NATO ilə əməkdaşlıq hər zaman aktual olub – Şərh

05.05.2021 - 10:21

 

NATO ilə əməkdaşlıq hər zaman aktual olub - Şərh

 

“Soyuq müharibə”dən sonra NATO-nun ilkin planlarının siyahısında məhz post-sovet məkanındakı ölkələrlə hərbi əməkdaşlıq məsələləri qüvvədə qalmışdı. Sovet İttifaqının tərkibində olan regionlarda NATO ilə əməkdaşlığın genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən biri idi. Bunun da müxtəlif səbəbləri var idi. İlk səbəblərdən biri Rusiyanı bir növ əhatələmək və potensial təhlükə rolundan kənarlaşdırmaq idi. Bu məqamda NATO bir sıra layihələr irəli sürdü.

Bu sözləri  açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib. Ekspert bildirib ki, bu layihələrdən birincisi Şimali Atlantika Təhlükəsizlik Şurasının yaradılması idi:

“Yeri gəlmişkən, Azərbaycan 4 may 1994-cü il tarixində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmazdan əvvəl bu şuranın üzvü olmuşdu. 1994-cü ildə Heydər Əliyevin Brüssel şəhərində “Sülh Naminə Tərəfdaşlıq” Proqramını imzalaması ilə Azərbaycanla NATO arasında əməkdaşlıq dairəsi daha da genişləndi. Bu, Azərbaycan üçün də vacib bir addım idi. Bilirsiniz ki, Azərbaycan Birinci Qarabağ müharibəsindən yenicə çıxmışdı. Ölkənin sosial-iqtisadi durumu o zaman kifayət qədər yüksək deyildi, müharibədə torpaqlar itirilmişdi. Azərbaycanın hərbi texnikası və hərbi qüvvəsi lazımi səviyyədə olmadığından, NATO təcrübəsindən istifadə etmək lazım idi. Bu baxımdan NATO ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq imzalandı, o cümlədən hərbi maarifləndirməni, eyni zamanda NATO standartlarının Azərbaycanda tətbiqini, əsgər və zabit heyətinin müxtəlif treninqlər və seminarlarda iştirakını xüsusi qeyd etmək lazımdır. Sözsüz ki, bütün bunlar hərbi çərçivədə Azərbaycanın möhkəmlənməsində, ordunun döyüş qabiliyyətinin artırılmasında böyük rol oynadı. Bu əməkdaşlıq həm də qarşılıqlı şəkildə davam etdi”.

Politoloq qeyd edib ki, Azərbaycan hərbi qulluqçuları “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun bir sıra sülhməramlı əməliyyatlarında iştirak edib:

“Buna Kosovonu misal çəkə bilərik. 1999-cu ildən etibarən Kosovoda NATO-nun sülhməramlı əməliyyatları başladı. Həmin sülhməramlı əməliyyatların tərkibində Azərbaycanın 34 hərbçisi var idi. Azərbaycanın həmin hərbi əməliyyatda iştirakı NATO-nun baş katibi tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 2008-ci ildə Kosovo müstəqilliyini elan etdikdən sonra Azərbaycan məlum səbəblərdən öz kontingentini oradan çıxardı. Çünki biz rəsmi olaraq Kosovonun müstəqilliyini tanımamışıq. Bu da Azərbaycan daxilində də həmin problemə oxşar keçmiş Qarabağ münaqişəsinin hökm sürməsi ilə bağlı idi. Heç bir halda biz bu müstəqilliyi dəstəkləyə bilməzdik.

Bundan əlavə, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə NATO-ya dəstək verən ən fəal dövlətlərdən biri olub. 2007-ci ildən NATO-nun rəhbərliyi ilə Əfqanıstanda sülhməramlı kontingent fəaliyyət göstərir, Azərbaycan bu kontingentin yaradılmasına da öz dəstəyini verib. 2014-cü ildən etibarən NATO-nun Əfqanıstandakı missiyası dəyişib, artıq onun yeni adı “Qətiyyətli dəstək” sülhməramlı əməliyyatı oldu. Həmin missiyaya da Azərbaycan böyük töhfələr verib. “Qətiyyətli dəstək” sülhməramlı əməliyyatı çərçivəsində azərbaycanlı təlimçilər Əfqanıstanın təhlükəsizlik qüvvələrinə, hərbçilərinə müxtəlif təlimlər və treninqlər keçiblər. Eyni zamanda, bu səpkidə Azərbaycanın ADA Universiteti ilə də Əfqanıstanın müvafiq institutları arasında əməkdaşlıq olub. Azərbaycan Əfqanıstanda ərazilərin minalardan təmizlənməsi məsələlərində yerli qüvvələrə böyük dəstək olub. Bu kimi məqamlarda görürük ki, Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlar mübarizəsinə böyük töhfəsi olub.

Birmənalı şəkildə demək olar ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olub. NATO-nun yüksək səviyyəli rəsmiləri, xüsusilə də Cənubi Qafqaz üzrə nümayəndəsi Ceyms Appaturay bir neçə dəfə regiona gəlişində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın dünyadakı rolunu xüsusi qeyd edib. Bəzən Azərbaycanın NATO-ya üzvlük məsələsi ətrafında suallar yaranır. Səbəb odur ki, Azərbaycan bu üzvlüyə can atmır, çünki Qoşulmama Hərəkatının üzvüdür və bu baxımdan öz neytrallığını rəsmi şəkildə bəyan edib. Bununla belə, NATO ilə əməkdaşlıq hər zaman aktual olub və bundan sonra Azərbaycan bu əməkdaşlığı davam etdirəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31