Bu icra başçıları “vurulacaq”? – QIRMIZI SİYAHI

05.10.2015 - 12:20
icraAzərbaycanda vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz yerli icra hakimiyyətləridir. Onlar yerli əhalini incitmək, sahibkarlarda narazılıq yaratmaq və korrupsiya məsələlərində xeyli “ixtisaslaşıblar”.
Qaynar.info-nun əldə etdiyi məlumata görə, noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər həm də bu cür “kiçik padşahlar” üçün barometr rolunu oynayacaq. “Seçkilərin real nəticələri həm də hər bir rayonun rəhbərinin fəaliyyətinin qiymətləndirilməsi üçün ölçü vahidinə çevriləcək. Harada ki, hakimiyyət namizədlərinin mandat alması üçün daha çox saxtakarlıq etmək lazım gələcək, bu həmin rayonda yerli icra hakimiyyətinin nöqsanlı fəaliyyətinin və əhalini hökumətdən narazı salmasının, onu protest elektoratına çevirməsinin məntiqi sonluğu kimi qiymətləndiriləcək” – deyə məlumatlı mənbə bildirib.
Qaynağın sözlərinə görə, parlament seçkilərindən sonrakı ilk iki ayda çox sayda icra başçısının vəzifəsindən kənarlaşdırılması gözlənilir. “Artıq həmin icra başçılarının ilkin siyahısı da hazırdır. Siyahıda Bakı rayonlarından ikisinin – Xətainin icra başçısı Razim Məmmədov və Yasamalın icra başçısı İbrahim Mehdiyevin, həmçinin Bərdə rayonunun icra başçısı Vidadi İsayevin, Qazaxın icra başçısı Ayaz Əsgərovun, Laçının icra başçısı Akif Səlimovun, Ağsunun icra başçısı Ənvər Seyidəliyevin, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da adları var. Amma istər bu, istərsə də siyahıdakı digər icra başçılarının sonrakı siyasi aqibəti haqqında qərarın qətiləşməsində həlledici rolu 1 noyabr seçkiləri olacaq. Rayonlar üzrə səsvermələrin sonucları şübhəsiz ki, hakimiyyətin iradəsinə uyğunlaşdırılacaq, amma pərdə arxasında real nəticələrin necə olduğu da “yuxarılar”a çatdırılacaq, hansı rayonda səslərə daha çox müdaxilə ehtiyacı duyulubsa, bu həmin rayonda yerli icra hakimiyyətinin səriştəsiz fəaliyyətinin yekunu kimi dəyərləndiriləcək və əsas məsuliyyət onların üzərinə qoyulacaq. Belə icra başçıları ilə isə cəza olaraq, 2015-ci ilin sonunadək yolların ayrılması qərarı veriləcək” – deyə mənbəmiz əlavə edib.
İcra başçılarının 1 noyabr təlaşı –
Qaynağımız bildirib ki, bundan icra başçılarının özləri də məlumatlıdırlar və möhkəm təlaş keçirirlər: “Elə bu səbəbdən də bir çox rayonlarda nüfuzlu, hakim partiya və hakimiyyətin dolayısı ilə dəstəklədiyi namizədlərə qarşı “savaş” elan olunub. Onların elə bəri başdan – imzatoplama, yaxud namizədliyin qeydə alınma prosesində “zərərsizləşdirilməsi”nə, “ofsayd”a salınmasına çalışılır. Bununla da yerli icra hakimiyyətləri özlərini seçki günü baş verə biləcək xoşagəlməz sürprizlərdən və “yuxarılar”da qəzəb yaradacaq arzuedilməz nəticələrdən sığortalamaq istəyirlər”.
Beləliklə, “kiçik padşahları” 1 noyabrda olduqca çətin sınaq gözləyir. Seçkinin onların arasında kimlərin “kəlləsini qoparacağını” demək indidən qeyri-mümkün olsa da, ilin sonunadək çox sayda icra başçısının kreslosu ilə vidalaşması ehtimalı yüksək görünür.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=33880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728