Rusiyalı nazirin İrəvandan Bakıya hədə kimi mesajı

11.11.2015 - 10:54

lavrov3Fazil Mustafa: “Rusiyanın Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur”; Arzu Nağıyev: “Ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə…”

 
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən artmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəsi pozan düşmənin mövqelərini susdurmaq üçün 100 zərbə endirilib. 
Böyük savaş üçün əlverişli təbii şəraitin olmadığı deyilsə də, belə görünür ki, vəziyyət hər an Azərbaycanın iradəsindən asılı olmayaraq kritikləşə bilər. Qarabağ münaqişəsinin alovlanmasını arzulamayan qüvvələrlə yanaşı, əks mövqedə olanlar da var. Hətta Ermənistan tərəf  Rusiyanı savaşa qatmaq, Azərbaycanı təkləmək üçün ən müxtəlif  təxribatlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan ərazisindəki Rusiya seriyalı yük maşınının guya Azərbaycan hərbçiləri tərəfindən vurulub sıradan çıxarılması barədə ortaya atılan iddia da bu qəbildəndir.
Belə bir məqamda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Qarabağ məsələsini müzakirə etməsi həm Azərbaycan, həm də Ermənistanda müxtəlif fikirlərin ortaya çıxmasına rəvac verib. Rusiya XİN başçısının İrəvana səfəri Ermənistan mətbuatında böyük səs-küyə səbəb olub. Erməni tərəf isə hiyləgərcəsinə Azərbaycanın maraqlarına uyğun həll variantının qəbulu üçün Moskvanın İrəvana təzyiq etdiyini iddia edir. Ermənistanın “Aykakan Jamanax” qəzeti yazıb ki, Lavrov İrəvanı Qarabağdakı bəzi ərazilərin Azərbaycana qaytarılması üçün razı salmağa çalışıb. (axar.az) “Hökumətə yaxın dairələrdən aldığımız məlumata görə, Rusiya Ermənistanı Dağlıq Qarabağla bağlı yeni addımlar atmağa məcbur edir. Bunun sayəsində Moskva Bakını Avrasiya İqtisadi Birliyinə üzv etməyi planlaşdırır. Mənbə təsdiq edir ki, Sergey Lavrovun  səfəri zaman əsas müzakirə mövzusu da məhz bu olub” qəzet yazır.
“Aykakan jamanak” qəzeti isə yazır ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında yeni proses başlayır. (BAKU.WS ttp://az.baku.ws/) Qəzetin iddiasına görə, Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı danışıqlar başlayıb. Etibarlı mənbələrdən qəzetə daxil olan məlumata görə, Rusiya Ermənistanı Azərbaycana bir neçə rayonu verməyə inandırmağa çalışır. Rəsmi Moskva ümid edir ki, bunun sayəsində Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə razılıq verəcək. Bu mövzu Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistana səfərinin gedişatında prioritet olub. “168 jam” qəzeti isə Rusiya XİN rəhbərinin Ermənistana səfərinin səbəbini belə izah etməyə çalışıb: “Lavrov hansısa bir ciddi missiya ilə Ermənistana gəlib. Məqsəd Ermənistan hakimiyyətini nəyəsə inandırmaq və ya hər hansı güzəştə nail olmaqdan ibarətdir”.
Qarabağ məsələsində rəsmi Bakının güzəştsiz mövqe tutacağını prezident İlham Əliyev bir daha bildirib. Prezident Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb: “”Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik”.
Belə bir situasiyada Lavrovun İrəvan səfəri ətrafında ermənilərin qaldırdığı hay-küy suallar doğurur. Prezidentlərin görüşü ilə bağlı cəhdlərin iflasa uğradığı bir ərəfədə Qarabağ cəbhəsində nələr baş verə bilər? Bütün bunlarla bağlı azərbaycanlı ekspertlərin fərqli fikirləri var.
Politoloq Arzu Nağıyev dedi ki, cəbhədəki gərginliyin artması  gözlənilən idi: “Çünki ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə nəyin bahasına olursa-olsun Rusiyanın regionda, daha doğrusu, Ermənistanda olan hərbi kontingentini bu məsələlərə qatmaq istəyir. Eyni zamanda məhz regionda və ya Dağlıq Qarabağ ərazisində olması istisna edilməyən Rusiya hərbçilərini də razılaşdırılmış qaydada leqallaşdırmağa çalışır. Bundan başqa, Qərbin, daha doğrusu, ABŞ-ın münaqişənin həlli istiqamətində atdığı addımlar, o cümlədən prezidentlərin görüşünün təşkil edilməsi cəhdləri Rusiyanı razı sala bilməz və regionda nüfuz məsələsinə təsir edə bilər”. A.Nağıyevə görə, məhz bu görüşün də baş tutmaması üçün atəşkəs daha da intensiv şəkildə pozulur: “Təbii ki, Ermənistanda konstitusiyaya dəyişikliklə, daha doğrusu, prezident səlahiyyətlərinin azaldılması ilə bağlı referenduma qədər vaxtın qəsdən uzadılması da istisna edilmir. Bütün bunları nəzərə alan Rusiya artıq münaqişənin pik nöqtəsinə çatdığını dərk edir və Azərbaycanın güc tətbiq etməklə erməniləri danışıqlar masasında oturdacağından çəkinərək təşəbbüsü yenidən əlinə alıb Fransada, Ermənistanda və təbii ki Azərbaycanda xarici işlər naziri Lavrov səviyyəsində görüşlər keçirir. Bir sözlə, münaqişə ətrafında gərginlik davam edir, Rusiya isə Qərbə kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır. Bu isə atəşkəsin mütəmadi pozulması ilə müşayiət olunur”.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Lavrovun İrəvana son səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənmədi: “Olsa-olsa budəfəki çıxışı zamanı Rusiya xarici siyasət idarəsinin rəhbəri kimi çoxsaylı söz birləşməsindən istifadə edərək, guya ölkəsinin bu məsələdə hansısa müsbət dəyişikliyə nail olmasını vurğulamağa çalışdı. Siz Lavrovun ”Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflər arasında qarşılıqlı faydalı konsensus əsaslara nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyi” kimi ümumi, heç bir məna və məntiq kəsb etməyən fikirlərinə rast gələ bilərsiniz. Halbuki ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsindən birinin əsas siyasi fiqurlarından biri kimi, bizim haqqımız var idi ki, ondan işğalçı ilə bağlı hansısa kəskin və ya diplomatik fikirlər gözləyək. Bu isə baş vermədi. Mənə elə gəlir ki, cənab Lavrovun aşağıdakı sözləri əsl reallığı əks etdirir. O qeyd edib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı davam etdirəcək. Bəli, məhz rol oynamaqda davam edəcək. Bu isə teatr, kino dili ilə desək, bunlar hələ uzun müddət roldan rola girməklə işğalçı Ermənistanı müdafiə etməkdə davam edəcəklər.
Necə ki, onun “Rusiya və Ermənistan ciddi şəkildə bir-birinə arxalana bilər” bəyanatı artıq çox mətləblərdən xəbər verir. Erməni həmkarı Edvard Nalbəndyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında çox şən və rahat görünən Lavrov və Nalbəndyan iki ölkə arşında müxtəlif istiqamətlərdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bəyan etdilər. “Rusiya tərəfi müttəfiqinin çiynini hiss edir” deyə, xüsusi vurğu ilə danışan Lavrov faktiki olaraq işğalçılara daha da böyük özbaşınalıqları üçün ümid bəxş elədi. Belə həssas dönəmdə, Silahlı Qüvvələrimiz daha da ayıq-sayıq olmalı, düşmənin təxribatlarının daha da çoxalacağını diqqətdən qaçırmamalıdır. Müdafiə nazirimizin də sərt bəyanatını düşmənin və havadarlarının qızışan beyninin bir qədər soyudulması üçün atılan addım kimi dəyərləndirmək olar. Genişmiqyaslı döyüş əməliyyatlarının yaxın perspektivdə başlayacağını isə demək çox çətindir. Halbuki bunun üçün bir neçə dəfə şanslar və imkanlar da olmuşdu”.
Deputat Fazil Mustafa zənn edir ki, Dağlıq Qarabağ mövzusu Rusiyanın Suriyaya müdaxiləsindən sonra demək olar ki, aktuallığını xeyli itirib: “Ona görə də ciddi şəkildə kimsə prezidentlərin görüşünün baş tutmasına səy göstərmir. Lavrovun Ermənistana səfərləri isə sırf taktiki xarakter daşıyır. Rusiyanın hər dəfə Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur”. F.Mustafa onu da dedi ki, Azərbaycanın yeni parlamentində ayrıca məsələ kimi Qarabağ mövzusunun gündəliyə salınacağı gözlənilmir: “Halbuki ən azı qapalı iclasda bu müzakirələrin aparılması zəruridir və illərdir bunu tələb etsək də, hələ gerçəkləşməyib. Bununla belə, mövzunu cari məsələlərdə hökmən gündəmə gətirib təkliflərimizi səsləndirəcəyik. Ancaq bütün hallarda indiki dünya qarmaqarışıqlığında danışıqlarda müsbət hansısa irəliləyiş gözlənilmir”.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=38573

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728