Qarabağda müharibəyə aparan səbəblər çoxalır
05.10.2015 - 10:19
Rusiyalı analitik: “Azərbaycan yeni savaşa sürüklənir…”
BMT Baş Məclisinin 70-ci sessiyası ən çox Suriya (Yaxın Şərq) və Ukrayna məsələlərinin beynəlxalq diqqətdə saxlanması ilə tarixə düşdü. Belə qənaət yarandı ki, Dağlıq Qarabağ problemi, Ermənistanın işğalı kimi məsələlər hələ ki, dünyanın, aparıcı güclərin və dövlətlərin gündəliyində ön planda deyil.
Doğrudur, sessiya çərçivəsində Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirildi, iki ölkə prezidentlərinin növbəti birbaşa görüşünü ilin axırınadək təşkil eləməklə bağlı razılıq əldə olundu. Ancaq eyni zamanda ardınca bu anlaşmanın əhəmiyyətini heçə endirən olaylar da yaşandı.
Söhbət işğalçı ölkənin prezidenti Serj Sərkisyanın BMT tribunasından Azərbaycanın ünvanına növbəti dəfə hədyanlar söyləməsindən gedir. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov öz çıxışında onun layiqli cavabını verdi. Lakin o da aydın oldu ki, dünya ictimaiyyəti hələlik bu marionet, işğalçı Rusiyanın forpostu rolunu oynayan ölkəyə qarşı beynəlxalq hüquq normalarından doğan qətiyyətli yanaşma sərgiləməyə tələsmir, lap dəqiqi, buna hazır deyil – Rusiya və digər amillərə görə.
***
Belədə ilin axırınadək prezidentlərin görüşü baş tutsa da, indidən ondan ciddi nəticə gözləməyə dəymir. Mövcud şərtlər imkan vermir. Ümid qalır Azərbaycanın öz gücünə reallıqları xeyrinə dəyişmək, müharibə variantına.
Əksər siyasi analitiklər, dünyanın nüfuzlu mediası vaxtaşırı yaranmış durumda yeni savaş ehtimalının artdığını bildirir və bir an öncə konflikt nizamlanmazsa, müharibənin alovlanacağı barədə xəbərdarlıq edirlər.
“Dağlıq Qarabağ ətrafında artan gərginlik Rusiyanın maraqlarına xidmət edir və hər an müharibə başlaya bilər”. Bu barədə aljazeera.com saytında dərc edilən analitik yazıda deyilir (axar.az). Yazıda qeyd olunur ki, müvəqqəti atəşkəs sazişinin qüvvədən düşməsindən sonra Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək istiqamətində mübarizə aparan tərəflər arasında münaqişə kəskinləşib; iki ölkə arasında konfliktin həlli mümkünsüz hala gəlib, bu isə Rusiyanın işinə yarayır. “Moskva 1994-cü ilin may ayından etibarən mövcud qurumda Fransa və ABŞ arasında üstünlüyü ələ alıb. Minsk Qrupunun yaradılması ilə Moskva mövqeyini möhkəmləndirmiş olub” – qeyd edir sayt.

Sayt iddia edib ki, uzun müddət səssizliyin hökm sürdüyü Dağlıq Qarabağda son vaxtlar münaqişə kəskin dərəcədə pisləşib. Müntəzəm olaraq atəşkəs pozulur, itkilər olur. Şərhdə bu ilin sentyabrından sürətlənən prosesin müharibəyə doğru getməsini göstərən üç əsas səbəb aşağıdakı kimi xarakterizə edilib: “1. Artıq snayperlər əvəzinə top, raket atışları ilə hücumlar edilir. Bu vəziyyət daha ciddi fəsadların olacağından, əməliyyatların miqyasının əhəmiyyətli dərəcədə artacağından xəbər verir. 2. Qarşıdurmanın sahəsi Dağlıq Qarabağın sərhədlərini aşır və hazırda Ermənistan-Azərbaycan sərhədindəki əraziləri əhatə edir. Münaqişə sahəsinin genişlənməsi ilə pilotsuz hava vasitələrindən istifadə də azalıb. 3. Diplomatik variantlardan daha çox silahlı qüvvələrə üstünlük verilməyə başlanıb. Artıq sülh danışıqlarına ümidini kəsən Azərbaycan hücum əməliyyatına üstünlük verir. Buna qarşılıq Ermənistanın Azərbaycanın hücumlarına çətinliklə cavab verməsi münaqişənin böyüməsinə yol açır. Hazırda hər iki tərəf də çətin bir dönəmə daxil olur, gərgin savaşın içərisinə yuvarlanır. Bu proseslər zamanı mövqeyi möhkəmlənən isə yalnız Rusiya oldu. Moskva tərəflərə silah verir, vasitəçilik edir, üstəlik, fəlakətin baş verib-verməməsinə qərar verəcək açar ölkə durumuna gəlib”.
Saytın analitikləri daha sonra iddia edir ki, Qarabağ probleminin həlinin mümkünsüz hala gəlməsi, hər iki tərəfdə hərbi proseslərin başlanması Rusiyanın güc və təsirini artırıb və Moskva bu münaqişədən “təsadüfən bir müharibə” başladaraq regionda yeni düşmənlər yaratmaqla gücünü artırmaq niyyətindədir.
Hədəf isə ilk növbədə Moskvanın Azərbaycanda öz hərbi mövcudluğunu bərpa eləməkdir. Hələlik isə şimal qonşumuz hədəfinə Qarabağ zonasına sülhməramlılar göndərməklə nail olmağa çalışır. Müşahidəçilərə görə, Rusiyanın siyasətində belə bir təhlükəli manevrə – bölgədə güc nümayişinə qarşı NATO Gürcüstanda hərbi təlim bazası yaratmaqla reaksiya verib. Çünki ehtimal edilir ki, Dağlıq Qarabağ ətrafında müharibə sürətlə böyüyə, Türkiyə və İranın da ona cəlb edilməsinə gətirə bilər. Qardaş Türkiyə isə NATO üzvüdür.
***
Rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk hesab edir ki, Cənubi Qafqaz hazırda gedən dünya müharibəsi fonunda özünün dondurulmuş problemləri ilə heç kimə rahatlıq verməyəcək: “Xatırladım ki, böyük müharibə keçən əsrin 90-cı illərində Serbiyanın paytaxtı Belqradın NATO qüvvələri tərəfindən bombardman edilməsindən sonra başlayıb. 30 sentyabr 2015-ci ildə bu dünya müharibəsinə faktiki olaraq, Rusiya öz ünvanına yönələn terror təhdidlərinə reaksiya vermək üçün daxil olub – Suriyaya girməklə”.
Ekspertə görə, Qafqaz və Mərkəzi Asiya SSRİ-nin keçmiş əraziləri içərisində hərbi-siyasi təhlükəsizlik planı cəhətdən daha zəif ərazilərdir: “Bura həmçinin, Xəzər və digər problemlər daxildir. Dağlıq Qarabağda situasiya artıq yerindən tərpənməyə başlayıb. Oradakı hadisələri müharibə olmasa da, yarı-müharibə adlandırmaq olar. Hər iki tərəfdən ağır silahların tətbiq olunması çox şeydən xəbər verir. Bu situasiyadan mütləq kimsə istifadə edəcək. Ona görə də real təhlükə kimi Azərbaycanın yeni Qarabağ müharibəsinə itələnməsini görmək gərəkdir”.
Ekspert hesab edir ki, belə bir durumda sülhməramlı qüvvələr məsələsi heç vaxt olmadığı qədər aktual görünür: “Lakin anti-Rusiya imici Qərb tərəfindən yaxşı formalaşdırılıb və bu ”brend”dən aktiv şəkildə istifadə ediləcək. Bu dünyanın istənilən yerində, o cümlədən Rusiyanın heç vaxt marağının olmadığı yerlərdə də istifadə olunacaq. Lakin Qarabağa Rusiya heç nə gətirməyəcək. Belə ki, sülhməramlılarının buraya yeridilməsi Ukrayna və Suriyadan sonra onun üçün yeni müharibə demək olardı…”
***
Qarabağa rus hərbi qüvvələrinin gətirilməsinə Azərbaycan ictimaiyyətin münasibəti də kifayət qədər diqqət çəkir. Belə ki, minval.az. saytının öz oxucuları arasında təzəcə apardığı sorğu nəticəsində məlum olub ki, respondentlərin 45%-i hesab edir ki, o halda Azərbaycan öz ərazilərini həmişəlik itirmiş olacaq.
32% Rusiya sülhməramlıların gəlişindən yaxşı bir şey gözləmədiklərini bildirib. “Bu, yalnız Ermənistanın marağındadır” – 10%- respondent vurğulayıb və cəmi 8% respondent düşünür ki, bununla Moskva Azərbaycana kömək edir.
Göründüyü kimi, təkcə Qərb – ABŞ və Avropa deyil, Azərbaycan ictimai fikri də (45 + 32 =77%) rusiyalı hərbçilərin ölkəmizə qayıdışının əleyhinədir. Bu isə ilk öncə elə Ermənistanın 1 nömrəli müttəfiqi olan Rusiyaya illərdir dəyişməyən gerçək neqativ münasibətin, Moskvanın heç vaxt ədalətli münsif kimi qəbul edilmədiyinin növbəti əyani göstəricisidir.
Sərkisyanla rus generalı arasında müəmmalı Qarabağ müzakirələri Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Nikolay Bordyujanı qəbul edib. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, tərəflər KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Düşənbədə keçirilmiş son toplantısı çərçivəsində qəbul edilmiş qərarların yerinə yetirilməsinin vəziyyətini müzakirə ediblər.
Sərkisyan və Bordyuja həmçinin, Qafqaz regionunda təhlükəsizliyin qorunması məsələlərinə toxunublar, habelə son vaxtlar Dağlıq Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginləşən situasiyanı müzakirə ediblər – hərçənd, Dağlıq Qarabağ hüquqi cəhətdən KTMT-nin məsuliyyət zonasına daxil deyil, çünki Azərbaycanın tərkib hissəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=33843