Parlament seçkilərində partiyalara daha çox yer veriləcək- 100 mandat

28.08.2015 - 11:23

seckiBu ssenarinin əsasında hakimiyyətin parlamentdə daha çox partiyaya yer verməklə geniş siyasi iştirakçılıq və təmsilçiliyin nümayiş olunması niyyəti durur

2015-ci il parlament seçkiləri marafonuna start verilməsinə saylı günlər qalıb.  Seçkilərin təyin olunması ilə bağlı bu gün-sabah gözlənilən prezident sərəncamından sonra MSK seçkilərə hazırlıq təqvimini açıqlayacaq.  Bütün bunlara baxmayaraq hələ ki, iqtidar rəsmi və qeyri-rsmi seçki qərarlarını açıqlamağa tələsmir.  Siyasi hakimiyyətin cəmiyyəti intizarda saxlamasının sirri hələ çözülməsə də, iqtidarın üstünlük verəcəyi mümkün ssenarilər barədə müzakirələr ara vermir.

Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət dairələrində nəzərdən keçirilən ssenarilərdən biri də parlamentdə YAP-ın və digər və siyasi partiyaların təmsilçiliyini artırılmasıdır. Bu ssenariyə uyğun olaraq bitərəflərin sayı azalacaq.

Xatıraladaq ki, 2010-cu il 7 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası , Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Ümid Partiyası  mandat almağa nail olub.

AMİP, DADP, Müasir Müsavat Partiyası, Milli Demokrat Partiyası, ASDP, AXCP, Müsavat, KXCP, Aydınlar Partiyası, Vətəndaş və İnkişaf Partiyası  parlamentdə təmsilçiliyə nail ola bilməmişdilər. Ümumilikdə, parlamentdə siyasi partiya təmsilçilərinin sayı 82 nəfər olmuşdu. Hakim Yeni Azərbaycan Partiyası 71 mandat əldə etmişdi.

Hakimiyyət dəhlizlərindən gələn xəbərlərə görə, bu ssenariə uyğun olaraq YAP-dan seçilənlərin sayı 83 nəfərə çata bilər. Digər partiyalara isə 15-17 yer ayrılması mümkündür.  Özü də daha çox müxalifət partiyalarına üstünlük veriləcəyi gözlənilir.

Bu ssenarinin əsasında hakimiyyətin parlamentdə daha çox partiyaya yer verməklə geniş siyasi iştirakçılıq və təmsilçiliyin nümayiş olunması niyyəti durur.  Hakimiyyətin indiyə qədər siyasi partiyalara yanaşması praktikası da bu ssenarinin reallaşması ehtimalını gücləndirir.  Hakimiyyətlə müxalif partiyalarla seriya görüşlər keçirdi. Görüşlərə qatılan müxalifət partiyaları isə öz növbəsində müəyyən olunmuş oyun qaydalarını pozan heç bir təşəbbüs göstərmədilər. Avropa oyunlarında,  siyasi məhbuslar məsələsində hakimiyyətə birmənalı dəstək verildi.  İndi bu əməkdaşlığın bəhrəsi parlament seçkilərinin nəticələrində təzahür edə bilər.

Parlament seçkiləri ilə bağlı digər mühüm məqam isə namizədlərin qeydiyyatı ilə bağlıdır. Bu istiqamətdə də hakimiyyətin geniş iştirakçılıq prinsipini əsas götürəcəyi gözlənilir. Yəni namizədlərin qeydə alınmasına ciddi məhdudiyyətlər yaradılmayacaq.  Qeyd edək ki, 5 il əvvəl 1100 nəfər vətəndaş deputatlığa namizədliyini irəli sürüb, onlardan 695 nəfər qeydiyyata alınıb. Namizədlərdən 347 nəfəri siyasi partiya üzvləri, digərləri isə müstəqil namizədlər olub.

Ümumi olaraq 305 namizədi qeydiyyata almaqdan imtina olunub, 72 nəfər öz namizədliyini geri götürüb. 2010-cu il parlament seçkilərində qeydiyyatdan keçən namizədlərin sayı demək olar ki, 2005- ci il parlament seçkiilərində olan namizədlərdən 3 dəfə az olub. Ümumilikdə, 7 noyabr parlament seçkiləri 1995-ci ildən etibarən keçirilmiş parlament seçkilərində ən az namizəd olan parlament seçkisi olub.

Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət bu dəfə bu istiqamətdə ciddi işləmək və göstəriciləri yaxşılaşdırmaq niyyətindədir.

Hakimiyyət təmsilçiləri ilə söhbətlərdən məlum olur ki, iqtidarın geniş müşahidəçilik təşkil olunmasına da müsbət baxır. 2010-cu parlamnet seçkilərində MSK tərəfindən akkreditə olunmuş 1026 beynəlxalq müşahidəçi 19 beynəlxalq (xarici) qurumu təmsil edib. Bu qurumlara – Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, Avropa Seçki Müşahidə Akademiyası habelə ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlikləri daxil olub.

Bu seçkilərdə əvvəlkindən fərqli olaraq beynəlxalq müşahidəçilərin sayının az olması gözlənilsə də, yerli müşahidəçilərin sayının çox olması təşviq ediləcək.

Zaur İBRAHİMLİ

Strateq.az

Short URL: http://www.cumhuriyyet.net/?p=30700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728