Məzahir Pənahova ağır ittiham: “Saxtakarlığa ortaqsan”
“Məzahir müəllimin xəbəri olsun ki, o şey ki, qanunla qadağan deyil, o icazə veriləndir. Başqa bir tərəfdən, MSK-nın özü KİV nümayəndələrini məntəqələrdə səsvermənin gedişini işıqlandırmağa buraxırsa, məntəqələrin bir çoxunda veb kameralar vasitəsilə seçki prosesi canlı şəkildə izlənilirsə, bu şəkil/video çəkilişi Məzahir müəllim kimi seçkinin təşkilinə cavabdeh şəxslərin niyə yuxusunu ərşə çəkib?”
Cümhuriyyət.az xəbər verir ki, bu sözləri Sumqayıt şəhər 42 saylı dairədən deputatlığa namizəd olmuş, seçki nəticələrinin saxtalaşdırıldığını iddia edən Hafiz Babalı öz “facebook” səhifəsində yazıb. Deputatlığa namizəd MSK sədri Məzahir Pənahovdan narazılığını gizlətməyib, həttə onu saxtakarlığa ortaq olmaqda günahlandırıb. Buna səbəb seçki prsosesi zamanı qeydə alınan qanun pozuntularının foto və video sübutlarına baxılmaması olub.
Fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
“MSK sədri mənə deyir ki, məntəqədə video, şəkil adamların razılığını almadan çəkmək olmaz.
Tənbəllik etmədim, izah etdim ki, Məzahir müəllim, seçki ictimai-siyasi hadisədir. Məntəqəyə daxil olan seçici, komissiya üzvü, müşahidəçi, seçkinin təşkilində və keçirilməsində iştirak edən digər şəxslər əgər seçkini pozmaqda iştirak etmirlərsə (təkrar səs vermirsə, topa bülleten atmırsa və s.), nədən çəkinməlidir?
İndi təsəvvür edək ki, qutuya topa bülleten atan saxtakar seçiciyə deyirsən ki, “bağışlayın, etiraz etməsəniz, bülleteni asta-asta atın, üzünüzü də mənə tərəf çevirin, şəklinizi çəkəcəm”. Xala (dayı) da qayıdır ki, yox, mən istəmirəm ki, sən mənim cinayətimi xalqa bəyan edəsən. Məzahir Pənahovun məntiqilə polis cinayətdə şübhəli bilinən şəxsi yaxalamazdan bir gün qabaq ona xəbər etməli imiş ki, bəs sabah evdə ol, əynini də geyinərsən, hava soyuqdu, gəlirik səni tutmağa.
Məzahir müəllimin xəbəri olsun ki, o şey ki, qanunla qadağan deyil, o icazə veriləndir. Başqa bir tərəfdən, MSK-nın özü KİV nümayəndələrini məntəqələrdə səsvermənin gedişini işıqlandırmağa buraxırsa, məntəqələrin bir çoxunda veb kameralar vasitəsilə seçki prosesi canlı şəkildə izlənilirsə, bu şəkil/video çəkilişi Məzahir müəllim kimi seçkinin təşkilinə cavabdeh şəxslərin niyə yuxusunu ərşə çəkib?
Gətirdiyim faktları hesaba almırsan, aktlarımızı yalana çıxarırsan, çəkdiyimiz şəkilləri, videoları bəhanə ilə qəbul etmirsən… Demək ki, saxtakarlığa ortaqsan”.
Qeyd edək ki, Sumqayıt şəhər 42 saylı dairənin 5-ci məntəqəsində baş verən seçki pozuntusu MSK tərəfindən quraşdırılan kamera tərəfindən də qeydə alınmışdı. Bu və digər faktlar əsasında Hafiz Babalı tərəfindən edilən şikayət isə MSK tərəfindən əsassız sayılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=39043