Rusiya Suriyanı bombalamaqla Azərbaycana da mesaj göndərdi – Analiz

08.10.2015 - 15:39

frd“Rusiyanın məqsədi rəsmi Bakını Xəzərin dibi ilə bağlı layihədə geri addım atmağa məcbur etməkdir”

Rusiyanın Xəzər dənizindən Suriyaya raket zərbələri endirməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzininyaydığı analtik yazıda belə deyilir.

Analtik mərkəzin yaydığı məlumatda bildirilir ki, Suriyanı Xəzərdən bombalayan Rusiya Azərbaycana da mesaj göndərir: “Rusiyanın hərbi təyyarələrinin Suriya ərazisini bombalaması Moskvanın ərəb dünyası, Qərb və Türkiyə ilə münasibətlərini bir qədər də gərginləşdirib. Rusiya hərbi təyyarələrinin Türkiyə sərhədini pozması təsadüfi deyil. Kreml sərhəd pozuntusunu hava şəraiti ilə izah etsə də, Ankara və NATO buna inanmır. Çünki hərbi təyyarələr iki dəfə sərhədi pozub və bir neçə dəqiqə Türkiyə ərazisi üzərində hava uçuşları həyata keçiriblər.

Rusiyanın ərəb dünyası, Qərb ölkələri və Türkiyəyə göndərdiyi mesajın mahiyyəti odur ki, birincisi, Suriya ərazisini ABŞ, Fransa və Türkiyə təyyarələri bombalaya bilirsə, Rusiya da eyni işi görmək hüququna malikdir. İkincisi, Rusiya bununla Suriyada hərbi varlığını təsdiq edir.

Bunun fonunda Rusiya Xəzər dənizindən də Suriya ərazisini bombaladı. Buna ehtiyac var idimi? Rusiyanın hərbi gəmiləri Suriyadakı məntəqələri Aralıq Dənizi sahilindən də bombalaya bilərdi. Deməli Kremlin Suriyanı Xəzər dənizi üzərindən bombalanmasının geostrateji səbəbləri var:

Birinci səbəb. Rusiya Xəzər dənizindən Suriya ərazisini raket atəşinə tutmaqla Xəzər dənizindəki hərbi hegemonluğunu ortaya qoydu. Rusiya Qərb dövlətlərinin Xəzərdəki fəaliyyətlərinin əleyhinə çıxır. Kreml bu bombardmanla Qərb ölkələrinin və Xəzər sahili ölkələrin diqqətinə çatdırır ki, Xəzərdə Rusiyanın hərbi qüdrəti ilə hesablaşmalıdırlar. Halbuki, bugünə qədər Rusiyalı rəsmilər deyirdilər ki, Xəzər sülh dənizi olmalıdır. Deməli bu prinsipi birinci elə özləri pozdular.

İkinci səbəb. Rusiya bu bombardmanla hərbi dəniz donanmasının gücünü göstərdi. Uzun illərdir ki, Rusiyanın hərbi gəmiləri yaxın və uzaq ölkələrdə hansısa hədəfə raket zərbəsi endirməmişdi. Rusiyada yeni hərbi texnologiyalar və yeni nəsil raketlər istehsal olunub. Xəzərdən Suriyanın bombalanması Rusiyaya imkan verdi ki, müasir hərbi dəniz donanmasını və yeni raketlərini dünyaya nümayiş etdirə bilsin.

Üçüncü səbəb. Rusiyanın Xəzər dənizindən Suriyanı bombalaması Azərbaycana da mesajdır ki, rəsmi Bakı dənizin dibi ilə Türkmənistana boru xətti tikintisi layihəsinə dəstək verməsin. Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin tikintisinə ən çox lobbiçilik edənlər Türkiyə, Avropa Birliyi və ABŞ-dır. Ancaq əgər rəsmi Bakı bu layihəyə maraq göstərməsə Transxəzər layihəsi alınmayacaq. Rusiyanın məqsədi rəsmi Bakını Xəzərin dibi ilə bağlı layihədə geri addım atmağa məcbur etməkdir.

Rusiyanın Xəzər dənizində Suriyanı raket atəşinə tutması Azərbaycanın enerji maraqlarına da təhlükə yaradır. Rusiya Xəzər dənizindən Suriyanı raket atəşinə tutacağını əvvəlcədən İran və İraqla razılaşdırıb. Çünki, raketlər bu iki ölkənin ərazisindən keçib Suruyadakı hədəfləri vurmalı idi. Onsuz da həm İran, həm də İraq hakimiyyəti Rusiyanın Əsədə hərbi dəstək verməsini alqışlayırlar. Moskva İran və İraq xaricində Xəzər sahili ölkələrə əvvəlcədən xəbər verməyib. Halbuki, sahilyanı ölkə olan Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqidir. Azərbaycanın Xəzər dənizində neft və qaz yataqları var. Rusiya raketlərindən hər hansı birinin Suriya ərazisi əvəzinə yanlış hədəfi vurması bölgədə mürəkkəb vəziyyət yarada bilər.

Ümumiyyətlə Suriyaya görə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına toxunur. Rəsmi Bakı Rusiyanın Suriya siyasətinə qarışmır, bu barədə açıqlama vermir. Ankara isə əksinə Rusiyanın Suriya siyasətini kəskin tənqid edir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, rəsmi Bakı Rusiyanı isə strateji tərəfdaş adlandırır. Bu baxımdan rəsmi Bakı çətin seçim qarşısında qala bilər.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyadakı müharibə hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını da azaldır. Rusiyanın ABŞ, Avropa Birliyi və Türkiyə ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyi mümkün deyil. Əksinə, Türkiyənin və NATO-nun Cənubi Qafqazdakı mövqeləri güclənməsin deyə Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlkitək maraqlı olmayacaq. Vəziyyəti yalnız müharibə dəyişə bilər. Ancaq Rusiyanın strateji müttəfiqi Suriya hakimiyyətini hava zərbələri ilə dəstəkləməsi Azərbaycana da xəbərdarlıqdır ki, Cənubi Qafqazda müharibə olacağı halda Moskva eyni yolla digər strateji müttəfiqi Ermənistanı da müdafiə edəcək.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031