Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər
Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər.
Cumhuriyyet.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahının ev sahibliyi və təşkilata üzv olan 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsi baş tutub.
BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Caba Korosinin təşəbbüsü ilə başladılan beynəlxaq görüşün açılışında zəlzələ nəticəsində Türkiyədə və Suriyada həlak olan millət vəkilləri, eləcə də ötənilki tədbirdə iştirak etmiş keçən ay Kabildə öldürülən Əfqanıstan parlamentinin keçmiş qadın üzvü Mürsəl Nəbizadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Beynəlxalq təşkilatın üzv ölkələrinin parlament nümayəndələri budəfəki iclasda ekosistemin qorunması üçün ən vacib element hesab olunan su ilə bağlı problemləri müzakirə ediblər.
Çıxışlarda bildirilib ki, qlobal istiləşmə nəticəsində həm kəmiyyət, həm də keyfiyyət baxımından bərpa olunan su ehtiyatları risk altındadır. İnsan həyatı və ekosistemə ziyan vuran təbii fəlakətlərin 80%-dən çoxu su ilə bağlıdır.
Parlament üzvləri qeyd ediblər ki, böyük risk altında olan bəşəri ekosistem tez-tez və geniş miqyasda baş verən quraqlıq və daşqınlar, eləcə də iqlim dəyişikliyi ilə əlaqəli dəniz səviyyəsinin qalxması mühüm sosial-iqtisadi problemlərə təkan verərək miqrasiyanı və urbanizasiyanı sürətləndirəcək və qlobal aclıq problemini daha da ağırlaşdıracaq.
Milli Məclisin deputatları Şahin İsmayılov və Naqif Həmzəyev parlament dinləmələrində müzakirələrdə iştirak ediblər. Parlament nümayəndələri çıxışlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı ekoloji terror, xüsusilə transsərhəd çaylarındakı şirin su hövzələrinin çirklənməsi barəsində üzv dövlətlərin nümayəndələrini məlumatlandırıblar.
Deputatlar vurğulayıblar ki, müharibədən sonra Azərbaycanın tarixi torpaqlarında basdırılan minalar göstərir ki, Ermənistan Azərbaycan xalqına qarşı humanitar fəlakət və ekoloji terroru davam etdirir. Çıxışlarda, həmçinin üzv dövlətlərin parlament nümayəndələrinə Laçın-Xankəndi yolunda aylardır davam edən aksiya barəsində məlumat verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=188070