Başçıların həbs və azadlıq yolu – ŞOK FAKTLAR

05.07.2024 - 12:12

Azərbaycanda dövlət büdcəsində milyonlarla manat oğurlamış icra başçılarının həbsi və 3 məhkəmə instansiyasını keçməsi arasındakı müddət sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır. Bu müzakirələrdə əsas fikir kimi həbsə alınan icra başçılarının iştahaları ilə cəzalarının azaldılması, həbsdən azadlığa çıxma sürətləri arasında bir bağlılığın olması müşahidəsidir.

Bu sırada cəzası ən sonuncu olaraq 11 ildən 8 il 3 aya endirilən Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev oldu. 28 iyun 2024-cü ildə Ali Məhkəmədə Mahir Quliyevin kassasiya şikayəti üzrə qərar verilib. Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Azərbaycanda məmurların, xüsusən də icra başçılarının kassasiya instansiyasına şikayət verib geri götürmələri praktikası geniş yayılıb. Mahir Quliyev də bu mənada istisna deyildi. O, Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 2023-cü ilin avqustunda Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. O zaman Mahir Quliyev barəsində bəraət qərarı çıxarılmasını istəyirdi. Sonradan isə şikayətini geri götürmüşdü. Mahir Quliyevin cəzasının 8 ilə endirilməsi onun azadlığa çıxma şansını artırır. O, 2025-ci ildə cəzasının azadlığın məhdudlaşdırılması növündə çəkməsi ilə bağlı müraciət edə bilər. Bu halda Mahir Quliyevin ayağına elektron qolbaq bağlayıb cəzaçəkmə yerindən evinə yola sala bilərlər. 2026-cı ildə Mahir Quliyevin cəzasının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət hüququ yaranır. Bu hüquqdan da yararlansa, ayağındakı elektron qolbağı açıb sabiq başçının sərbəst hərəkətinə geniş imkanlar açıla bilər.

Xatırladaq ki, Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Onun Bakıda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. 1958-ci il təvəllüdlü Mahir Quliyev 2006-2011-ci illərdə Astaranın, 2011-ci ildən həbs olunana qədər isə Biləsuvar rayonunun icra başçısı olub. Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları DTX əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 6 il, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 10 il azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev hökmdən az sonra koronavirusa yoluxub və 2021-ci il sentyabrın 5-də vəfat edib. Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib.

Bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib. Bu barədə qərar Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

İsmayıl Vəliyevlə bağlı daha bir qərar 2024-cü ilin fevralında Ali Məhkəmədə verilib. Sabiq başçı ilə birgə mühakimə olunan icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov kassasiya şikayətlərinə baxılıb.

Qərarla İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib. Məhkəmənin verdiyi qərar İsmayıl Vəliyev və onun dəstə üzvlərinin tez bir zamanda azadlığa çıxmalarına imkan verəcək. Yada salaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Xatırladaq ki, İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031