XİN QHT-lərə tövsiyələr verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkədə fəaliyyət göstərən QHT-lərə tövsiyələr verib.
Cumhuriyyet.az xəbər verir ki, tövsiyələri XİN-in idarə rəisi Yalçın Rəfiyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfransda çatdırıb.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə BMT-nin bəzi məruzəçiləri tərəfindən ölkəmizə qarşı həqiqətəuyğun olmayan iddialar (erməni hərbçilərə işgəncələrin verilməsi və s) səsləndirilirdi: “Ancaq həmin xüsusi məruzəçilərin Azərbaycanla heç bir qərəzi yoxdur. Onların iddialarının əsas səbəbi erməni QHT-lərinin, ictimai fəallarının bu və ya digər məsələlərlə bağlı həmin şəxslərə müraciətləridir. Bizim də vətəndaş cəmiyyətimiz bütün məsələlərlə bağlı haqlılığımızı sübut etmək üçün əməli fəaliyyətə keçməlidir. BMT-nin qurumları, məruzəçiləri ilə daimi təmas saxlamaq lazımdır. Bu, bir istiqamətdir”.
İdarə rəisi vurğulayıb ki, QHT-lər beynəlxalq siyasətdə xüsusi rol oynayırlar:
“Qərb ölkələrində, beynəlxalq təşkilatlarda vətəndaş cəmiyyətinin sözü də xüsusi rol oynayır. Ona görə də hesab edirəm ki, müxtəlif sahələr üzrə də ixtisaslaşma çox vacibdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=187802