Rəsmi Bakı Lavrova etiraz etməlidirmi?
Lavrov Avropa Şurasının xeyrimizə olan mövqeyini «vəzifə səlahiyyətlərinin aşması» kimi dəyərləndirir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Yerevana səfəri zamanı bir sıra mühüm bəyanatlar verib. Lavrova görə, Qarabağ münaqişəsinin hər iki tərəfi qane edən həllinə nail olmaq üçün səyləri artırmaq lazımdır. “Armenia today” portalının məlumatına görə, Lavrov AŞPA siyasi komitəsinin bu günlərdə Dağlıq Qarabağla bağlı məruzəsinə də toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayan müxtəlif beynəlxalq təşkilatlara çıxmaq düzgün deyil.
Qeyd edək ki, AŞPA Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında “Işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Valter hazırlayıb.
Iclasda Azərbaycanı təmsil edən millət vəkili Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib. O, deyib ki, müzakirə zamanı Azərbaycan tərəfi sənədə 3 əlavə təklif edib və onların 3-də qəbul olunub.
Sülhəddin Əkbər: “Rusiya ilə yaxınlaşaraq dövlətçilik maraqlarını qorumaq mümkün deyil”
Bəs Rusiyanın bu addımına Azərbaycan etiraz etməlidirmi? Rusiyanın Azərbaycanın maraqlarına cavab verən bir sənədə qarşı çıxması hansı mətləblərdən xəbər verir?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, ATƏT-in Budapeşt sammitində qəbul olunmuş qərara görə, əgər regionda sülh yaranarsa və bölgəyə sülhməramlı qüvvələr yeridilərsə, o zaman Minsk Qrupunun həmsədr ölkələri bu qüvvələrin tərkibinə daxil edilə bilməz. Digər tərəfdən isə onu da nəzərə almaq lazımdır ki, Rusiya hələ keçən ildən Qarabağa öz silahlı birləşmələrini yerləşdirmək istəyir: “Azərbaycan yeganə ölkədir ki, onun ərazisində faktiki Rusiyanın hərbi bazası yoxdur. Amma Qərbdə bir narahatçılıq var ki, Azərbaycan tərəfi Rusiyanın müəyyən şirnikləndirici təkliflərinə razılıq verə bilər. Lakin unudulmamalıdır ki, həm Avropa Şurasında, həm Avropa Parlamentində Azərbaycanın milli maraqlarına cavab verən qətnamələr qəbul olunub. Azərbaycan bunlardan istifadə etmləidir. Qərblə münasibətləri korlayaraq, münaqişənin yaranmasında günahkar olan Rusiya ilə əlaqələri yaxılaşdırmaq hesabına müəyyən müddət hakimiyyətdə qalmaq olar. Amma bu yol ilə dövlətçilik maraqlarını qorumaq mümkün deyil”.
Zahid Oruc: “Rusiya Avropanın Qarabağ münaqişəsini nəzarətinə almasını qətiyyən arzulamır”
Millət vəkili Zahid Oruc isə bildirdi ki, Rusiya Lavrovun timsalında Cənubi Qafqaza müntəzəm səfərlər edir. Rusiyanın Avropa strukturlarının Qarabağ münaqişəsini nəzarətinə almasını, ümumiyyətlə regionda söz sahibi olmasını qətiyyən arzulamadığını deyən Z.Oruc vurğuladı ki, Avropada qəbul olunan siyasi qətnamələr, verilən siyasi bəyanatlar siyasi-diplomatik məkanda bizi silahlandırsa da, onların elə bir hüquqi gücü yoxdur: “BMT-də qəbul olunan qətnamələrlə, Avropa Şurasında qəbul edilən iki sənədlə biz Ermənistanla siyasi mübarizəni aparırıq. Amma Rusiya Avropa Şurası və Avropa Birliyi vasitəsilə Qarabağ münaqişəsində bir tərəf kimi yer almaq niyyətini yaxın buraxmaq istəmir”.
Z.Orucun fikrincə, Qərblə Rusiya savaşında hətta birinci qalib gəlsə belə, Avropa Şurasının işğalçı Ermənistanı Azərbaycan torpaqlarından çıxara biləcəyinə və bunu silahlı güc ilə möhkəmləndirəcəyinə inanmır.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=38663