Müəllimlər iki aydır maaş ala bilmir

18.11.2015 - 10:49

manat2Etibar Əliyev: “Bu cür əmək haqqı siyasəti təhsilin keyfiyyətinə də təsir göstərir”

 
Bir neçə rayonda, o cümlədən də Bakı şəhərindəki bir neçə qaçqın məktəblərində müəllimlərin maaşı gecikdirilir. Hətta informasiya saytlarında və sosial şəbəkələrdə yayılan məlumatlara görə,  Biləsuvar rayonunun Aşağı Cürəli orta məktəbinin müəllimləri maaşlarını bir neçə aydır ki, ala bilmirlər. Əmək haqlarını ala bilməyən müəllimlər buna etiraz etsələr də, müsbət bir dəyişiklik olmayıb. Cəlilabadda da  müəllimlər 2 aydır ki, maaş ala bilmir. 
Bəs müəllimlərin maaşlarının gecikmə səbəbi nədir? Müəllimlərin əmək haqlarını vaxtı-vaxtında ala bilməməsində günahkar kimdir? Modern.az saytı məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət öyrənməyə çalışsa da,  konkret cavab verən olmayıb.
Maliyyə Nazirliyindən məsələ ilə bağlı heç bir məlumat verilməyib. Bildirilib ki, bununla bağlı Təhsil Nazirliyindən münasibət öyrənilməlidir. Təhsil Nazirliyindən isə bu cür məsələlərlə bağlı hər zaman bildirilir ki, yerlərdəki təhsil şöbələri onlar tərəfindən maliyyələşdirilmədiyi üçün bu haqda məlumat verə bilməyəcəklər. Onlar yalnız yerlərdəki təhsil şöbələrinə bununla bağlı tövsiyə verə bilərlər.
 “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi ki, bütün bu problemlərə vahid yanaşma olmalıdır: “Ölkə üzrə təhsilin qarşısına, əməkhaqlarının verilməsi də daxil olmaqla, çıxan bütün problemlərə vahid yanaşma olmalıdır. Bölgələrin birində müəllimlərin vaxtında, digərində isə gecikmələrlə əmək haqqı almaları yolverilməzdir. Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamının  5-ci bəndində yazılır: ”Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin”. Sərəncamda ən mühüm məqamlardan biri  maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulmasıdır. Lakin sərəncamın icrası dayandırıldığından mərkəzləşdirilmiş maliyyə siyasəti də həyata keçirilməmişdir. Yəni yerli təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir.
Buna görə də müəllimlərin əmək haqqının yubadılmasına belə deyək ki, Təhsil Nazirliyi cavabdehlik daşımır. Bu cür əmək haqqı siyasəti təhsilin keyfiyyətinə də təsir göstərir. Bölgələrdə təhsilin keyfiyyətinin aşağı olmasının əsas səbəblərindən biri də yerli icra hakimiyyətlərinin təhsilin nəticələrinə, həmçinin şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılmasına cavabdehlik daşımamasıdır. Yəni maliyyələşməni və əsasən kadr siyasətini həyata keçirən qurum keyfiyyətə görə cavabdehlik daşımır. Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, postsovet məkanına daxil olan ölkələrin çoxunda məktəblərə maliyyə müstəqilliyi verilib. Bunun da keyfiyyətə birbaşa təsiri var. Müəllimlərin maaşlarından qeyri-qanuni tutulmalar, maaşların gecikməsi, rayon təhsil şöbələrinin maliyyə fırıldaqları ikili tabeçiliklə bağlıdır və hesabatlılıqda qeyri-müəyyənlik yaradır. Bu, aradan qalxmamış problem həll olunmayacaq”.
 
E.Əliyev bununla bağlı maraqlı bir detala toxundu: “Məşhur deputatlardan biri təhsil adamı olduğundan seçildiyi rayonun təhsili ilə maraqlanarkən dəhşətli faktlar aşkara çıxarmışdı:  həmin rayonun təhsil şöbəsinin müdiri kişi müəllimlərin bir qismini dekretə çıxarıbmış. Məsələni deputatın qaldırmasına baxmayaraq, həmin təhsil şöbə müdirinə ”gözün üstə qaşın var” deyən olmadı. İkili tabeçiliyin kökündə həm də belə şeylər dayanır”.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=39788

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728