Putinlə Sərkisyanın Azərbaycan planı
Hikmət Hacızadə: «Rusiya gedən geosiyasi mübarizədə Azərbaycanı tam formada ələ keçirmək istəyir»
Dünən Ermənistan prezidenti Serj Sərkisyanla Rusiya prezidenti Vladimir Putin görüşüb. Moskvada baş tutan görüşə münasibət birmənalı deyil. Görüşün Lavrovun sentyabrın 1-də Bakıya səfər etməsindən sonraya təsadüf etməsi maraq doğurur. Bu baxımdan bir sıra ekspertlər hesab edir ki, Sərkisyanla Putinin görüşü Bakı təmaslarının davamıdır. Erməni saytları isə dünənki görüşü Rusiyanın Minsk qrupundan yan keçməklə Qarabağ üzrə öz “gizli planını” həyata keçirmək istəyi kimi dəyərləndiriblər. Maraqlı daha bir məqam ondan ibarətdir ki, Rusiyanın rəsmi qurumları Sərkisyanla görüşdə Qarabağ məsələsinin müzakirə edilməsini inkar edir.
Erməni mətbuatı Rusiya Xarici Işlər Nazirliyinə yaxın mənbələrə istinad edərək Sergey Lavrovun Bakıya səfəri zamanı Azərbaycana münaqişənin sürətli həlli üzrə bir neçə variant təklif edildiyini bildirirlər. Bu variantlar üzrə ilkin razılığın Vladimir Putinin Avropa Oyunlarına baxmaq üçün Bakıya səfəri zamanı əldə edildiyi də vurğulanır.
Bir neçə gün öncə həmin həll variantlarını Rusiya mətbuatına açıqlamış rusiyalı politoloq Vitali Arkovun fikrincə, münaqişənin iki həll variantı realdır. Birinci variantda, Ermənistan tamamilə öz qoşunlarını Dağlıq Qarabağdan və ətrafdakı 7 rayondan çıxarır, ərazilər Azərbaycanın nəzarətinə keçir. 2014-cü ildə müzakirə mövzusu olmuş həmin məsələyə görə, Ermənistan Azərbaycana 3 ildə 10 milyard dollar, yəni ildə 3,4 milyard dollara yaxın pul verməyi təklif edib. Vitali Arkovun sözlərinə görə, Serj Sərkisyan bundan aşağı məbləğə Ermənistan qoşunlarını geri çəkməyə razılaşmayacağını bildirib. Lakin Azərbaycan bu cür həll variantından imtina edib.
Ermənilərin xərcsiz razılaşmaq istədiyi ikinci variant isə Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlıdır. Həmin varianta görə, Laçın dəhlizi də Ermənistana verilir və Dağlıq Qarbağ Ermənistana birləşdirilir. Azərbaycana qaytarılmış rayonlara məskunlaşdırılmış ermənilər isə məhz Azərbaycanın hesabına Ermənistana və ya Dağlıq Qarabağa köçürülür.ÿ
“Sərkisyan Putin görüşü nə vəd edir?”
Bir sözlə, səfərlə bağlı şərhlər birmənalı deyil. Ekspertlər bəyan edir ki, ola bilsin Ermənistana “Azərbaycan torpaqlarından çıx” əmrinin verilməsi barədə nağıllar da bu qəbildəndir. Bəs bu bəyanatları, ümumiyyətlə, cərəyan edən prosesləri necə dəyərləndirmək olar?
Politoloq Hikmət Hacızadə hesab edir ki, Putinlə Sərkisyanın görüşü zamanı Qarabağ məsələsinin müzakirə edilməyəcəyi az inandırıcıdır. Digər tərəfdən, Putinin Qarabağla Ermənistana təzyiq etməsinə gəlincə H.Hacızadə hesab edir ki, gəzən bu şayiələrin müəyyən əsası ola bilər: “Rusiya Sərkisyanı dilə tuta bilər ki, o, Qarabağ ətrafında yeddi rayonu boşaltsın. Bu, Rusiyanın planıdır. Rusiya gedən geosiyasi mübarizədə Azərbaycanı tam formada ələ keçirmək istəyir. Amma Ermənistanın rayonları boşaltması elə belə edilməyəcək. Işğaldan azad edilən ərazilərə rus sülhməramlıları gəlməlidir. Bu, Rusiyanın strateji planıdır”. Hacızadənin fikrincə, Rusiya həm Ermənistanı, həm də Azərbaycanı vahid planın tərkib hissəsi etmək istəyir. Rusiyanın regionda aktiv siyasət aparmasının təsadüfi olmadığını deyən H.Hacızadə bildirdi ki, Lavrovun səfərinin ardınca Sərkisyanın Moskvaya səfər etməsi eyni strategiyanın, Rusiyanın cızdığı planın tərkib hissəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=31535