“Bizdə elə silahlar var ki…”

15.09.2015 - 11:33

zakir7Azərbaycanın öz tarixində ən iri təlimlərini uğurla başa çatdırdı; bu təlimlər Qarabağ məsələsini uzatmağın region və vasitəçi güclərə vəd etdiyi təhlükəni əyani nümayiş etdirdi; müdafiə naziri Zakir Həsənov düşməni xəbərdar elədi

Azərbaycanın öz müstəqilliyi tarixində keçirdiyi ən iri təlimlər yekunlaşdı. 65 min nəfərlik şəxsi heyət, 700 zirehli texnika, 500-dən çox raket və artilleriya qurğusu, 40-dək təyyarə, 50-dək helikopter, 20-dək gəmi və katerin cəlb olunduğu bir həftəlik təlimlərdə Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin döyüşə hazırlıq və döyüş qabiliyyəti ən ciddi şəkildə yoxlanıldı.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ANS telekanalına müsahibəsində təlimlərin yekununu yüksək qiymətləndirərək deyib: “Bizim keçirdiyimiz son təlimlərin əsas məqsədi – qarşılıqlı fəaliyyət və iştirak, idarəçilikdə bütün qoşun növlərinin birgə fəaliyyətini təşkil etmək, məntəqələrin bütün idarəçilik imkanlarından istifadə etmək idi. Yəni bütün qoşun növlərindən qarşılıqlı istifadə edərək düşməni darmadağın etmək. Bildiyiniz kimi, biz KİV-lərə məlumat vermişdik ki, qoşunların idarəçiliyində əsas məqsəd qoşunların idarəçiliyi və əks hücumun dəf olunması, düşməni mühasirəyə götürüb, darmadağın etmək olub. Qeyd edim ki, təlimlər zamanı yaranan nöqsanlar artıq yox edilib. Prezidentin diqqət və qayğısı nəticəsində əldə etdiyimiz avadanlıq bizə imkan verir ki, idarəçiliyi daha yüksək səviyyədə təşkil edək. Hətta burada avtomatlaşdırılmış sistemlər, yeni proqramlar tətbiq olunur. Bu avadanlıqlar bizdə şərait yaradır ki, hadisələri qısa müddətdə təhlil edək və düzgün qərar qəbul edək”.
 
Bu xüsusda nazir onu da etiraf edib ki, hərbi təlimlərdə ilk dəfə elə silahdan istifadə olunub ki, indiyədək istifadə edilməyib və Azərbaycan silahlarının “tacı”dır: “Bizdə belə silah var! Biz bu silahı o təlimlərə cəlb etmişdik. Mən şəxsən o silahın yerləşdiyi mövqedə olmuşam. Onun döyüşə hazırlıq vəziyyəti ilə yaxından tanış oldum. Şəxsi heyət qısa zamanda bu silahın sirlərini mənimsəyib və yaxşı nəticələr göstərdiyini sübut edib”.
***
Azərbaycan son təlimləri ilə sözsüz ki, bir daha işğalçı Ermənistana, onun havadarlarına mesaj vermiş oldu ki, təcavüzkar uzun illər torpaqlarımızda rahat otura bilməyəcək və gec-tez ərazilərimizi boşaltmalı olacaq. Əks təqdirdə, düşmən Azərbaycanın öhdəsindəki ən müasir silahların tətbiqi də daxil, güc tətbiqi ilə üzləşəcək.
Doğrudur, hələ ki rəsmi Bakı əlverişli şərtlər yetişənədək müharibə variantını ehtiyatda saxlayır. Çünki burada proqnoza yatmayan Rusiya amili həlledici rol oynayır. Rusiya isə…
“Rusiyaya Cənubi Qafqazda müharibə lazım deyil”. Bu sözləri rusiyalı politoloq Konstantin Kalaçev mediaya açıqlamasında söyləyib. Onun sözlərinə görə, Moskvaya yalnız özünün Cənubi Qafqazdakı maraqları vacibdir.
Sitat: “Hər kəs bu hadisələri arzuladığı kimi görmək istəyəcək. Ermənilər Putinin dislokasiya problemini həll etdiyini düşünəcək, azərbaycanlılar isə Rusiyanın Ermənistana təzyiq edəcəyi ilə bağlı şayiələri müzakirə edəcəklər. Nəticədə isə hər şey əvvəlki kimi qalacaq. Rusiya öz maraqları çərçivəsində hansısa sonuncu seçimi etməyə hazır deyil. Moskva üçün Ermənistan strateji müttəfiq, Azərbaycan isə strateji tərəfdaşdır. Moskvanın öz maraqları var və o öz maraqlarını Cənubi Qafqazda kifayət qədər uğurla reallaşdırır. Rusiyanın hərbi sənaye kompleksləri Azərbaycan və Ermənistanın sifarişlərini icra edir. Lakin müharibə olmayacaq. Rusiyaya bu, konflikt tərəflərinə gərək olmadığı kimi, lazım deyil. Diplomatik razılaşmaya doğru uzun bir yol olacaq. Hərəkət var, amma onun son məqsədi yaxınlarda olmayacaq”.
 
Xatırladaq ki, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfər etmişdi. Bunun ardınca Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya gedərək Vladimir Putinlə görüşdü. Görüşdə tərəflər arasında müzakirə mövzularından biri Qarabağ konflikti oldu. Görüşü şərh edən bəzi ekspertlər Moskvanın İrəvana Qarabağın Azərbaycana qaytarılması ilə bağlı təzyiq edəcəyini təxmin eləmişdilər.
***
Lakin hələ ki Qarabağ “yükü” 21 il öncə harada idisə, orada da qalır. Bu günə nə Rusiya, nə də ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri – ABŞ və Fransa 21 illik danışıqlarla məsələdə heç bir irəliləyişə nail ola bilməyib. Səbəb gizli deyil: biri – Rusiya sülhü, sadəcə, arzulamayıb, digərləri – ABŞ və Fransa isə bacarmayıb.
Amerikalı vasitəçi Ceyms Uorlik isə hələ də ümidini itirməyib. “Amerikanın səsi” radiosuna müsahibəsində o, artıq Qarabağ münaqişəsində sülhə nail olmağın vaxtı çatdığını bildirib: “Əgər biz problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər”.
 
Diplomat ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəklərinə ümid bəslədiklərini də söyləyib: “İki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşündə biz görüşün gündəliyi, vaxtı və yerini müəyyən etməyə çalışacağıq”.
 ***
Bu arada Ukraynanın sabiq prezidenti, rəsmi Kiyevin Minsk təmas qrupundakı nümayəndəsi Leonid Kuçma maraqlı açıqlama ilə çıxış edib. O, Donbası Qarabağla müqayisə edib. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, Kuçma deyib: “Donbas məsələsi Qarabağ və ya Cənubi Osetiya məsələsi kimi dondurulmuş münaqişə vəziyyətinə gətiriləcək”.
Onun qənaətincə, bənzər konfliktli situasiyalar artıq tarixdə olub, fəqə,t onların çoxunu sonadək həll eləmək mümkün olmayıb. “Nə qədər müxtəlif səviyyələrdə komissiyalar yaradılıb, di gəl həll olmayıb. Deyəsən, dünya da problemlərin bu vəziyyəti ilə barışıb – Gürcüstanda, Moldovada, Azərbaycanda” – qeyd edib keçmiş prezident.
Kuçma onu da bildirib ki, Donbasın Dağlıq Qarabağ, Abxaziya, Cənubu Osetiya, Dnestryanı bölgə ilə yanaşı duracağının əlamətlərindən biri odur ki, dünya Ukraynanın cənub-şərqindəki hadisələrə marağını itirməkdədir.
Oxşar münasibət şəksiz ki, Qarabağ məsələsi ilə bağlı mövcuddur. Kuçmanın vurğuladığı kimi, sanki dünya Dağlıq Qarabağ probleminin hazırkı vəziyyəti ilə barışıb. Ancaq nə vaxtadək? Axı sadalanan münaqişələrin hamısı özündə bütöv bölgələri xaosa sürükləyə biləcək “gec partlayan bomba” effektini daşıyır.
Hələ ki bu “bombaları” zərərsizləşdirmək üçün vaxt var.

Short URL: http://www.cumhuriyyet.net/?p=32207

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728