Bakıdan Ağ Evə məktub: bədnam 907-ci düzəlişin ləğvi gündəmdə
Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatı ABŞ-ın yeni administrasiyasına müraciət edib; politoloqların gözləntiləri…
Azərbaycana qarşı bədnam “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişin ləğvi mətbuatın gündəminə gəlib. İqtisadçı alim Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatı ABŞ prezidenti Cozef Baydenə, Senatın prezidenti Kamilla Harrisə, eləcə də Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə və dövlət katibi Antoni Blinkenə düzəlişin ləğvi üçün müraciət edib. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş qəbul edilib ki, bununla da Amerikanın Azərbaycana birbaşa dövlət yardımı 2002-ci ilədək yasaqlanıb.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan indiyə qədər 20 ildir ki, ABŞ prezidentləri hər il 907-ci düzəlişin təxirə salınması ilə bağlı qərar imzalayırlar. İndi isə Vətən müharibəsinin nəticələri regionda yeni situasiya yaradıb, o cümlədən problemin həllinin baza əsasları olan üçtərəfli 10 noyabr sənədi imzalanıb. Baydenin bu düzəlişin müəlliflərindən biri olduğunu nəzərə alsaq, bədnam sənədin birdəfəlik ləğvi mümkün görünürmü?
Azərbaycan qarşı bədnam “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişi ləğv etmək üçün nələr etməliyik? Rəsmi Bakı iki ölkə arasında az qala “Domokl qılıncı”na çevrilmiş sənədin ləğvi üçün hansı addımları atmalıdır?
Fərhad Mehdiyev
Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Q.İbadoğlunun müraciəti təqdirəlayiq addımdır. F.Mehdiyev bununla belə, Bayden administrasiyası dövründə müraciətin nəticəsinin uğurlu olacağına ümidsizdir. O, ABŞ Konqresindən 907-ci düzəlişin ləğvini gözləmir. “Baydendən əvvəl Azərbaycana yumşaq münasibəti olan Amerika hakimiyyətlərinin dövründə belə bu sənəd ləğv edilməyib. İnanmıram ki, erməni lobbisinin gücünü sındırmaq və bu məsələni Konqresdən keçirmək mümkün olsun. Xüsusən 44 günlük müharibənin nəticələrindən sonra Azərbaycana olan münasibətə görə 907-ci düzəlişin birdəfəlik ləğvi inandırıcı görünmür. Çünki bu müharibə ilə bağlı müxtəlif fikirlər söyləyirlər, bizə qarşı ittihamlar səsləndirirlər”,- deyə siyasi şərhçi qeyd etdi.
F.Mehdiyevin sözlərinə görə, bugünlərdə Los-Ancelesdə erməni lobbisinin bir üzvü avtobusda videoçarxlar göstərməyə başlayıb: “Həmin kadrlarda Azərbaycan ittiham edilir. Əslində biz adekvat addımlar atmalıyıq. Ermənilərin törətdiyi kifayət qədər müharibə cinayətləri, bunu sübut edən dəlillər var, onları göstərə bilərik. Anlayıram ki, bu işlər maliyyə tələb edir, pul aparır, amma etməliyik. Məsələn, biz veb saytı hazırladıq, ermənilərin hərbi cinayətlərini orada təqdim edirik. O dövrdə də işğala məruz qalan, öldürülən biz idik, amma erməni lobbisi hadisələri elə təqdim etdi, sanki azərbaycanlılar edib. O baxımdan indi 907-ci düzəlişin ləğvi perspektivdə görünmür”.
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, müharibədə qələbədən sonra Azərbaycanın qarşısında dayanan məsələ 907-ci düzəlişin ləğvinə çalışmaqdır. Onun sözlərinə görə, həmin sənədlə bağlı Corc Buşun dövründə mərhum prezident Heydər Əliyev ABŞ rəhbərinə müraciət etmişdi: “O zaman ABŞ dövlət katibi cavab vermişdi ki, onsuz da bu düzəliş işləmir, sizə hər hansı maliyyə sanksiyası tətbiq etmirik, hətta qonşu ölkələrdən daha çox humanitar yardımı Azərbaycana edirik. Cənab İlham Əliyevin dönəmində 907-ci düzəlişə görə qondarma Qarabağ respublikasına da humanitar yardım ayrılmağa başlandı. Azərbaycan müraciət etdi ki, tanınmayan qondarma rejimə humanitar yardımın göndərilməsinin əsası yoxdur, vəsait silah-sursat alınmasına yönəldilir. Azərbaycan bir neçə ildir ki, Qarabağdakı qondarma quruma yardımın dayandırılmasına nail olub. Eyni zamanda Ermənistana ayrılan yardımların məbləğində təxminən 20 milyon dollar azalma müşahidə olunur. İndi isə Baydenin təyin etdiyi yeni dövlət katibi Azərbaycana yardımın dayandırılması məsələsini qaldırıb. Bu, daha çox təhdid elementidir”.
Ekspert yardımın dayandırılacağını güman etmir: “Azərbaycanı müdafiə edən güclü yəhudi lobbisi var. Üstəlik, Bayden hakimiyyətində yəhudilər yaxşı mövqeyə malikdir. Bizə qarşı təxribatları dəf etməyə lazım olan rıçaqlar var. Digər tərəfdən, həmin yardım olmasa nə dəyişəcək? Azərbaycan sürətlə inkişaf edir, Avropanın qaz bazarına daxil olub. Ona görə Qərb və ABŞ-ın müttəfiqləri üçün əvəzolunmaz partnyordur. Bu əməkdaşlıq 20 ildir davam edir və miqyası genişlənir. Artıq 2-3 ildir ki, Yunanıstan, İtaliya və Albaniyaya qaz göndəririk. TANAP-la bu təchizat iki dəfə artıb. Mənə elə gəlir ki, Bayden Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışır, Azərbaycanla da əlaqələr kəskinləşməyəcək, hətta Tramp dövründən də yaxşı olacağını gözləyirəm”.
Qeyd edək ki, sənədin tam adı “Rusiyada azadlığa, Avrasiyada demokratiyaya və azad ticarətə dəstək Aktı” adlanır. Bu sənəd 1992-ci il oktyabrın 24-də SSRİ-nin süqutundan sonra ABŞ Konqresi tərəfindən qəbul edilən ilk qanuverici sənəd kimi, keçmiş SSRİ ərazisində yaranan gənc respublikalara yardım etməyə icazə verirdi. “Azadlığa dəstək aktına” 907-ci düzəliş isə 1992-ci ilin dekabr ayında ABŞ-ın Massaçusets ştatından olan senator Kerri tərəfindən təklif olunaraq qəbul edilib. Həmin düzəliş Azərbaycan rəsmi dairələrinə göstərilən yardımları qadağan edir. Bu düzəlişin qəbulu üçün əsas səbəb Ermənistanın blokada vəziyyətinə salınması və Dağlıq Qarabağda aparılan döyüş əməliyyatları göstərilirdi. Təəssüf ki, Ermənistanın İranla və Gürcüstanla sərhədlərinin açıq olmasına, eləcə də Naxçıvanın Ermənistan tərəfindən blokadada saxlanılmasına diqqət yetirilmədi.
Əgər digər sərhədlərdən nəqliyyat vasitələri ilə iqtisadi əlaqə qurula bilirsə, o zaman blokadadan yox, embarqodan söhbət gedə bilərdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=160614