İlham Əliyev Gürcüstanda “qapını açıq saxladı”… – TƏHLİL

06.11.2015 - 15:06

ilham11Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfərinin nəticələri  Cənubi Qafqazda mövcud geosiyasi konfiqurasiyanın hələ uzun müddət dəyişməyəcəyini nümayiş etdirdi

Son zamanlar Gürcüstanın Rusiyadan təbii qaz alınması ilə apardığı danışıqların ictimailəşdirilməsi və bununla bağlı  aparılan müzakirələr Tibilisinin Cənubi Qafqazda mövcud status-kvonu dəyişməyə və uzun illərdir ki, etibarlı tərəfdaşı olan Bakı ilə münasibətlərə yenidən baxmağa çalışdığı barədə ehtimallar irəli sürülməsinə səbəb olmuşdu. Gürcüstanın energetika naziri Kaxa Kaladzenin açıqlamaları ilə başlanan müzakirələr, sabiq baş nazir Bindza İvanaşvilinin Tibilisinin Rusiya və İrandan da qaz almalı olduğu barədə bəyanatları ilə daha da qızışdı.  Gürcüstan Eenergetika naziri və Baş nazirin Bakıya ard-arda səfərləri də bu mövzuda tərəflər arasında ciddi müzakirələr aparıldığından xəbər verirdi.  Gürcüstan rəsmiləri davamlı olaraq təmkinli və sakitləşdirici bəyanatlar versələr də ölkənin siyasi elitasında bu məsələlərlə bağlı fikir ayrılığı olduğu da nəzərdən qaçmırdı.

Bu baxımdan Azərbaycan prezidentinin Gürcüstan səfəri bütün suallara,  Bakı-Tibilisi münasibətlərinin bundan sonrakı xarakterinin necə olacağına aydınlıq gətirməli idi. Gürcüstan üçün də bu səfərin çox böyük əhəmiyyəti vardı. Şübhəsiz ki, Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstanda da hazırda qlobal miqyasda geosiyasi vəziyyətin, tarazlığın sürətlə dəyişdiyi bir dövrdə Bakının mövqeyinin, gələcəyə baxışının öyrənilməsinə ehtiyac yaranmışdı.  Son 3 ildə dünyada geosiyasi qüvvələr nisbətini, tarazlığı dəyişən çox mühüm hadisələr baş verib, keyfiyyət etibarı ilə yeni proseslər başlayıb. Rusiya-Qərb qarşıdurması dərinləşməkdə davam edir, Moskva faktiki olaraq, yeni xarici siyasət doktrinası bəyan edib. Eyni zamanda keçmiş SSRİ məkanında Rusiyanın xarici siyasəti fərqli müstəvidə aparılır.  Dünyada baş verənlər və Qərb-Rusiya qarşıdurması fonunda Moskvanın qonşuları Kremllə və öz aralarındakı münasibətləri yenidən götür-qoy etmək məcburiyyətində qalıb.  Açıq hiss olunur ki, hamı Rusiya-Qərb qarşıdurmasının doğuraçağı nəticələrdən  daha az itki ilə çıxmağa çalışır. Bu mövqe xarici siyasət prioritetlərini, iki və çox tərəfli münasibətlərin xarakterini dəyişməyə vadar edir.

Belə bir şəraitdə Tibilisi üçün Azərbaycanın mövqeyi, strategiyası çox böyük əhəmiyyət kəsib edir. Eyni zamanda Azərbaycan üçün də Gürcüstanın yanaşması çox vacibdir. Azərbaycanın Qərbə bağlayan enerji daşıyıcıları tranziti, nəqliyyat layihələri Gürcüstan üzərindən gerçəkləşir. Gürcüstandan tranzit Ermənistanı blokada da saxlamağa imkan verir. Gürcüstan Azərbaycan üçün Qərbə “qapıdır” və Bakı üçün bu “qapının” açıq qalması həyatıvacib önəm daşıyır. Təbii ki,  gürcülər bu “qapının açıq alması” üçün şərtlər irəli sürürlər, hətta açıq danışsaq, aradabir ərkəsöyünlük də edirlər.  Amma “qapını bağlamaq” da  Gürcüstan üçün məhvə aparan böyük risk olaradı. Bakı və Tibilisinin münasibətləri məhz bu tarazlığı təmin edən məqamlara söykənir. Bu tarazlığın pozulmasının hər iki tərəf üçün çox böyük, qlobal problemlər yaradacağı da şübhəsizdir.

“Qazpromla” danışıqların ictimailəşdirilməsi və bundan sonra başlayan müzakirələr nümayiş etdirdi ki, Gürcüstan hakimiyyətində, siyasi elitasında yuxarıda qeyd etdiyimiz geosiyasi məsələlər fonunda Tibilisinin xarici siyasət kursuna yenidən baxmasının düzgün olacağını düşünənlər var. Ola bilsin, bu qüvvələr eyni zamanda Azərbaycanın nəbzini yoxlamağı da vacib hesab ediblər. Görünür, Bakının Moskva ilə yaxınlaşmasının hiss olunması fonunda Azərbaycanın Tibilisidən hansı məsafədə duracağının dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Bəlkə də, gürcülər 2008-ci ildə olduğu kimi Bakının yenə Gürcüstanı bütün mümkün vasitələrlə dəstəkləyəcəyinə əmin olmaq istəyiblər.

Qaz məsələsi isə bir bahənədir. Hamıya aydındır ki, heç bir halda Azərbaycan qədər Gürcüstana qaz məsələsində güzəşt edən olmayacaq. Yaxud bu güzəşt edilsə belə, ardınca daha ağır şərtlər gələcək.  Azərbaycan qədər Gürcüstana iqtisadi baxımdan fayda verən ikinci ölkə də olmayacaq. Çünki, bu “dəhliz” Azərbaycana lazımdır və yalnız Bakı bu “dəhliz”in işləməsi üçün kifayət qədər dəstək verir, yardım edir. Faktiki olaraq, hər iki tərəf üçün çox optimal sövdələşmə ortadadır. Hətta, bu sövdələşmədə gürcülər daha çox qazanırlar. Gürcüstan üçün ikinci belə tərəfdaş hazırda mövcud deyil və yaxın gələcəkdə də olmayacaq…

Azərbaycan prezidentinin səfəri, Tibilisdə səslənən açıqlamalar  göstərdi ki, gürcülər bütün suallarına cavab alıblar və Bakı bir daha öhdəliklərinə və ən əsası güzəştlərinə sadiq qalacağına inandıra bilib. Digər tərəfdən rəsmi Bakın bu öhdəlik və güzəştlərin Azərbaycana necə baha başa gəldiyini, rsiklərini də xatırladıb. Azərbaycan üçün çətin də olsa başqa “qapı” tapıla bilər. Neft və qaz varsa, onu istənilən halda satmaq, ixtac etmək mümkün olacaq. Gürcüstan üçün isə Azərbaycan kimi tərəfdaş çətin ki, tapılsın.

Beləliklə, prezident  İlham Əliyev Gürcüstanada “qapını açıq saxladı”…

Strateq.az

Zaur İbrahimli

Short URL: http://www.cumhuriyyet.net/?p=38059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930