhbərinin həmin vədini təqdim edirik: “Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir”.

Gözlənildiyi kimi, gərginlik getdikcə artacaq. Belə bir şəraitdə Azərbaycan Prezidentinin vədini xatırlatması təsadüfi hesab olunmur. Əslində bununla İ.Əliyevin bölgədə maraqları olan dünya güclərinə bir daha mesaj ünvanladığı, balanslı siyasətini davam etdirdiyi vurğulanır.

Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb

Belə müzakirələrin getdiyi bir vaxtda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfər edəcəyi barədə məlumat yayılıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və İrəvana səfərləri gündəlikdədir. S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib. İranın XİN rəhbərini Qafqaza göndərməsinin pərdəarxası məqamlarının olduğu istisna edilmir.

Hikmət Babaoğlu: “Bu, Azərbaycanın uğuru, nailiyyətidir” - Yeni Gəncə

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu hər zaman Amerika-İran münasibətlərində ortaq nöqtənin tapıldığını düşünür: “Dünyada baş verən qlobal proseslər regional proseslərə də təsir edir. Bəzən belə təsir kordinal deyə biləcəyimiz qədər böyük dəyişikliklərə, bəzən isə sadəcə bir qədər keyfiyyət dəyişikliklərinə səbəb olur. Ancaq biz qlobal siyasi proseslərdən danışırıqsa, burada mütləq qarşılıqlı təsir imkanlarından da danışmalıyıq. Çünki heç bir halda hadisələr sadəcə birtərəfli qaydada, ya da bir aktorun təsiri ilə formalaşmır. Çoxsaylı iştirakçıların təsiri ilə çoxtərəfli müstəvidə inkişaf edir. Ona görə də ABŞ-İran münasibətləri sadəcə sırf iki ölkə arasında olan münasibətlər kimi yox, həm də digər çoxsaylı dövlətlərin də təsiri ilə formalaşan münasibətlər kimi nəzərdən keçirilməlidir. Bütün bunlar isə beynəlxalq münasibətlər sisteminə və orada baş verənlərə kompleks yanaşmanı zəruri edir. Hazırda bütün dünya  əgər belə demək mümkündürsə, post-Tramp mərhələsinə hazırlaşır. Əslində isə bu daha çox ABŞ-da mövcud olan klassik, respublikaçı-mühafizəkar və  demokrat-liberal keçidi və bu dəyərlərin ABŞ-ın xarici siyasətinə necə təsir etməsidir. Elə ABŞ-İran münasibətlərinin gələcəkdə  necə inkişaf edəcəyi də məhz bu kontekstdə diqqət çəkir. Əslində isə hazırda iki ölkə arasındakı vəziyyəti kritik kimi təsvir edənlər məsələyə bir qədər dərin strateji  kontekstdə baxsalar, vəziyyətin bir o qədər də gərgin olmadığını, hətta bəlkə qısa müddətdə xeyli dərəcədə yaxşı perspektivlər belə yarada biləcəyini görə bilərlər. Çünki İran dərin dövlətçilik ənənələrindən gələn bir tarixi keçmişə sahib ölkədir və ABŞ-la münasibətləri zaman-zaman gərgin olsa da, həmişə ortaq təmas nöqtələri tapmaq ənənələrinə sahibdir. Ona görə də ABŞ hərbi gəmilərini də, uranın zənginləşdirilməsi məsələsini də bu kontekstdə qiymətləndirmək lazımdır”.

Deputat Azərbaycan-İran münasibətlərinə xüsusi diqqət ayırdı: “Yəqin ki , biz önümüzdəki aylarda artıq indikindən xeyli dərəcədə fərqlənən münasibətlərə şahidlik edəcəyik . Bu prosesdə Azərbaycanın yerinə və roluna gəldikdə isə bu rol həmişə olduqca müsbət olub. Azərbaycan bütün hallarda öz qonşusunun maraqlarını, təhlükəsizliyini daima diqqət mərkəzində saxlayıb, ona hər hansı təhdid yarada biləcək hallara qarşı olub. Üstəlik, İran bizim üçün sadəcə qonşu ölkə deyil, həm də qardaş ölkədir. Ən son  Vətən müharibəsi hadisələrində  də biz gördük ki, İrandakı qardaşlarımız bizimlə necə həmrəylik nümayiş etdirdilər. İranın dövlət rəsmiləri ən yüksək səviyyədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyev isə İran sərhədini dost sərhədi kimi xatakterizə etdi. Bu isə bir daha  Azərbaycanın İrana olan dost və qardaş münasibətinin göstəricisidir. Bu vaxta qədər olduğu kimi bundan sonra da Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədə olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728