Ermənistan buna məcbur edilməlidir – Korotçenko
Xarici oyunçu olan Avropa Birliyi Ermənistanın əli ilə Cənubi Qafqaza daxil olur və bu da regionda destruktiv və sabitliyi pozmağa yönəlmiş rol oynayacaq.
Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Rusiya və Fransanın Cənubi Qafqaz və Afrikada mübarizəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Birliyinin (AB) Ermənistanda yaradılmış uzunmüddətli missiyasının tamhüquqlu hərbi missiyaya çevrilməsi və orada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təhlükə var.
Politoloq qeyd edib ki, Moskva Qafqazda hadisələrin bundan sonra necə inkişaf edəcəyindən ciddi narahatdır: “Fransadakı erməni diasporu bu gün rəsmi Parisin yürütdüyü siyasətə fəal şəkildə təsir göstərir”.
İ.Korotçenko vurğulayıb ki, Ermənistan Fransaya arxalanaraq Azərbaycanın siyasət və diplomatiya sahəsində suveren qərarlar qəbul etməsinə mane olmağa çalışır:
“Bu məqamda qeyd etməliyəm ki, Aİ missiyasının mandatı bu ərazilərdəki real vəziyyəti əks etdirmir”.
Ekspertin fikrincə, hazırda Bakı ilə Moskvanın mövqeləri arasında fəal yaxınlaşma müşahidə olunur:
“Biz birlikdə Fransanın destruktiv dialoq aparmaq istəyinə fəal şəkildə qarşı çıxacağıq. Üstəlik, Ermənistanı Nikol Paşinyanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün birgə işləməliyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=188193