Rəisi Nikolu təhdid etdi: Bakı ilə yaxınlaşır – Erməni KİV
İran Prezidenti İbrahim Rəisi Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistanda ABŞ-la birgə keçirilən hərbi təlimlərin təhlükələrlə dolu avantüra olduğunu bildirib. Oxşar fikri İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında səsləndirmişdi.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr bildirib ki, əsas düşməni ABŞ-la hərbi əməkdaşlıq etdiyi üçün İran Ermənistana münasibətini sərtləşdirib:
“Düzdür, İran liderləri öz çıxışlarında təsdiqlədilər ki, Tehran regionda istənilən sərhəd dəyişikliyinin əleyhinədir, lakin bu, təsəlliverici diplomatik janrdan başqa bir şey deyil”.
Qeyd olunub ki, son günlər bu kontekstdə İran-Azərbaycan əlaqələri aktivləşib:
“Son günlər bəzi KİV-lər, o cümlədən İran mətbuatı Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün güc tətbiq etməyə hazır olan SEPAH bölmələrinin Azərbaycan sərhədinə toplanması ilə bağlı intensiv məlumatlar yayırlar. Bu baxımdan analitiklər Tehran və Bakının rəsmi nümayəndələri arasında əlaqələrin aktivləşməsinə diqqət çəkirlər. Xüsusilə, İran Silahlı Qüvvələrinin nümayəndəsi general Məhəmməd Əhədi bir neçə gün əvvəl Bakıya səfər edib və İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinin cəmləşməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Dünən isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Bagiri arasında telefon danışığı olub. Bagiri deyib ki, bu kimi məlumatları iki ölkə arasında münasibətləri korlamağa çalışan qüvvələr yayır.
Xatırladaq ki, Bagiri ilə Həsənov arasında telefon danışığından əvvəl İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Tehranda keçirdiyi mətbuat konfransında regionda müharibənin başlamayacağını demişdi: “Biz heç bir sərhəd dəyişikliyini qəbul etmirik. Amma gördüyümüz proses onu göstərir ki, konkret hadisələr baş verməyəcək”.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Ermənistan rəsmilərinin hərbi toqquşmaların mümkünlüyünü ilə bağlı narahatlıqlarına cavab olaraq demişdi ki, Azərbaycan rəsmiləri Ermənistanla münaqişəyə girmək niyyətlərinin olmadığını açıq şəkildə bildirdilər.
Bundan başqa, İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Komissiyasının həmsədri Mehrdad Bəzrpaşla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub. İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, Bəzrpaş Tehranın Azərbaycanın və digər region ölkələrinin ərazi bütövlüyünü dəstəklədiyini, həmçinin Ermənistan və Azərbaycana gərginliyi azaltmaq üçün kömək etməyə hazır olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı İranla ittifaq yaratmaq cəhdlərinə, eləcə də Tehranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasına gəlincə, nazir bildirib ki, onlar İran rəhbərliyinin mövqeyi ilə balanslaşdırılır və İran nəqliyyat əlaqəsinin yaradılmasına qarşı deyil, bir şərtlə ki, bu, sərhədlərin dəyişməsi ilə bağlı olmasın”.
Məqalə müallifi qeyd edib ki, Tehranın siyasətində baş verən son dəyişikliklərə əsasən, İran Ermənistana görə Azərbaycan və xüsusilə Türkiyə ilə münasibətlərini daha da mürəkkəbləşdirmək istəmir və İrəvanın Qərblə yaxınlaşması fonunda balanslı mövqe tutmağa çalışır:
“Hərbi, diplomatik və hökumətlərarası səviyyələrdə İran-Azərbaycan təmaslarının nəticələrini ümumiləşdirərək ehtimal etmək olar ki, son vaxtlar Tehran-Bakı münasibətlərində hökmranlıq edən gərginliyin pik nöqtəsində tərəflər tərəfdaşlıq və konstruktiv dialoq yoluna qayıdıblar. Ermənistan isə faktiki olaraq digər dost ölkə İranın da etibarını və dəstəyini itirir. Vəziyyət həqiqətən təhlükəlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=195742