Tale Bağırzadə: “Əlini öpdüyüm şəxs…”

10.11.2015 - 10:20

tale2Ötən həftənin sonlarından başlayaraq, ölkə gündəminin əsas müzakirə mövzularından biri “Müsəlman Birliyi Hərəkatı” və qurumun sədri Hacı Tale Bağırzadədir. Hacı Talenin Yasamal Polis İdarəsində döyüldüyü barədə sosial şəbəkələrdə paylaşdığı statusla başlayan proses onun müavini Elçin Qasımovun həbsi ilə artan xətlə getdi. E.Qasımovun azadlığa buraxılması tələbi ilə çoxlu sayda dindarın Sabunçu Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşması və nəticədə polislərlə yaranan qarşıdurma yaşanan hadisələrin pik nöqtəsi oldu. Bundan sonra telekanallarda, mətbuat və sosial şəbəkələrdə Hacı Tale və təşkilatı ilə bağlı ciddi ittihamlara start verildi. Əsas ittihamlardan biri “Müsəlman Birliyi Hərəkatı” sədrinin bu ilin avqustunda İranın dini xadimi Ayətullah Həmədani Azərbaycana səfərə gələrkən onun əlini öpməsi göstərildi. Son günlərdə sosial şəbəkələrdə yayılan bir video isə sözün həqiqi mənasında baş verən proseslərə öz damğasını vurdu. Videoda özlərini Hacı Talenin tərəfdarları kimi təqdim edən naməlum şəxslər bildirirlər ki, o, həbs olunarsa, ölkədə qan su yerinə axacaq. Musavat.com bütün bunlarla bağlı Hacı Talenin mövqeyini öyrənib. “Müsəlman Birliyi Hərəkatı”nın sədri son günlərdə onlara qarşı başladılan kampaniyanın apardıqları uğurlu siyasətdən qaynaqlandığı qənaətindədir: “Biz konstitusiya çərçivəsində fəaliyyət göstəririk. Hakimiyyət istəyir ki, addımlarımızı təhrif etsin. Bunun səbəbi də xalqın içərisində ”Müsəlman Birliyi Hərəkatı”na olan sevginin günü-gündən artmasıdır. Sosial bazamız artmaqdadır. İnsanlar bizə inanırlar. Bundan hakimiyyət nümayəndələri çox narahatdır. Bizi cəmiyyətə başqa cür təqdim etmək istəyirlər. Aparılan təbliğatlar bumeranq xarakterlidir. Nə edirlərsə, özlərinə qayıdır. Bir müddət öncə sizin qəzetdə müsahibəm dərc olunmuşdu. Vəhhabilərin arxasında oliqarxların dayandığını demişdim. Həmin şəxslərin hakimiyyət tərəfindən dəstəkləndiyini bildirmişdim. Bu müsahibə ölkədə səs-küy yaratmışdı. Müsahibədən sonra MTN-də məlum proseslər başladı. Sübut olundu ki, Milli Təhlükəsizlik Nazirliyi vəhhabizmə dəstək olub. Hökumət haqlı mövqeyimizi görüb, bizə qarşı qisasçılıq mövqeyi tutub. Bizə nə qədər terrorçu damğası vurmaq istəsələr də, heç bir uğur əldə edə bilməyəcəklər. Hakimiyyət hamının tanıdığı din xadimini İŞİD-çiyə bənzədir. Gedən proseslərlə bağlı qətiyyən ruhdan düşməmişik. Telekanallarda din əhlini terrorist kimi qələmə verirlər. Bu, xalqa təhqirdir. Azərbaycanımız üçün hər şeyimizdən keçdiyimizi, torpaqlarımızın işğaldan azad olunması üçün canımızı belə verməyə hazır olduğumuzu bilirlər. Biz dövləti düzgün anlayırıq. Hakimiyyət və dövləti qarışdırmırıq. Bunları da narahat edən budur. Topu düzgün yerə tuşladığımızı yaxşı anlayırlar. Dini olduğu kimi təqdim edirik”. İlahiyyatçı milli qəhrəman Mübariz İbrahimovun atasının onların əleyhinə etdiyi çıxışa bu cür reaksiya verdi: “Təsəvvür edin ki, şəhid Mübarizin atasından bunlar istifadə etdilər. Şəhidimizlə bağlı mövqeyimiz bəlli idi. İkinci dəfə həbsdən çıxandan sonra Mübarizin qəbri üzərində çıxış edərkən təklif etdim ki, qardaş Türkiyə əhalisi öz əsgərlərinə Mehmetçik adı verdiyi kimi, biz də əsgərlərimizə Mübariz adı verək. Bilirəm ki, Mübarizin atasını məcburi formada danışdırıblar. Onu qınamıram. İstəmirəm ki, şəhid atası barədə nəsə desinlər. Sadəcə, deyərdim ki, bütün bunlar yolverilməzdir”. Hacı Tale Ayətullah Həmədaninin əlini öpməsi ilə bağlı üzləşdiyi ittihamlara da toxundu: “Bu məsələyə münasibət bildirmişik. Ayətullah Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir. Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər. Xəzər.TV-nin göstərdiyi kadrı qeyd edərəm ki, Fətullah Gülənin də əlindən öpülür. Digər əl öpmələri də qeyd etmək olar. Bilmirlər ki, xalq arasında bizə qarşı necə nifrət hissi oyatsınlar. Qardaş Türkiyədə ağsaqqalın əlindən öpürlər. MHP sədrinin əlindən dəfələrlə öpüblər. Bu, alçalmaqdısa, o zaman türk xalqı alçalıb? Bizi qınayanlar qərəzli şəxslərdir. Bunlar hakimiyyətin işverənləridir”. Hacı Tale bildirdi ki, Ayətullah Həmədanini Azərbaycana dəvət edən Allahşükür Paşazadə olub: “O da bu barədə açıqlama verməlidir. Telekanallar hakimiyyətin sifarişini yerinə yetiriblər. Xalqdan üzr istəməlidirlər. Dövlətçiliyimizə qarşı zərbə vurublar. Bunlar hansı xislətə sahibdirlər ki, belə addım atıblar”. Dini qurumun rəhbəri yayılan məlum videodakı təhdidlərlə bağlı bunları dedi: “Açığı deyim ki, həmin videonu görməmişəm. Mövqeyimiz sosial şəbəkələrdə və mətbuatda var. Ətrafımızda olan insanlara çağırış etmişik ki, zorakılığa əl atmayın, hüquqdan kənara çıxmayın. Mübarizəmiz sivil qaydada gedir. Çağırışları öz adımızdan edirik. Əgər kimlərsə çağırış edirlərsə, bu, təxribatdır”. Tale Bağırzadə həbs olunma təhlükələrindən söz açdı: “Bizi televiziyada terrorist kimi göstərdilər. Məhkəmə qərarı olmadan hər hansı bir şəxsi ittiham etmək hüquqa ziddir. İki dəfə həbs olunmuşam. Üçüncü həbsə də hazıram. Haqq yolundayıq. Bu yolda olduğumuza görə həbsxana, ölüm bizim üçün şərəfdir. Xalqımızın milli-mənəvi dəyərlərinə görə hər şeyə hazırıq. Bunun üçün ölməyə, zindana girməyə, hər cür işgəncələrə məruz qalmağa dəyər”.

Cebhe.info

Short URL: http://www.cumhuriyyet.net/?p=38331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728