Paşinyan Putinə “imtahan” verəcək: İrəvan Kremlə niyə güvənmir və arxa çevirir

14.04.2022 - 23:43

Rusiyanın Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması ilə bağlı prosesi pozmağa çalışması Paşinyan hakimiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır; Rusiyanı yeni ittihamların hədəfinə çevirən rəsmi İrəvan “Erməni xalqını və Ermənistanı Kremlin regional maraqlarının girovluğundan” çıxartmağa can atdığını biruzə verir…

Ukrayna savaşında yaranmış vəziyyət və beynəlxalq sanksiyalar Rusiyanın MDB məkanındakı nüfuzuna da sarsıdıcı zərbələr vurmaqdadır. İndi bir çox postsovet ölkəsi baş verənləri diqqətlə izləyir və xarici siyasət kursunu da yeni situasiyanın tələblərinə uyğunlaşdırmağa çalışır. Və bu baxımdan, MDB ölkələrinin Rusiya ilə tərəfdaşlıqdan yayınmağa çalışdıqları, Kremlin bu məkanda öz hegemon mövqelərini tədricən əldən verməyə başladığı müşahidə olunur.

Maraqlıdır ki, Ermənistanın mövqeyi və Kreml ilə müttəfiqlik maraqları da hazırda Rusiyanın Ukrayna savaşı ucbatından düşmüş olduğu ağır vəziyyət ilə tənzimlənir. Rəsmi İrəvan Kremlin dünyadan təcrid olunmasını, savaş meydanında məğlub durumunu, Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyaların təsiri ilə çökmə mərhələsinə keçməsini nəzərə alır. Paşinyan hakimiyyəti artıq anlayır ki, belə ağır durumda olan, gələcək taleyi də müəmmalı xarakter daşıyan Rusiyanın dəstəyinə və himayəsinə ümid bəsləyib, arxayın olmaq Ermənistan üçün fəlakətlə nəticələnə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana hərbi dəstək vəd etməsi də rəsmi İrəvanın mövqeyinə elə bir ciddi təsir göstərməyib. Üstəlik, bir neçə gündən sonra isə Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək və prezident Vladimir Putin ilə görüşəcək. Ancaq buna baxmayaraq, baş nazir Nikol Paşinyan Rusiyaya güvənmədiyini qətiyyən gizlətmir, əksinə, açıq-aşkar biruzə verir.

Erməni baş nazirin keçmişə yönəlik peşmanlığını dilə gətirməsi də əslində, müəyyən mənada, dolayısı ilə Rusiyadan olan narazılığın ifadə olunması anlamına da gəlir. Çünki, II Qarabağ savaşında Ermənistan nə Rusiyadan, nə də Kremlin nəzarəti altında olan KTMT-dan umduğu dəstəyi ala bilmədi. Daha doğrusu, Türkiyənin Azərbaycana israrlı və açıq siyasi dəstəyi Rusiyanın Ermənistana himayəsini balanslaşdıraraq, boşa çıxartdı.

Ona görə də, indi baş nazir Nikol Paşinyan Moskva səfəri öncəsində vaxtilə Azərbaycanla savaşa səbəb verməsindən peşman olduğunu açıq şəkildə dilə gətirir. Bununla da bir tərəfdən, Rusiyaya ümid olub, savaşa girməkdənsə, yeddi rayonu könüllü şəkildə Azərbaycana qaytarmadığına görə ciddi səhv buraxdığını etiraf edir. Digər tərəfdənsə, Ermənistan cəmiyyətinə dolayısı ilə mesaj verərək, bundan sonra Rusiyaya ümid bəsləməyin tamamilə mənasız olduğuna eyham vurur.

Təbii ki, bu, rəsmi İrəvanın Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə münasibətdə mövqeyinin ciddi şəkildə dəyişməkdə olduğunu göstərir. Paşinyan hakimiyyətinin bu mövqeyi Rusiyanın Ukrayna savaşında düşdüyü ağır duruma paralel olaraq, həm də erməni baş nazirin Brüssel görüşündə Qərb siyasi dairələrindən aldığı mesajlarla da birbaşa bağlıdır.

Çünki baş nazir N.Paşinyan onu da bildirib ki, Qərb siyasi dairələri ona “artsax” məsələsində və Azərbaycanla sülh sazişinin hazırlanması prosesində rəsmi Bakı ilə anlaşmağı məsləhət görüblər. Onun dediyinə görə, Qərb siyasi dairələri ona Türkiyənin hərbi müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı və ərazi iddialarında israr edəcəyi təqdirdə, yeni savaşın baş verə biləcəyi, Ermənistanın dəstəksiz, müdafiəsiz qalacağı barədə xəbərdarlıq ediblər.

Bu səbəbdən də indi baş nazir N.Paşinyanın Ermənistanın Azərbaycanla tez bir zamanda sülh sazişi imzalamasının vacibliyini davamlı olaraq, vurğulaması qətiyyən təəccüblü deyil. N.Paşinyan Ermənistan cəmiyyətinə təlqin etməyə çalışır ki, artıq Rusiyaya güvənib, Türkiyə və Azərbaycan ilə düşmənçilik xəttini davam etdirmək olduqca təhlükəlidir. Və ən qısa zamanda hər iki qonşu ölkə ilə münasibətləri normallaşdırıb, Ermənistanı yeni savaş təhlükəsindən xilas etmək vacibdir.

Təbii ki, bu baxımdan, baş nazir Nikol Paşinyanın Azərbaycanla yekun sülh sazişi imzalamağa can atması tamamilə başadüşüləndir. Hətta Paşinyan hakimiyyətinin “artsax”dan tamamilə imtina etdiyi də inkaredilməz reallıqdır. Belə davam edərsə, yaxın vaxtlarda rəsmi İrəvan Azərbaycanın bütün tələblərinə, o cümlədən, Zəngəzur dəhlizinin də rəsmi Bakının şərtləri çərçivəsində açılmasına razılıq verə bilər.

Ümumiyyətlə, bundan sonra Ermənistanın rəsmi Bakının müəyyən etdiyi gündəlik üzrə davranacağı, hətta yekun sülh sazişinin imzalanması üçün Azərbaycandan israrlı xahişlər edəcəyi belə, qətiyyən istisna deyil.Təbii ki, bütün bunlar ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir. Çünki məhz Azərbaycan-Ermənistan hərbi qarşıdurması Rusiyanın Cənubi Qafqazda qalmasını təmin edən əsas faktor rolunu oynayır.

Yəni, əgər, bu hərbi qarşıdurma aradan qaldırılarsa, Cənubi Qafqazda rus sülhməramlılara və hətta Rusiyanın özünə də heç bir ehtiyac qalmaz. Ona gərə də, ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq üçün Azərbaycan-Ermənistan sülh danışıqları prosesini Rusiyanın nəzarətindən çıxartmağa çalışır. Böyük ehtimalla Kremldə də Rusiyanın Cənubi Qafqazı tamamilə, həm də birdəfəlik itirmək təhlükəsi ilə üzləşdiyini artıq anlamağa başlayıblar.

Ona görə də, yaranmaqda olan yeni situasiyadan narahatlıq keçirən Kremlin Ermənistana qarşı təzyiqləri yaxın vaxtlarda maksimum həddə qədər artırmağa çalışacağı gözlənilir. Kreml əlindən gələn hər şeyi edəcək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi iflasa uğrasın. Yəni, bundan sonrakı mərhələdə Rusiyanın bu prosesi pozmaq istiqamətində ciddi cəhdlər edəcəyi qətiyyən istisna deyil.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan yaxın günlərdə reallaşdıracağı Rusiya səfəri zamanı Kremldə prezident Vladimir Putinə “imtahan” verməli olacaq. Yəqin ki, Kreml sahibi erməni baş nazirə Rusiyanın hərbi-siyasi qüdrətini və regional gücünü qəbul etdirməyə çalışacaq. Və onun Ukrayna savaşında Rusiyanın ağır durumundan qəzəbli olan Kreml sahibi ilə görüşdə sərt təzyiqlərlə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Hələliksə, baş nazir Nikol Paşinyan açıq da olmasa, Rusiyanı ittiham etməkdə həvəsli görünür. Hər halda, erməni baş nazirin Qarabağ məsələsindən danışarkən, “Erməni xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır” deməsi Rusiyaya yönəlik növbəti üstüörtülü ittiham kimi qəbul edilə bilər. Çünki, hazırda Xankəndi və ətraf bölgədəki ermənilər, eləcə də, Ermənistan məhz Rusiyanın regional maraqlarının girovuna çevrilib. Və bu girovluqdan xilas olmayana qədər nə erməni xalqını, nə də Ermənistanı yaxşı perspektiv gözləmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031