“Demokratiya beşiyi”ndə qanla bitən seçkiyə Bakıdan reaksiyalar

08.01.2021 - 10:30

Baydenin prezident kürsüsünə qalxmasına sayılı günlər qalmış Tramp tərəfdarları Konqresə soxuldu, iğtişaşlarda ölənlər var, Rusiya “demokratiyanın hər iki ayağı axsayır” dedi; müxalifətin və politoloqların proqnozu…

ABŞ-da 12 gün sonra – yanvarın 20-də inauqurasiya mərasimi keçirilməli, Demokratların qalib gələn namizədi Cozef Bayden prezident kürsüsünə qalxmalıdır. Lakin andiçməyə sayılı günlər qalmış Amerikanın son 100 illik tarixində baş verməyən üsyan qalxdı. Adətən ABŞ-ın başqa ölkələrin paytaxtlarında dəstəklədiyi etirazlar üslubu bu dəfə öz başına gəldi.

ABŞ-da ilk dəfədir ki, seçkilərin nəticələrinə bu şəkildə etiraz olunur, Cənubi Qafqaz, Orta Asiya, Şərqi Avropa, Latın Amerikalarında yaşanan hadisələr təkrarlanırdı. Tramp iqtidarı vermək istəməyərək, “seçkilər saxta keçirildi, qələbəm oğurlandı” deyə iddia etdi, xalqı etirazlara səslədi. O, “Konqresə yürüyək, mən də sizinlə olacağam” deyə, tərəfdarlarına çağırışı bilavasitə özü etmişdi. Trampın tərəfdarları Konqresə hücum çəkdilər, oranı işğal etdilər və iğtişaşlar başladı. Nəticədə 4 nəfər həlak oldu, bütün Amerika demokratiyası və sistemi “yaralandı”.

Hazırda dünyanın bir nömrəli mövzusu Amerikada baş verən üsyandır. ABŞ demokratiyasını örnək götürən, ondan ilham alan milyonlarla insan, bir çox dünya dövlətləri heyrət içindədir. Kimsə ABŞ-da bu cür kəskin qütbləşmə gözləmirdi. Tramp iqtidara gələndən sonra ABŞ-da baş verənlər onsuz da demokratiya modelini zədələmişdi. İndi isə demokratiyanın ABŞ modeli sanki uçulub, xalq və Amerika heyranları onun altında qalıb.  Dünya liderləri ard-arda bəyanatla çıxış edərək, ABŞ hakimiyyət qurumlarını insan haqlarına və demokratik qaydalara əməl etməyə, təmkinli olmağa səsləyirlər.

Artıq Kolumbiya ştatının meri Myuriel Bauzer bildirib ki, Vaşinqtonda fövqəladə vəziyyətin müddəti daha 15 gün uzadılıb. Daha əvvəl şəhərdə saat 18:00-06:00 (yerli vaxtla) komendant saatı elan olunub. Vaşinqtonun polis rəisi isə bildirib ki, Trampın tərəfdarlarının ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib.

Eks-prezident Barak Obama Trampı Vaşinqtonda özbaşınalığı alovlandırmaqda ittiham edib. Obama tarixin Trampın sayəsində Kapitoliyə edilən bu hücumu xatırlayacağını deyib. Amerikalı mütəxəssis Endryu Koribko hesab edir ki, ABŞ-ın illər əvvəl açdığı “Pandoranın rəngli inqilablar qutusu”, nəhayət, evlərinə bumeranq kimi qayıtdı. Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev baş verənləri “demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edib. NATO-nun Baş katibi Yens Stoltenberq Tvitter hesabında yazıb ki, ABŞ-da keçirilmiş demokratik seçkilərin nəticələrinə hörmət edilməlidir.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Bəs bu hadisələrin Bakıda doğurduğu reaksiya nədir?  Müxalifətdə olan AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, Qərb və ABŞ dünyaya həmişə demokratiya tamaşası nümayiş etdirib. Son hadisələrə gəlincə, T.Abbaslı “Yeni Müsavat”a bildirdi ki, ABŞ bu gün bumeranq effekti yaşayır: “Sorosun pulu ilə inqilab edənlərin, ölkələri qarışdıranların başına eyni aqibət gəldi. Seçki saxtakarlığı, səslərin oğurlanması iddiaları bu gün Amerikada səslənir, Konqresə hücum olur. Amerika Venesuelaya hansı ittihamları irəli sürürsə, indi özünə yönəlib. Bu, şirmanın cırılmasıdır”.

Partiya başqanının fikrincə, hər bir dövlət öz demokratiyasını qurmalıdır: “Bundan sonra nə olacağını proqnozlaşdırmaq çətindir. Amma Tramp məğlubiyyəti qəbul etmir. Sadəcə, komandasındakı siyasətçilər onu tərk edir, Respublikaçılar Partiyasına ciddi zərər dəydi. Mənə elə gəlir ki, partiya onu qurban verərək öz imicini xilas etməyə çalışacaq”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Amerikadakı proseslərin nəzarətdən çıxacağını və xaos şəklində inkişaf edəcəyini gözləmir. Onun sözlərinə görə, ABŞ federal dövlətdir, ştatlara ayrılıb və institual olaraq çox güclüdür. “Lakin illərlə müzakirə ediləcək məsələ Trampın atdığı addımın təsirləri olacaq. Buna Trampizm də deyilir. Çoxlu sual edir ki, nə baş verdi ki, hadisələr bura qədər inkişaf etdi? İlk növbədə milli gəlirin bölgüsündə ciddi problem var. Amerikada 1 faizin əlində bütün imkanlar cəmləşib, 99 faiz o 1 faiz üçün çalışır. Belə bir tezis Amerikada yaranıb və Trampın 4 illik hakimiyyəti dövründə bu yanaşma daha da genişləndi, ölkədə iki cəbhə yarandı”, – deyə N.Cəfərli düşünür.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

REAL funksioneri hesab edir ki, yanvarın 6-da baş verənlərdə bu tezisin təsirləri də var, qanun pozuntuları da qeydə alınıb: “Bir tərəfdən dinc etiraz hüququ var, digər tərəfdən dövlət qurumlarına basqın olması, Konqresə, Senata hücumlar cinayət əməli kimi qiymətləndiriləcək. Artıq 4 nəfər ölən var və araşdırma aparılacaq. Buna bir yandan demokratik proses kimi də baxmaq olar, Amerikada yeni dövr başlanır, dünyaya də təsir edəcək. Bütövlükdə isə ciddi nəticəsi olmayacaq, Bayden prezidentliyə başlayacaq”.

N.Cəfərlinin fikrincə, son 20 ili götürsək, Amerika da ikinci hadisədir: “11 sentyabrdan sonra Amerika içinə qapanmışdı, demokratiya və insan haqları problemi var idi, təhlükəsizlik məsələsi önə çıxmışdı. Trampla yenidən bu problemlər yarandı. Bayden üçün çətin olacaq, Amerikaya yeni ideya, vizion lazımdır”.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu, Amerika siyasi sisteminin böhranıdır: “Bu, ABŞ siyasətindəki boşluqların nəticəsidir. Ölkənin seçilməmiş prezidenti nəticələrə tərəfdarlarını meydanlara çağırış etməklə etiraz etmək istəyirsə, aranı qarışdırmaq istəyirsə, bu onun mədəni səviyyəsindən çox asılıdır. Ötən seçkidə Hillari Klinton ondan artıq səs toplamışdı, amma meydanı tərk etdi, Trampı prezident seçilməsinə görə təbrik etdi. Amma Trampın dövlətə, demokratiya ənənələrinə qarşı dirənişi başdan-ayağa siyasi rüsvayçılıqdır”.  Ekspertin fikrincə, Tramp yüksək göstəricilərə malik olmasa da, öz hücrəsinə çəkilib sakit dayanmağı bacarmadı: “Bu onun siyasi intellektinin zəifliyindən irəli gəlir. Əmlak biznesindən prezident kürsüsünə gəlmiş birinin bu cür davranışlarını proqnozlaşdırmaq olardı. Amma onun hərəkətləri cinayət məsuliyyəti daşıyır. Hadisələr sakitləşdikdən sonra ölkədə iğtişaşlar yaratmasına görə Trampa cinayət işi başlana bilər. Ona-buna, o cümlədən Azərbaycana yarlıq yapışdırmağı sevən Amerikanın liberal-demokratları öz xislətini açıb göstərdi. Tramp hakimiyyətə qalmaqallı gəlmişdi, hakimiyyətdən də belə gedir. Ancaq onun gedişi başına bəlalar gətirə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031