Güney azərbaycanlı fəal: “İran kəşfiyyatı təşkilatlanmağımızın qarşısını alır”
“Güney Azərbaycan ayağa qalxıb və öz iradəsini ortaya qoyaraq milli-tarixi haqlarına sahib olmaq istəyir”.
Bu barədə Publika.az-a açıqlamasında Güney Azərbaycan Milli Hərəkat fəalı Hüseyn Türkelli deyib.
Onun sözlərinə görə, bütün bu kimi aksiya və hərəkatlar uzun müddətdə xalqımızın milli müstəqilliyinə aparacaq: “Lakin məhz indiki aksiyaların istiqlalla nəticələnəcəyini demək çətindir. Çünki müstəqillik mücadiləsi üçün başqa faktorlar da lazımdır. Güney Azərbaycan Milli Hərəkatı çox güclü bazaya sahibdir və istənilən zaman istənilən hadisəyə qarşı güclü çıxış edə bilir. Lakin təəssüf ki, ortada kütləvi etirazları və kütlənin tələblərini idarə edən hər hansı güclü təşkilat yoxdur. Təşkilatlanma cəhdlərimizin qarşısı İranın təhlükəsizlik orqanları tərəfindən alınır”.
H. Türkelli milli hərəkata xarici dəstəyin də az olduğunu qeyd edib: “Bu aksiyalar istiqlaliyyət mübarizəmizin müsbət nəticələnəcəyinə ciddi təkan verəcək. Lakin etiraf etməliyik ki, ortada plan, xarici dəstək və təşkilat olmadan aksiyaların davam edəcəyi inandırıcı deyil”.
Hərəkat fəalı İran parlamentində təmsil olunan azərbaycanlı millət vəkillərinin anti-irqçilik qanunu qəbul etdirməsinin vacibliyini də diqqətə çatdırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=38595