“Ərdoğan təkbaşına hökumət quracaq” – Şərh
Əslində, Türkiyədə koalisiya hökuməti qurulması istiqamətində danışıqların nəticəsiz qalacağı gözlənilən idi. Hətta koalisiya hökuməti olsaydı belə, ömrü uzun çəkməyəcəkdi. Çünki bu partiyalar arasında olduqca dərin fikir ayrılıqları var.
Bu sözləri Axar.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə hökumət qurmaq yönündə yaşanan böhranı şərh edərkən deyib. Siyasi analitikin fikrincə, Türkiyədə 90-cı illərdən bəri koalisiya hökumətlərinin qurulması ölkənin siyasi-iqtisadi həyatına nə təkan verib, nə də uğur gətirib:
“Bu mənada Ərdoğan çıxışlarında tarixi faktları nümunə göstərməkdə haqlı idi. Doğrudan da koalisiya hökumətləri Türkiyəyə fayda vermədi. Ancaq xalq bu partiyalara səs veribsə, hesablaşmaq lazımdır.
Digər tərəfdən, koalisiya hökuməti yaradılması mümkün olmayıbsa, bu da Türkiyə demokratiyasına zərbədir. Avropa ölkələrində, xüsusən Almaniyada koalisiya hökumətləri qurulub və təkrar seçkiyə getməyiblər.
Ancaq Türkiyədə AKP-CHP arasında o dərəcədə uçurumlar var ki, insanlar bu iki partiyanın birgə hökumət qurmasını təsəvvür etmir. Zamanında partiyaların yetkililəri biri-birinə qarşı ən ağır ifadələri işlədiblər”.
Politoloq hesab edir ki, danışıqların nəticəsiz qalması təkrar seçkiyə gediləcəyini göstərir:
“Təkrar seçkilərin iki ssenarisi var: ya 7 iyun nəticələri təkrarlanır və təzədən koalisiya hökuməti qurulması üçün müzakirələr başlanır. Bu halda da vətəndaş sual edəcək: əgər koalisiya danışıqları olacaqdısa, təkrar seçkiyə nə gərək varıydı?
İkinci ehtimalıma görə, AKP təkbaşına hökumət qurmaq üçün yetərli səs alır. İyun seçkilərində AKP-nin təkbaşına hökumət qurmasına HDP əngəl oldu. Ancaq bu arada, yəni PKK-nın son terror aktlarında HDP nüfuzunu itirdi. HDP nə onları silahı yerə qoymağa çağırdı, nə PKK-dan fərqli mövqe sərgilədi, nə də terroru pislədi.
Nəzərə almaq lazımdır ki, HDP-yə səs verən 6 milyondan 1 milyon 200 min seçici qeyri-kürd idi. Onların içərisində liberal türklər də vardı. HDP-nin isə PKK-ya münasibətində qoyduğu mövqe bu üç ay ərzində nüfuzuna təsir etdi. Bu sınaqdan HDP uğurlu çıxmadı və təkrar seçkidə AKP-nin qarşısında maneə olacağı ciddi sual altındadır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=29685