Ermənistan Strasburq zərbəsindən özünə gələ bilmir
AŞ PA-nın Qarabağa dair ədalətli qətnaməsindən sonra işğalçı ölkədə siyasi mübahisələr və qarşılıqlı ittihamlar səngimir; rusiyalı politoloq: “Konfliktin həlli SSRİ-nin bərpasından sonra mümkündür”; Türkiyə Quru Qoşunlarının komandanı Bakıya gəlir…
Dağlıq Qarabağ məsələsinin ədalətli həlli şübhə yox ki, ilk növbədə konflikt ətrafında gedən informasiya savaşının nəticəsindən asılı olacaq. Bu nəticəyə isə beynəlxalq təşkilatların problemin həllinə baxışları indi də olmasa, gec-tez öz mühüm təsirini göstərəcək.
Söhbət BMT ilə yanaşı, AŞ PA, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatının erməni işğalı ilə bağlı qəbul elədiyi qərar-qətnamələrdən gedir. Nə yaxşı ki, onların sayı tədricən artmaqdadır – hələlik həlledici önəm verilməsə də.
Düşmən ölkəni son zamanlar ən çox narahat edən də budur – Dağlıq Qarabağ məsələsində Azərbaycanın təbliğati-diplomatik uğurlarının çoxalması.
******
Bu arada məlum olub ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi Komitəsində bir neçə gün öncə qəbul edilən “Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində toqquşmaların artması barədə” başlıqlı qətnaməyə görə işğalçı Ermənistanda mübahisələr səngimir (Virtualaz.org). Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin bu qətnamənin qəbulunun qarşısını ala bilməməsi parlamentin dünənki iclasında da qaldırılıb.
Belə ki, müxalifətdən olan deputat Nikol Paşinyan deyib ki, ictimaiyyət Ermənistan nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətinə dair obyektiv qiymətləndirmə görmək istəyir.
“Ən təhlükəlisi odur ki, biz hər dəfə öz diplomatik uğursuzluqlarımızı Bakının ”qara kürü” diplomatiyası ilə əsaslandırmağa çalışırıq. Əgər kürü belə böyük və ciddi qüvvədirsə, gəlin fikirləşək: bəlkə ora bizim nümayəndə heyətini göndərmək əvəzinə bir neçə kiloqram qara kürü alıb göndərsək, daha yaxşıdır?!”- deyə Nikol Paşinyan istehzalı şəkildə sual edib.
Parlamentin spikeri Qalust Saakyan isə bu uğursuzluğa görə günahkar axtarmamağa, AŞ PA-nın qış sessiyasında həmin qətnamənin qəbulunun qarşısını almaq üçün hamını səfərbər olmağa çağırıb. “Biz hələ bir il əvvəl bu sənəd haqda məlumat almışdıq və müxtəlif nümayəndə heyətləri ilə təmaslarımızda məsələni qaldırırdıq. Lakin nəzərə almalıyıq ki, indiki halda biz AŞ PA ilə yox, Azərbaycan və Türkiyə ilə qarşı-qarşıyayıq” – spiker deyib. O, qətnamənin təsdiqlənməsinin Ermənistanın ciddi uğursuzluğu olduğunu etiraf edib.
Xatırladaq ki, həmin qətnamədə Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan tərəfindən işğal edildiyi tanınır. Sənədin qəbulu Ermənistanda panik reaksiyalara səbəb olub.
Ermənistan XİN rəsmiləri öncə bunu sıradan bir sənəd kimi təqdim eləməyə, “Qarabağ məsələsi ATƏT-in Minsk Qrupunun missiyasına daxildir, başqa təşkilatların yox” deyib özlərini sakitləşdirməyə və amerikalı həmsədr Ceyms Uorlikin bu yöndə oxşar açıqlaması ilə təskinlik tapmağa çalışsa da, fakt-faktlığında qalır ki, Strasburqdakı sənədlə işğalçı tərəf sanballı zərbə alıb və AŞ PA-nın qış sessiyasında bunun davamı gözlənilir.
*****
Sözsüz ki, bu cür obyektiv və beynəlxalq hüquqa söykənən sənəd-qətnamələrin artması təcavüzkarın dünyadakı mövqeyini zəiflədir və istər-istəməz konfliktin beynəlxalq hüquq normaları, BMT-nin Qarabağa dair məlum qətnamələri əsasında həlli zərurətini gücləndirir, məhz bu müstəvidə nizamlama üçün zəmini genişləndirir. Hərçənd münaqişənin həll perspektivinə fərqli, skeptik baxışlara malik olanlar da var.
“Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin donu açılmayacaq. Çünki mən anlaya bilmirəm ki, hansı yolla Qarabağ Azərbaycan tərəfindən tanına bilər. Bu, həll oluna bilən problem deyil. Təcrübə də göstərir ki, ən yaxşısı, belə problemlərə toxunmamaqdır. Bu, sadəcə, qismətdir. Bəlkə də 100-300 ildən sonra nəsə dəyişəcək, ancaq hələlik nəyisə dəyişmək mümkün deyil”. Bu fikri “Yaxın Şərq İnstitutu” müstəqil elmi mərkəzinin direktoru Yevgeni Satanovski minval.az saytına müsahibəsində bildirib.
Onda belə çıxmır ki, hazırda konfliktin həll rıçaqları yoxdur?
Ekspertin suala cavabı maraqlıdır: “Konflikt yalnız SSRİ-nin təzədən zühur eləməsi halında həllini tapa bilər. Hətta SSRİ də olmasa, istənilən imperiyanı… təsəvvürə gətirmək olar. Bu qəbildən münaqişələr nizamlana bilər, əgər ərazini bilavasitə gündəlik rejimdə idarə edən xarici arbitr mövcuddursa”.
Polıtoloq Dağlıq Qarabağ və postsovet məkanındakı digər həll olunmamış münaqişələrə görə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovu günahlandırır: “Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstandakı Abxaziya və Cənubi Osetiya konfliktləri kimi SSRİ-nin paytaxtı, qəhrəman-şəhər Moskvada, Mixail Qorbaçov dönəmindəki ”eybəcərlər” tərəfindən partladılıb. Mixail Sergeyeviç köhnə Stalin mexanizmlərindən istifadə eləməyi qərarlaşdırmışdı. Ancaq o başa düşmürdü ki, həmin mexanizmlər artıq köhnəlib və işə yaramır. Və nəticədə belə alındı ki, “cini şüşədən buraxdılar”, amma içəri sala bilmirlər, elə şüşənin ağzını bağlamaq da hələ ki mümkün deyil”.
*****
Əlbəttə ki, Qarabağ ixtilafını ermənilərin əli ilə məhz Moskva qızışdırıb. Əfsus ki, onun həllinə mane olan əsas qüvvə də yenə Moskvadır. Lakin bu, o demək deyil ki, münaqişə deyildiyi kimi, 100-300 il çəkəcək yaxud SSRİ təzədən “zühur edəndən” sonra nizamlanacaq. SSRİ bir daha dirilməyəcək, bunu Rusiyada da yaxşı bilirlər. Həmçinin rəsmi Kremlin məsələdə tormozlayıcı rolu aydındır ki, həmişə indiki kimi qalmayacaq, azalacaq.
İndilikdə isə Azərbaycan yəqin ki, özünün Qarabağ diplomatiyasını gücləndirməklə yanaşı, iqtisadi-hərbi qüdrətini artırmaq yönündə səylərini gücləndirəcək. Bu istiqamətdə bizim əsas müttəfiqimiz isə təbii ki, qardaş Türkiyədədir.
Axır vaxtlar iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi, o sırada ortaq təlimlərin kəmiyyət və keyfiyyətcə intensivləşməsi bu xüsusda qürurverici və ümudverici olmaqla yanaşı, nə vaxtsa Qarabağ probleminin milli maraqlarımız çərçivəsində həllinə inamı da artırır.
Söz düşmüşkən, bu gün Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfərə gəlir. Ali qonaq elə bu gündən rəsmi görüşlərə başlayacaq. Üç günlük səfər zamanı Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, S.Z.Çolak Türkiyənin quru qoşunların komandanı vəzifəsinə avqustun 5-də təyin olunub. Bundan öncə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi böyük bir nümayəndə heyəti ilə Bakıda olmuş, Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüşmüşdü. Bu səfərlər əlbəttə ki, Azərbaycanın gücünə güc qatır, onu təcavüzkar Ermənistan və onun havadarları qarşısında daha inamlı edir.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=39516