Etibar Pirverdiyev də yola salınır

06.10.2015 - 11:16
etibarFevral ayında prezident İlham Əliyevin sərəncamı ilə səlahiyyətlərinin bir hissəsi əlindən alınan “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin işdən çıxarılacağı barədə iddialar təsdiqlənir. Belə ki hökumət “Azərenerji” ASC-nin özəlləşdirilməsinə hazırlaşır.
Cumhuriyyət.info musavat.com-a istinadən xəbər verir ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında E.Pirverdiyevin taleyinin artıq həll olunduğunu anons edib. Aydındır ki, hakimiyyətin yuxarı eşelonunun gözündən düşmüş E.Pirverdiyev özəlləşdirmədən sonra faktiki işsiz qalacaq, oliqarx-məmura yeni vəzifənin verilməsi də gündəmdə deyil.
Xatırladaq ki, bu ilin fevralında “Azərenerji” elektrik enerjisinin satışından uzaqlaşdırılıb, həmçinin istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və digər avadanlıqlar “Azərişıq”ın balansına verilib. Hələ o zamandan ölkə başçısının sərəncamı Pirverdiyevin sıradan çıxarılması prosesinin başlanması kimi izah edilirdi. Maliyyə nazirinin açıqlaması da onu deməyə əsas verir ki, iqtidar Pirverdiyevlə üzülüşməkdə qərarlıdır.
E. Pirverdiyevin korrupsiya əməlləri və hakimiyyətdəki etibarını itirdiyi barədə məlumatlar çoxdan mətbuatda dolaşırdı. Səhmlərinin 100 faizi dövlətə məxsus olan ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin fevral sərəncamından da belə məlum oldu ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib. Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait-hansı ki, onun əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb – məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı. Həm məlum sərəncam, həm hökumətin özəlləşdirmə hazırlıqları “Azərenerji” rəhbərinə bundan sonra etibar edilməyəcəyinə sübutdur.
E.Pirverdiyevin etibarını sarsıdan daha bir ciddi fakt Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun həbsindən sonra üzə çıxdı. Məlumdur ki, Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları mediaya sızdırıldı. Ehtimal etmək olar ki, iqtidarda E.Pirverdiyevlə bağlı korrupsiya şübhələri hələ R.Məmmədovun həbsindən əvvəl də olub. Həm Pirverdiyevin “vurulması”, həm R.Məmmədovun həbsi zəncirvari oldu. E.Pirverdiyev fevral ayında səlahiyyətlərinin əhəmiyyətli hissəsindən, iki ay sonra R.Məmmədov azadlıqdan məhrum edildi.
MTN-ə həvalə olunan bu işin istintaqı haqda hələ də heç bir rəsmi məlumat yoxdur. Amma şübhə yoxdur ki, istintaqda əsas fiqurantlardan biri də E.Pirverdiyevdir. Ara-sıra yayılan məlumatlardan da belə aydın olur ki, külli miqdarda korrupsiya faktlarını R.Məmmədov yalnız öz üzərinə götürmək fikrində deyil.
Yeri gəlmişkən, “Azərenerji” ASC sədrinin adı Beynəlxalq Bank işi ilə bağlı istintaqda da hallanır. Yayılan məlumatlara görə, cəmiyyət rəhbəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bu iş üzrə dindirilib də. E.Piriverdiyevlə Beynəlxalq Bank arasında hələ bir müddət əvvəl borca görə məhkəmə çəkişməsi olub. Belə ki, Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərini geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb.
Buna baxmayaraq, məhkəmə qərarı icra edilməyib. Nəticədə 104 milyonluq borc bu günə kimi banka qaytarılmayıb. E.Pirverdiyevin istintaqa çağırılması faktı dəqiqdir, amma 104 milyonluq borcun qaytarılıb-qaytarılmaması sualı bu günədək açıq qalır. Yeri gəlmişkən, “Azərenerji”nin iri vergi borcu da var. Vergilər Nazirliyindən bildirildiyinə görə, gələn ilin büdcəsində “Azərenerji”və digər səhmdar cəmiyyətlərin borclarının bir qismi dövlət büdcəsindən ödənəcək ki, bu da indiki vəziyyətdə hökumətə əlavə “yük” deməkdir.
“Azərenerji” bu illər ərzində bərbad duruma düşsə də, E.Pirverdiyevin özəl biznesi işıqlanıb və o, ölkənin iri oliqarxlarından birinə çevrilib; çoxsaylı şirkətlər yaradıb. Onun ölkənin şimal bölgəsində heyvandarlıq fermalarının olduğu heç kimə sirr deyil. O cümlədən Xaçmazda, Bakıda, Qubada, Sumqayıtda restoranları və mağazalar şəbəkəsi var. Etibar Pirverdiyevin biznesinin də hazırda ciddi böhran içərisində olduğu iddia olunur. Onun şimal bölgəsinin bir hissəsinə (Şabran, Xaçmaz, Qusar) kuratorluqdan da kənarlaşdırıldığı söylənilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=33995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031