Azərbaycanın hansı blokda olması ətrafında müzakirələr

05.02.2021 - 10:32

Artıq heç kimlə dost olmamaq və ya heç kimlə düşmən olmamaq siyasəti yürümür…

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “Yeni Müsavat”a müsahibəsində “ehtiyac olarsa, Qoşulmama Hərəkatından çıxa da bilərik” sözləri reaksiya doğurub. Məsələn, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, Azərbaycanın bu dərəcədə geniş dəstək aldığı bir platformadan imtina etməsi yolverilməzdir. Qoşulmama Hərəkatının prinsipləri bütövlükdə Azərbaycanın sərgilədiyi xarici siyasət prinsipləri ilə üst-üstə düşür:

“Başqa ölkələrin daxili işlərinə qarışmamaq, insan hüquqlarının təşviq olunması, bloklara qoşulmamaq kimi prinsiplər dövlətlərarası münasibətlərin normal məcrada inkişafında təsirli rol oynayan prinsiplərdir. Azərbaycanın quruma üzv olduğu 2011-ci ildən bəri təşkilat çərçivəsində olduqca səmərəli fəaliyyət göstərdiyi göz qabağındadır. Bu fəaliyyət öz növbəsində hərəkatın işinin səmərəliliyinə ciddi töhfə verib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVİD-19-la bağlı toplantısı keçirilib. Hansı ki, burada BMT Baş Assambleyasının koronavirusla mübarizə üçün xüsusi sessiyasının çağırılması ideyası irəli sürüldü və təklif dəstəkləndi, qərarlar verildi.  Bu, özlüyündə bütövlükdə Qoşulmama Hərəkatının səmərəli platforma olduğunun göstəricisidir”.

Elşad Mirbəşiroğlu ile ilgili görsel sonucu

Elşad Mirbəşiroğlu

Mirbəşiroğlu qeyd edib ki, dövlətimizin maraqlarının müdafiəsi istiqamətində də Qoşulmama Hərəkatı effektiv platforma rolunda çıxış edib. Hərəkat çərçivəsində onun qəbul etdiyi yekun sənədlərdə Azərbaycanın ərazi bütövlüyü daim dəstəklənib: “2019-cu ilin oktyabrında hərəkatın XVIII zirvə toplantısı Bakıda oldu. Toplantının nəticəsi olaraq qəbul olunan 4 qətnamənin 3-də Azərbaycanın ərazi bütövlüyü açıq mətnlə dəstəkləndi. Hətta burada qeyd olundu ki, Ermənistanın işğalı nəticəsində yaranmış vəziyyətin hüquqiliyi hərəkata üzv ölkələr tərəfindən tanınmır. Bütün bunlar onu göstərir ki, hərəkat çərçivəsində ölkəmizə yaxın dəstək var, Azərbaycan əməkdaşlıq perspektivlərini genişləndirir, dövlətlərarası münasibətlər sistemində fəallıq üçün əlavə imkanlar qazanır. Azərbaycan bu dərəcədə geniş dəstək aldığı bir platformadan imtina etməməlidir. Burada təmsilçiliyimiz ölkəmiz üçün çox əhəmiyyətlidir və Azərbaycanın imkanlarını hərtərəfli artırır”.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

 Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, Qoşulmama Hərəkatının özü böyük siyasi blokdur. 120 ölkənin təmsil olunduğu böyük bir təşkilatda olmaq, bu qədər çoxsaylı ölkənin dəstəyini almaq, potensiladından istifadə etmək daha önəmlidir, nəinki hansısa hərbi blokda olmaq: “Azərbaycanın Qoşulmama Hərəkatından çıxmasını təklif  edənlər yəqin ki, NATO kimi hərbi-siyasi bloka üzv olmağın tərəfdarıdırlar. Azərbaycanın bu cür hərbi blokda olması məqsədəuyğun deyil. NATO-ya istiqamətlənsək, bir çox güclü dövlətlərin hədəfinə çevrilərik. Buna qarşı Rusiyanın, İranın böyük qısqanclığı və narazılığı var. Gürcüstan və Ukraynanın taleyi göz önündədir. Odur ki, Qoşulmama Hərəkatından çıxmağa lüzum yoxdur.  Azərbaycan Qoşulmama Hərəkatına daxil olmaqla düzgün qərar vermişdi. 2020-ci ildə bu bir daha sübut olundu. 2020-ci ildə Azərbaycanın bu platformaya sədrlik etməsi özünün böyük nəticəsini göstərdi. 44 günlük Vətən müharibəsində Qoşulmama Hərəkatı Azərbaycanın haqlı mövqeyini açıq müdafiə etdi. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə məhz Qoşulmama Hərəkatındakı ölkələrin müqaviməti hesabına qəbul edilmədi. Azərbaycan elə geopolitik məkanda yerləşib ki, bura bir çox güclü dövlətlərin maraqlarının kəsişdiyi yerdir. Azərbaycan bunu nəzərə almalıdır. Azərbaycan hərbi bloklara qoşulsa, İranın, Rusiyanın və digər bir sıra ölkələrin təzyiqlərinə məruz qala bilər. Azərbaycanın Qoşulmama Hərəkatında  olması daha məqbuldur. Biz özümüzün ordumuzu gücləndirməliyik, silahlarımızı daha modernləşdirməliyik. Eyni zamanda ölkələrlə ikitərəfli əməkdaşlıqları sıxlaşdırmalıyıq. Xüsusilə Türkiyə ilə hərbi əməkdaşlığımızı ittifaq səviyyəsinə qaldırmalıyıq. Həmçinin İsraillə, Pakistanla hərbi əməkdaşlığımızı daha yüksək səviyyədə qurmalıyıq. Qoşulmama Hərəkatından çıxmaq isə təhlükəlidir. Buna qətiyyən getmək olmaz. Bu cür təşəbbüslər onsuz da cəmiyyət və dövlət tərəfindən qəbul edilməzdir”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

 Fərəc Quliyev 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirdi ki, Azərbaycanın ittifaqlarda, bloklarda olması  çox incə, həssas məsələdir: “İstənilən müttəfiqlik münasibətləri, bloklara qoşulub-qoşulmamaq dövlətin, millətin təhlükəsizliyinə xidmət etməlidir. Bir dövr üçün tarazlığı saxlamaq baxımından Qoşulmama Hərəkatına üzvlüyümüzün əhəmiyyəti var idi. Amma artıq indi şərtlər dəyişib, yeni reallıqlar yaranıb və açıq şəkildə müttəfiqlərimizin, bizi istəməyənlərin kim olduğunu bildik. Hesab edirəm ki, artıq biz yeni formatlar haqqında düşünməliyik. Mütləq mövcud formatlarda yer tutmaqdan söhbət getmir. Bu gün Türkiyə-Pakistan-Azərbaycan birliyinin rəsmiləşdirilməmiş blok şəklində ortada olması onu göstərir ki, biz istəyir NATO olsun, istər KTMT olsun, onlarda yer tutmaqdan daha çox məhz qeyd etdiyim yeni formatın rəsmiləşdirilməsi haqqında düşünə bilərik. Azərbaycanın və Türkiyənin özünü Avropa evində görməsi vacib deyil. Əgər Avropa daha çox xristian dəyərlərinə əsaslanırsa, biz bir ”Turan bloku”nu modelləşdirə bilərik. Biz heç kimlə düşmən olmadan bu platformada toplanıb hansısa bloklarla, sadəcə, əməkdaşlıq edə bilərik. İndiki halda NATO-da təmsilçiliyimizin mümkünlüyünü təsəvvür eləmirəm. KTMT-də olmaq qətiyyən mümkün deyil. İndilikdə necə Rusiya Ermənistanla bir ortaq ordu yaradıbsa, biz də Türkiyə ilə ortaq ordu yaratmaqdan başlayıb Türkiyə-Azərbaycan-Pakistan olmaqla digər türk cümhuriyyətləri ilə bir yerdə özümüzü müdafiə eləməyimiz üçün bir blok yaratmağımız vacibdir. Qərb dəyərlərini də tətbiq etmək lazımdır, amma nəzərə almaq lazımdır ki, Türkiyə kimi dövləti uzun müddətdir Avropa evinə üzv etmirlər. Bloklara qoşulmama siyasətinin özündən artıq imtina eləmək lazımdır və qeyd etdiyim yaxın dövlətlərlə blok yaratmaq vacibdir. Mütləq deyil ki, köhnə bloklarla bir yerdə olasan. Azərbaycanın müharibədə qalibiyyəti yeni reallıqlar yaradıb. Artıq heç kimlə dost olmamaq və ya heç kimlə düşmən olmamaq siyasəti yürümür. Dünyanın bütün aparıcı dövlətləri də mövqe istəyirlər. Biz də mövqeyimizi ortaya qoymalıyıq və güclü olaraq özümüzü müdafiə eləyən blok qurmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160608

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031