Müsavat mitinq dedi, amma qərar vermədi
Aprelin 6-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan verilən xəbərə görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib. Zəngilan rayon təşkilatının 7 nəfərdən ibarət Təşkilat Komitəsi təsdiq edilib.
Müsavat Məclisinin son toplantısının səmərəli keçdiyi qeyd olunub. Məclisin sessiyasında müzakirə olunan məsələlər və qəbul edilən qərarların partiyanın cari fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məclisin sessiyasında müzakirə edilərək əsas kimi qəbul edilən normativ sənədlər Məclis üzvlərinin təklifləri, qeyd və düzəlişləri nəzərə alınmaqla təsdiq edilib. Məclisdə qəbul edilən qərarların icrası ilə bağlı ayrı-ayrı Divan üzvlərinə müvafiq tapşırıqlar verilib.
Divan üzvü Səxavət Soltanlının Gürcüstanda əsas məruzəçi Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə keçmiş komissarı Ştefan Fülenin iştirakı ilə keçirilən “Cənubi Qafqazda gənc siyasətçilərin Forumu” haqqında məlumatı dinlənilib. O bildirib ki, Ş.Fülenin məruzəsinin əsas devizi Avropanın Şərqə doğru genişlənməsi olub. S.Soltanlının Forumda “Anti-diskriminasiya siyasəti” mövzusunda ayrıca məruzə ilə çıxışı Divan tərəfindən yüksək qiymətləndirilib.
İctimai-siyasi vəziyyətlə bağlı İran və Qərb ölkələri arasında imzalanan razılaşma müzakirə olunub. Bu razılaşmanın regionda gedən proseslərə ciddi təsir edəcəyi, Yaxın Şərqdə və Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına səbəb olacağı qeyd olunub.
Sonda cari məsələlərə baxılıb.
Divanın iclası barədə yayılan rəsmi məlumatda Müsavatın 19 apreldə mitinq keçirməsi barədə Məclisin 5 aprel sessiyasında irəli sürülən təklif haqda isə informasiyaya rast gəlinmir.
Xatırladaq ki, Müsavat Məclisində başqan müavini Elman Fəttah 19 aprelə aksiya təyin olunmasını təklif edib. Bundan sonra isə 19 apreldə mitinq keçirilməsi ilə bağlı məsələ ciddi müzakirə olunub. Məclis üzvlərinin təklifləri dinlənilib və məsələ barədə Divanda müzakirələr aparılması və bundan sonra son qərarın verməsi razılaşdırılıb.
Divanın dünənki iclasında isə məsələ barədə yekun qərar verilmədiyi yayılan informasiyadan görünür.
Short URL: http://www.cumhuriyyet.net/?p=21484