Elmar Məmmədyarovu kimlər “vurmaq” istəyir? – Deputatdan maraqlı şərh
10.09.2015 - 12:06
Mayın 19-da Binəqədidə baş verən yanğın hadisəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq səfiri Arif Məmmədovun statusu ilə başlayan qalmaqala daha biri əlavə olunub.
Belə ki, Avstraliyadakı səfirimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları ilə bağlı açıqlama verib. Məsələyə münasibət bildirən nazirlik onun işdən qovulduğunu açıqlayıb. Göründüyü kimi, XİN problemin həll yolunu narazıların işdən qovulmasında axtarır.
Son aylarda XİN-də baş verənlərdən sonra bir nüans diqqəti çəkdi. Qurumdakı narazılıq əsasən daxildən kənarda baş verir. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın xarici siyasətinə ciddi zərbə vurur. Xüsusilə Dağlıq Qarabağ probleminin həll yollarına da təsirsiz ötüşmür.
İqtidaryönlü deputat Fəzail Ağamalı da bu düşüncədədir. O, XİN-in atdığı addımları dəstəklədiyini bildirdi: “Binəqədidə baş verən yanğın hadisəsi ilə bağlı sabiq diplomatın, diplomatik qaydalara sığmayan açıqlamalar verməsi təbii ki, bu sahədə xoşagəlməyən məqamlar yaratdı. Bir vətəndaş kimi, öz təəssüfünü bildirə bilərdi. Başadüşülən olardı. Bütün bunlardan dolayı o, diplomatik siyasətçi kimi öz mövqeyini ortaya qoyanda təbii ki, Xarici İşlər Nazirliyi addımını atmalı idi. Nazirliyin addımını müdafiə edirəm. Çünki bu cür hallar yaramaz. Diplomat, siyasətçi öz işi ilə məşğul olmalıdır. Jurnalist də peşəsinə uyğun fəaliyyət göstərməlidir. Hər şey yerində olanda problem ortaya çıxmır. Peşələr və onların daşıyıcıları yerlərini dəyişəndə, hər zaman problem yaranır. Yaranan problemin kökündə bunlar dayanırdı. KİV-lərin məlumatına görə, Avstraliyada yoxlamalar zamanı həmin şəxsin günahı üzə çıxmışdı. Bunlar ciddi araşdırmalar tələb edir. Bununla bağlı nazirlik açıqlamasını verib. Çox yaxşı olardı ki, nazirlik onun günahları ilə bağlı mətbuata geniş açıqlama versin. O zaman hansı tərəfin günahının çox olduğu üzə çıxacaq”.
Deputat indiki vəziyyətdə bu məsələlərin ortaya çıxmasının Qarabağ probleminin həllinə ciddi əngəl törətdiyini də qeyd etdi: “Anti-Azərbaycan qüvvələrin ciddi fəaliyyətə keçdiyi bir vaxtda belə məsələlərin ortaya çıxması və bununla bağlı irəli sürülən bəzi fikirlər yanlış yanaşmadır. İstefaya göndərən də ölkə prezidentidir, vəziyə qoyan da. Ümidlərlə, ekspertlərin fikirləri ilə indiyə qədər heç kəs vəzifədən çıxarılmayıb, heç kim də vəzifəyə təyin olunmayıb. Dağlıq Qarabağ məsələsinin həllinin aktiv fazaya keçdiyi ərəfədə bu məsələləri Xarici İşlər Nazirliyinin və onun rəhbəri Elmar Məmmədyarovun üzərində cəmləşdirmək indiki durumda yol verilən deyil. Hər addım atanda, dövlətimizin maraqlarını düşünməliyik. Çünki bu nazirlik ölkəmizin imicinə müsbət və mənfi amillər gətirəcək ciddi qurumdur. Dünya ölkələrində də belədir. Ona görə də qələm əhlindən xahiş edərdim ki, bu məsələlərə diqqətli yanaşsınlar. İndiki durumda Elmar Məmmədyarovun üzərinə getmək nazirliyin üzərinə getmək anlamına gəlməlidir”.
F.Ağamalı baş verənlərin Azərbaycanın xarici siyasətinə ciddi zərbə olduğu qənaətindədir: “Arif Məmmədov məsələsi ortaya çıxanda dedim ki, o, artıq təsir altına alınmış şəxsdir. Çünki vətənini, ölkəsini sevən diplomat xaricdə o cür bəyanatlar verməməli, Azərbaycanın üzərinə getməməlidir. O, artıq koordinator rolunu oynayır. Elə zənn edir ki, kim Xarici İşlər Nazirliyindən narazı olsa, ona müraciət edə bilər. Kim bu səlahiyyəti sənə verib? Bunun arxasında kimlər dayanır? Sən özünün ətrafında yuva qurursan, ora anti-Azərbaycan qüvvələri cəm edirsən. Xaricdə olan, vəzifə gözləyən, yaxud vəzifəsinin artmasını gözləyən, həyata keçmədiyinə görə narazı qalan şəxsləri də ətrafına cəm edirsənsə, hər şey ortadadır. Görün hansı cəsarəti daşıyır, ultimatum göndərir ki, xaricdə nazirliyin alternativ qurumu yaradıla bilər. Mənə elə gəlir ki, bu danışdırılan, Azərbaycana qarşı axtarılıb tapılan bir şəxsdir. Bunlar açıq şəkildə hiss olunur. Onun açıqlamaları bu fikirləri səsləndirməyə əsas verir. Ona görə də xarici diplomatlar bu məsələlərə diqqət yetirməlidirlər. Diplomatlar xüsusi olaraq seçilməlidir. Xahişlə, kiminsə qohumu olması ilə xaricdə diplomatik korpus formalaşdırmaq olmaz. Şəxsi keyfiyyətlərə ciddi önəm vermək lazımdır.
Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində indi məlum olur ki, qarmaqlar xaricdəki diplomatlarımıza da atılıb və atılmaqdadır. Bir daha hesab edirəm ki, bütün günahları Elmar Məmmədyarovun üzərinə atmaq ədaləti, həqiqəti özündə əks etdirmir”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=31780