Erkin Qədirli – Avropada böhran varmı?

18.11.2015 - 12:09

erkinAvropanın, daha doğrusu Avropa Birliyinin, ciddi böhran içində olduğunu az qala hər kəs deyir. Avropanın özündə düşüncə adamları bu haqda çoxdan və çox yazır. Son zamanlar siyasətçilər də bu mövzuda açıq danışmağa başlayıb. Mən də öz düşüncələrimi paylaşmaq istəyirəm.1. Böhran varmı?Bu sual yersiz görünə bilər. Doğrudan da, bu qədər adam böhranın olduğunu deyirsə, üstəlik, böhran artıq gözlə görünürsə, bu sualın anlamı nə ola bilər? Cavab verməyə tələsməyin. Heç mənim də (özüm üçün) aydın cavabım yoxdur. Bu sualı verməkdə məqsədim söhbəti uzatmaq deyil. Mənaların oturuşmadığı cəmiyyətimizdə nə demək istədiyimi ayrıca anlatmaq ehtiyacı qarşısında qalmamaq üçün, özümə bu sualı verir, ona cavab tapmağa çalışıram ki, yazımın məntiqi quruluşu aydın ola bilsin.Diqqət etdinizsə, “böhran nədir, ya da nə deməkdir” sualını qoymadım. Bu sual, doğrudan da, söhbəti çox uzadardı. Hərçənd, dar akademik çevrə üçün bu sualın böyük önəmi ola bilərdi. Bununla belə, qavramları təftiş etmək niyyətim yoxdur. Üstəlik, Avropa’nın dərin böhrana girməsilə bağlı formalaşmış fikri, bu yazının məqsədləri üçün, hazır həqiqət kimi götürürəm. Beləliklə, Avropa’da böhran var. Məsələnin istehzalı tərəfi ondadır ki, böhran Avropa üçün adi haldır. Avropa’nı Avropa edən hər böhrandan uğurla çıxması olub. İqtisadi, hərbi, siyasi, sosial, mədəni və s. böhranları Avropa çox görüb və yaşayıb.Qədim Yunanlardan bu yana, böhranlar Avropa’ya bir şeyi öyrədə bilib – böhranları həll etmək olmur. Böhranı həll etmədən, ondan çıxmaq olurmu? Avropanın təcrübəsi bunun mümkün olduğunu göstərir. Bu, necə mümkün ola bilir? Buna “transgression” deyirlər. Dilimizə çevirəndə “nəyinsə həddini aşmaq” anlamına gəlir. Bizdə “nəyinsə həddini aşmaq” əsasən mənfi mənada işlədildiyindən, bu, həmin ifadəni anlamağa, xüsusilə də onu qəbul etməyə mane ola bilər (guman ki, olacaq da). Avropa böhranları həll etmir, onların həddini aşır. Böhranın səbəblərini və nəticələrini, təbii ki, öyrənir, amma gerçək tədbirlərini böhranın yan təsirlərinə görə görür. Yəni, dibinə getmir, qırağa çıxır. Böhranların təkrarlığı həm də buna görədir.Avropa’nın demokratik olduğunu nəzərə alsaq, başqa çıxış yolu ağlabatan (praktik) ola bilməzdi. Demokratiyalarda önəmli siyasi qərarlar xalqın istəyilə verilir, xalqın istəyisə ölçüləbilən bir nəsə deyil (sosial sorğuların və seçkilərin nəticələri ancaq gumanlar verə bilir). Səbəb və nəticələri öyrənmək üçün akademik rahatlıq (xeyli zaman, hadisələrdən uzaqlıq, keçmişə baxış, razılaşdırılmış metodoligya, elmi müzakirələr və s.) tələb edir ki, bunların heç biri siyasətçilərdə olmur. Xalqın da elmi nəticələri gözləməyə həvəsi çatmır (onilliklərlə vaxt keçə bilər). Böhran varsa, ondan çıxmaq lazımdır. Qəribədir, “çıxmaq” sözünün özü “böhranın həddini aşmaq” anlamına işarə etdiyi halda, biz buna heç zaman diqqət etməmişik. Amma Avropalılar diqqət edir.Odur ki, indi baş verməkdə olan böhranı da Avropa həll etməyə deyil, onun həddini aşmağa çalışır. Böhranın dərinliyi və kəskinliyi hərdən yalnız böhranın deyil, həm də Avropa’nın öz hədlərinin (coğrafi, mənəvi, hüquqi və s.) aşılmasına gətirib çıxara bilir. Son zamanlar gördüyümüz də budur: 1) Avropa’nın sərhdələri haradadır?; 2) Avropa’nın mənəvi dəyərləri hansılardır?; 3) Avropa’nın hüquqi təsiri nədir?; 4) Avropa’nın iqtisadi imkanları haraya qədərdir? və s. Bunların da başında bir metasual (sualların sualı) durur – Avropalı olmaq nə deməkdir?Qədim Yunanlardan bu yana bu metasuala çeşidli cavablar verilib. Coğrafi məhdudiyyətlər öz yerində, cavabların xeylisi etnik köklərə və/və ya dini mənsubiyyətə bağlı olub. Bununla belə, Roma İmperiyasının iki böyük irsi – Roma Hüququ və Roma Kilsəsi – Avropa’da ortaq dəyər və davranışların təməlini formalaşdıra bilmişdir. Bu iki irsin güclü təsirinə məruz qalmamış, ikincininsə təsirindən tamamilə çıxa bilmiş İngiltərə, elə buna görə də özünü Avropa’ya aid etməkdən çəkindirməyə üstünlük vermişdir (ada olması buna həm də coğrafi imkan yaradıb). Bugünün özündə, Britaniya’nın Avropa Birliyindən çıxmaq haqqında düşünməsi və bu haqda açıq danışması buna bir örnəkdir. Yəni, Britaniya, Avropa Birliyinin girdiyi böhrandan çıxış yolunu, Avropa Birliyindən çıxmaqda görməyə çalışır. Tipik “transgression” – həll etmək deyil, həddi aşmaqdır. Yunanıstan da başqa cür həddi aşmağa çalışır – borclarının silinməsini tələb edir. Macarıstan isə miqrantlara qarşı divar tikir – hədd qurur ki, onu başqaları aşmasın. Örnəklər çoxdur, uzatmaq istəmirəm.İkinci Dünya Müharibəsindən sonra düşünülürdü ki, ortaq bazar, ortaq hüquqi məkan və ABŞ hesabına yaradılmış ortaq hərbi müdafiə Avropa’nın dəyərlərinə əlavə güc qatacaq. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi təşkilatlar, Avropa’da yetişmiş dəyərlərin universal olduğu iddiasına əlavə mənəvi əsaslandırma verməliydi. Çünki, BMT bu işin öhdəsindən gələ bilmədi. Gələ də bilməzdi, çünki mənəvi dəyərlərin tətbiqi siyasi iradənin lokallaşmasını tələb edir. Yeri gəlmişkən, burada imperiyaların tarixdə rolunu daha aydın və başqa bir tərəfdən görmək olur – böyük ərazilərdə siyasi hakimiyyətin lokallaşmasına nail ola bildiklərinə görə, dəyərlərini həmin ərazilərdə tətbiq edə bilmişlər. İmperiyaların, sonra isə ideoloji blokların çökməsindən sonra dünya pərakəndələşib, siyasi iradənin lokallaşdırılması problemi yenidən gündəmə gəlib.Başqa sözlə, gerçək böhran dəyərlərdə deyil, siyasi iradənin tətbiqi çevrəsindədir. Bugünkü dünyada siyasi iradəni lokallaşdırmaq çox çətindir və getdikcə çətinləşir. İnformasiya texnologiyalarının dünyanı bir kəndə çevirdiyi söylənilir. Bu deyimi hazır həqiqət kimi götürsək, önəmli bir əlavə etməli olacağıq – dünya qlobal feodalizmə doğru gedir. Yerli dəyərlər (kənd) yenidən universal dəyərlərə (şəhər) güc gəlməyə başlayır. Amma bu, indi qlobal miqyasda baş verir. İnformasiya texnologiyalarının dünyanı, qlobal da olsa, kəndə çevirdiyi bir ortamda, siyasi iradəni lokallaşdırmaq asan olmur. Çünki, bir tərəfdən, hamını qane edə biləcək razılaşdırma formatı yoxdur (dünyada pərakəndə zorakılığın (terrorun) artmasının səbəblərindən biri də budur), başqa bir tərəfdənsə, qavramların (mənaların) oturuşması üçün gərəkli ola biləcək vahid güc (siyasi iradə) yoxdur. Hamı, o cümlədən Avropalılar, kəndinə qayıdır.2. Kimlik məsələsi.
1789-cu il Fransa İnqilabından sonra siyasi meydana millətçilik girdi. “Fransa’da hər kəs Fransızdır” düsturuna arxalanaraq, vahid siyasi millət, milli dövlət quruldu (“État-nation” – yəni, “bir dövlət, bir millət”). Ona qədər “Fransa” adlanan yerdə Fransız milləti olmayıb, hər əyalətin öz siyasi kimliyi, tarixi, adət-ənənəsi, hətta dili (bir-birindən kəskin fərqlənən ləhçələri) olub. Heç təsadüfi deyil ki, İnqilabdan sonra qəbul olunan ilk qanunlardan biri – ictimai yerlərdə, xüsusilə siyasi məclislərdə, ləhçəylə danışmağı qadağan edən qanun olmuşdur. Niyə? Çünki, milləti formalaşdıran birinci amil – dildir. Ortaq dil olmayanda, millət də ola bilmir. Bugünün özündə Fransa’da dövlət dil qurumu var, Fransız dilinin təmizliyinə nəzarət etməyə çalışır.
Fransa’da millətquruculuğu çox ağır bir proses oldu. Yakobin diktaturası haqqında oxuduqlaınızı xatırlayın. Genişmiqyaslı siyasi təqiblər, edamlar, kilsəyə/dinə qarşı amansız mübarizə (ölkəni Roma Papa’sının təsirindən çıxarmaq üçün), bir sözlə, “köhnə rejimi” xatırladan hər şeyə qarşı müharibələr oldu. Elə müharibələrdən biri də Avropa monarxiyalarının gənc Fransa Respublikasına qarşı birgə təcavüzündən müdafiə olunmaq üçün aparıldı. Üstündən xeyli keçəndən sonra, Bolşeviklər Rusiya’da, Atatürk Türkiyə’də “Yakobinliyə” əl atmalı oldu.
Napoleon, etnik İtalyan ola-ola, özünü ən böyük Fransız sayması və bu iddia hesabına Fransız mədəniyyətini hər yerə yaymaq məqsədini qarşısına qoyması nəticəsində Avropa’da çox şey dəyişdi. Roma Hüququnun vurğunu olmuş Napoleon, öncə Fransa’da bugünədək qüvvədə olan Mülki Məcəlləni qəbul etdirdi, sonra da tutduğu bütün ərazilərdə onu tətbiq etməyə başladı. Bunun mədəni və siyasi nəticələri çox böyük oldu. İspaniya’da inkvizisiya ləğv olundu, Alman torpaqlarında təhkimçilik hüququ yox oldu və s. Hətta Anqlo-Sakson hüquq sisteminə aid olan ABŞ kimi ölkədə, vaxtılə Fransa’nın müstəmləkəsi olan Luiziana ştatında mülki və başqa məcəllələr var. Nəzərə alın ki, Anqlo-Sakson hüquq mədəniyyətinə məcəllə təcrübəsi yaddır. Görün, indi Napoleo’nun gördüyü işlərin miqyası və təsiri nədir. Heç təəccüblü deyil ki, Avropa Birliyində Avropa’nın birliyi uğrunda önəmli işlər görmüş adamlara “Napoleon Ordeni” verirlər. Yəni, Napoleon, hər kəsi Fransızlaşdırmaq deyil, hər kəsin eyni hüquqi məkana salmaq istəyirdi – 1804-cü il tarixli Mülki Məcəllənin yaratdığı məkana.
“Məcəllə söhbəti” Almanlarda qıcıq oyatdı. Heç hərbi işğala bu dərəcədə qarşı çıxmadılar. Əksinə, Alman düşüncə adamlarının xeylisi Napoleon’un işğalına haqq qazandırırdı. Elə ki, söhbət gəldi Fransız Mülki Məcəlləsinə, Alman hüquqşünaslarının qüruru götürmədi, özlərinə yaraşdıra bilmədilər bunu. Hamısı (!) Napoleon Məcəlləsinə qarşı çıxdı. Napoleon Məcəlləsinə qarşı çıxmaqda bir olan Alman hüquqşünasları sonradan iki qrupa bölündü. Bir qrup hesab etdi ki, Almanların öz mülki məcəlləsi olmalıdır. İkinci qrup ümumiyyətlə məcəllə təklifinə qarşı çıxdı, çünki “məcəllə ideya”sının Fransadan gəldiyini, Fransız olduğunu əsas götürdülər. Birinci qrup işə girişdi və 1813-cü ildə Alman Mülki Məcəlləsinin layihəsini hazırladı (çox irihəcmli sədən oldu). Lakin, ikinci qrupun siyasi gücü o qədər böyük oldu ki, hətta Alman hüquqşünaslarının hazırladığı məcəlləni rədd edə bildilər. İkinci qrupun siyasi gücünü aydın təsəvvür etməniz üçün deyim ki, 1813-cü ildə hazırlanmış Mülki Məcəllənin layihəsini Almaniya’da yalnız 1900-cü ildə qəbul etmək mümkün oldu. Nədən? Şovinizmdən! Fransız millətçiliyinə qarşı Almanların cavabı şovinizm oldu.
Millətçilikdən fərqli olaraq, şovinizm gerilikçi ideologiyadır. Millətçilik hamını, etnik mənşəyindən asılı olmayaraq, bir dövlətin vətəndaşlığı çətiri altında birləşdirməyə iddialı olduğu halda, şovinizm tarixi kök axtarışına çıxır, etnik ayrı-seçkiliklər üzərində qurulur. Fransa’dan gələn mütərəqqi ideyalara layiqli cavab, ya da əvəz tapa bilmədiklərinə, eyni zamanda həmin ideyaları qəbul etməyi özlərinə yaraşdırmadıqlarına görə, Almanlar hətta öz hüquqşünaslarının hazırladığı məcəllə layihəsini rədd etdi və onu düz 87 il yubatdılar ki, nə var – nə var, məcəllə ideyası Fransa’dan gəlibmiş (sanki Fransa’dan xeyli öncə Roma Hüququ və Yustinian Məcəlləsi olmayıb). Məsələnin istehzalı tərəfi ondadır ki, məcəlləyə və Fransa’dan gələn hər şeyə qarşı çıxmış böyük və güclü intellektual hərəkatın adı “Tarixi Məktəb” olub, əksəriyyətini də hüquşünaslar təşkil edib. Almanların “təmiz ari kökləri”nin İran və Hindistan tərəflərdə axtarışı da oradan başlamışdı.
1848-ci ildə bütün Avropan’ı inqilablar bürüyəndə, Almanlar Frankfurt şəhərində böyük bir məclis qurdu. Həmin məclisi xalq seçməmişdi, ona görə də qanuni səlahiyyətləri olmadı. Toplaşanların əksəriyyəti unversitet professorları olduğuna görə, həmin məclisin tarixdə qeyri-rəsmi adı “Professor Parlamenti” kimi qaldı. Bütün Alman torpaqlarından gəlmiş və məclis qurmuş Alman düşüncə adamları, məqsədləri Alman torpaqlarında inqilabi yolla (zor gücünə) dəyişikliyin qarşını almaqla yanaşı, vahid Almaniya qurmaq olmuşdu. Tarix kitablarından yaxşı bilirik ki, 1848-ci ildə vahid Almaniya qurula bilmədi. Niyəsini çeşidli cavablarla izah etməyə çalışanlar var. Hər bir cavaba hörmətlə yanaşaraq, mənim anlamımda bu uğursuzluğun əsas səbəbi onda oldu ki, məclisdə toplaşanlar iki metasuala cavab tapa bilmədi – “Alman olmaq nə deməkdir?” və “Almaniya haradır?”
Hələ 1796-cı ildə, Fransız İnqilabının vurğunu, Almanların da vahid millət olmaq üçün çalışmasının tərəfdarı olmuş Fixte’yə cavab məktublarının birində Şiller yazmışdı ki, Almanlara millət olmaq haqqında düşünmək hələ tezdir, Almanlar adam olmaq haqqında düşünməlidir. (Şiller insan şəxsiyyətinə tarixi proseslərdən daha böyük önəm verirdi). “Professor Parlamenti”ndən sonra, 1849-cu ildə, bu dəfə xalq tərəfindən seçilmiş və qanuni səlahiyyətləri olan parlament toplaşsa da, hətta vahid Almaniya Konstitusiyanın layihəsini hazırlasa da, vahid Almaniya qurula bilmədi. Üstündən təxminən iki onillik keçəndən sonra Bismark dövlətin sözlə deyil, dəmir və qanla quruluduğunu deyəcək. Daha sonra araya zorakılıq nəzəriyyəsi və marksizm kimi təsirli təlimlər girəcək və s.
Etnik baxımdan çox qarışıq olmuş Avstro-Macar imperiyasında da “Avstriyalılıq” haqqında qızğın mübahisələr gedirdi. Avstriya marksistləri, sonradan Stalin’in rəhbər tutduğu “avtonomizasiya” təklifini irəli sürsə də, Avstro-Macar İmperiyasını saxlamaq mümkün olmadı. Heç Stalin’in bu ideyanı tətbiq etdiyi forması da SSRİ-ni dağılmaqdan qoruya bilmədi.
Sovetlərin vahid sovet xalqı qurmaq cəhdi boşa çıxdı. Nədəni məlumdur – gəlir gətirməyə yönəlməmiş iqtisadiyyat, texnoloji gerilik, demokratik prosedurların və hüquq üstünlüyünün olmaması və s. Bəs, Avropa’da necə – rəqabətli bazar iqtisadiyyatı, hüququn üstünlüyü, demokratik prosedurlar, ədalətli məhkəmələr, yüksək təhsil və elm, texnoloji inkişaf, sosial ədalət və s. Avropalını yarada bildimi? Yarada bildiyi guman edilməyə başlayırdı ki, Avropalılıq haqqında mübahisələr yenidən qızışdı.
3. “Political correctness” (“düzgün siyasi danışıq”) və ya “nəyin hesabına kimlik?
İkinci Dünya Müharibəsindən sonra “millətçilik” sözünü və onun ifadə etdiyi düşüncə tərzini Avropa’nın siyasi səhnəsindən sıxışdırmağa başladılar. Sıxışdırmanın təsiri geniş, inandırıcı qüvvəsi çox olsun deyə, millətçiliyi irqçilik və başqa ayrı-seçkiliklərlə yanaşı qoydular ki, “millətçi” olmaq (adlanmaq) ayıb sayılsın. İrqçiliyə və bənzəri ayrı-seçkiliklərə haqq qazandırmağa çalışmaq doğrudan da ayıb işdir, amma millətçiliyin günahı nə? Tamam, “millətçilik” adına tarixdə xeyli ədalətsizliklər törədilib, müharibələr aparılıb, insanlar qırılıb. Başqa ideologiyaların üzərində qan yoxmu? Marksizm adına da milyonlarla adam öldürülüb, “Marksist” olmaq (adlanmaq) ayıb sayılırmı? Hələ din adına törədilən ədalətsizlikləri demirəm. Millətçiliyi şovinizmlə qarışıq salmağın, onu faşizmlə, irqçiliklə, vəhşikliklə əlaqələndirməyin yaxşı nəticəsi ola bilməzdi. Bugün baş verənlər bunu aydın göstərir.
Əlbəttə, İkinci Dünya Müharibəsinin dəhşətli nəticələri millətçiliyin qavranılmasına mənfi nəticə göstərməliydi, göstərdi də. Millətçi olmaq (adlanmaq) doğrudan da ayıb sayılmağa başlandı. Müharibədən sonrakı bədii ədəbiyyat, fəlsəfə və incəsənət əsərləri millətçiliyə qarşı, belə demək olarsa, güclü peyvənd oldu (hər halda belə düşünülürdü). Bunun təsiri uzun zaman olacağına ümid edilirdi, amma müharibədən sonra ikinci (müharibəni görməmiş, ona sadəcə tarixi fakt kimi baxan) nəslin içində başqa proseslər getməyə başladı.
Marksizmin və dinlərin beynəlmilləlçi ritorikasına aldanmayaq. Bu ideologiyalar insanları millətlərə olmasa da, başqa, özlərinə uyğun və qavranılması heç də rahat olmayan qruplara bölür. Başqa cür ola da bilməz, çünki bütün ideologiyalar (istər dini, istər dünyəvi) bölücüdür. Öz millətindən olan varlını, kasıbını, dindarını, ateistini bir-birinə qardaş sayan millətçilikdəmi məntiq və tarixi ədalət çoxdur, yoxsa öz millətindən olan varlını – düşmən, başqa millətdən olan proletariatı – qardaş, ya da öz millətindən olan atesiti – düşmən, başqa millətdən olan dindarı – qardaş sayan, müvafiq olaraq, Markszimdə və ya hər hansı bir dində? Siyasi iradənin lokallaşdırılması fürsəti və gedişata nəzarət imkanı baxımından hansı daha praktikdir?
Burasını heç düşünməmisinzsə, qəribə gələ bilər, amma millətçilik qədər imperializmə ardıcıl olaraq qarşı çıxan ideologiya yoxdur. İmperiyaları yıxan səbəblərdən biri müstəmləkə xalqların millətçiliyi olmadımı? Milli imperiyalar gördünüzmü tarixdə? Millətçiliyin qlobal iddiaları olmur. Amma Marksizmin də, dinin də qlobal iddiaları var – onlar hamını xoşbəxt etmək istəyir – biri bu dünyada, biri də o biri dünyada. Millətçiliksə ancaq öz milləti uğrunda çalışdığını deyir. Bəlli, qarşısında çəkindirici güc görməzsə, millətçilik asanlıqla həddini aşır və bununla başqa millətlərə ziyan vura bilir. Amma eyni şeyi istənilən başqa ideologiya haqqında demək olar. Ona görə də hüququn üstünlyü və demokratik prosedurlar olmalı, bərabər iqtisadi fürsətlər işləməli, ədalətli sosial siyasət yürüdülməlidir ki, heç bir ideologiya insanlara zülm etməsin.
Bəs, bütün bunlar Avropa’da ola-ola, Avropa niyə bu hala düşdü? Səbəbləri çoxdur. Onsuz da uzun alınan bu yazıda hamısını izah etmək çətindir. Mən diqqətinizi onlardan birinin üzərinə çəkmək istəyirəm. Bu yazının üçüncü altbaşlığından göründüyü kimi, “düzgün siyasi danışıq” (“political correctness”) adı altında, xoşniyyətli olsa da, amma mənfi nəticələr vermiş yanaşmanı deyirəm. Onilliklər ərzində Avropa’da tətbiq olunan “düzgün siyasi danışıq” (“political correctness) yanaşmasının acı nəticəsi o oldu ki, mənalar aşağılandı, siyasi səhnədən çıxarıldı.
Millətçilik bu yanaşmanın ilk qurbanlarından oldu. Millətçi adlanmaq ayıb sayılır, özünü belə adlandıranlar ən azından utandırılırdı. Varlını “düşmən” adlandırmaq, ateistlərə ölüm arzulamaq (arzu hərəkətə keçmirsə), özəl mülkiyyətin ləğvini tələb etmək olar (uzaqbaşı mübahisə doğurar), amma millətçi adlanmaq ayıb, bəzi yerlərdə hətta cinayət sayılır. Niyə? İkinci Dünya Müharibəsinin travmasıdır. O travmanı şəxsən yaşamış nəsil üçün millətçiliyə başqa gözlə baxmağın çox çətin (bəlkə də mümkünsüz) olduğunu anlamalıyıq. Necə ki, “Sovet Bloku” altında yaşamış xalqların kommunizm ideologiyasına münasibəti çox mənfidir. Amma bu da “birinci nəsil” məsələsidir. “Sovet Bloku”nun çökməsindən sonra gələn ikinci (“Sovet Bloku”nda şəxsən yaşamamış) nəslin münasibəti başqa ola bilər (şərtlər kəskin dəyişərsə).
Anlayışların aşağılanması, qavramların dəyərdən düşməsi nəticəsində bütün dillərdə siyasi danışığa “əsl” və ya “gerçək” sözü girdi. Məsələn, Hitler başda olmaqla Nazi’lərin Almaniya’da demokratik yolla hakimiyyətə gəlməsi “demokratiya” anlayışını dəyərdən salmasın deyə, Avropa Şurasının Nizamnaməsində, bu təşkilatın məqsədləri sırasında “əsl demokratiya” (“genuine democracy”) göstərilib. Yəni, Hitler Almaniya’da demokratik yolla hakimiyyətə gəlib, amma o, əsl demokratiya olmayıb, çünki əsl demokratiyada Hitler kimiləri hakimiyyətə gələ bilməz. Bu söhbət sizə nəyisə xatırladır, elədirmi? Əlbəttə! “Əsl İslam”, “əsl liberalizm”, “əsl marksizm”, nə bilim, “əsl dost”, “əsl kişilik” və s. Bir sözün qarşısına ki, “əsl” yazıldı, deməli o sözün ifadə etdiyi keçmiş məna dəyərdən düşüb. Avropa’da bunu “düzgün siyasi danışıq” yanaşmasıyla çözməyə çalışdılar, alınmadı. Əksinə, baş verənlər bu yanaşmanın düzgün olmadığını göstərdi. Avropa’da millətçilik həm də buna görə yenidən dirçəlir.
İkinci Dünya Müharibəsindən sonra yaranmış dərin demoqrafik böhrandan çıxmaq üçün, Avropa miqrasiya qaydalarını xeyli yumşaltdı. Avropa’ya çoxsaylı ucuz işçi qüvvə lazım oldu. Keçmiş müstəmləkə ölkələrdən metropoliyalara axın baş verdi. Miqrantların birinci nəsli işgüzar, həvəsli oldu – dil öyrəndi, dərs oxudu, işə düzəldi, vergi ödədi. Bir sözlə, tam inteqrasiya olundu. Problem, yenə də, ikinci nəsildən başladı. Miqrantların ikinci nəsli öz kökləri haqqında düşünməyə başladı, dilinə və dininə hörmət tələb etməyə girişdi, etiraz olaraq, yaşadığı ölkənin dilini öyrənmədi, dərs oxumadı, iş axtarmadı. Avropa’nın solçu hökumətlərinin hər dəfə artırdığı sosial müavinatlarla kifayətlənir, şəhərlərdə faktiki olaraq mədəni qetto halına gəlmiş məhəllələrdən çıxmadı.
Avropa’nın solçu hökumətləri bu böhranı həll edə bilməzdi, amma onun həddini aşmağa (“transgression”) çalışdı. Bunun üçün “multikulturalizm” siyasəti düşünüldü. Məqsəd – inteqrasiya etmək istəməyən miqrantların öz mədəniyyətlərinə uyğun yaşamaq haqqını tanımaq, bunun üzərində dinc birgəyaşayışı təmin etmək oldu. Nəticəsi nə oldu? İflas! Multikulturalizm – içiboş ideyadır. Avropa’da millətçilik həm də buna görə dirçəlir.
4. Maliyyə böhranı.
2008-ci ildə ABŞ’ı dərin maliyyə böhranı vurdu. O zamana qədər çox uğurlu bank və şirkətlər müflis oldu, bəzilərini federal hökumət müflisləşməkdən qurtarsa da, iqtisadiyyata dəymiş ziyanı uzun müddət aradan qaldrımaq olmurdu. Dövlət büdcəsinin üzərinə düşmüş bu yükü daşımaq üçün, federal hökumət kəskin qənaətə keçdi, bir sıra önəmli proqramların maliyyələşdirilməsini dayandırdı. ABŞ’da maliyyə qənaəti siyasəti Avropa’ya birbaşa təsir etdi. Özü də, Avropa’nın ən zəif yerinə, Avropa’nın ən hazırlıqsız vəziyyətində toxundu. Söhbət Avropa’da təhlükəsizlik xərclərindən gedir.
Ikinci Dünya Müharibəsindən sonra Avropa’da uzunmüddətli və dayanıqlı barışı təmin etmək üçün, Avropa’da təhükəsizlik sisteminin qurulması və onun maliyyələşdirilməsi yükünü ABŞ öz üzərinə götürdü. Bunun nəticəsində Avropa ölkələri hərbi xərclərini hər il azalda, sosial siyasətin maliyyələşdirilməsinə yönədlə bilirdi. Bunun da nəticəsi o oldu ki, Avropa ölkələrində, ardıcıl olaraq, əksər seçkiləri solçular udurdu.
2008-ci ildə ABŞ’da yaranmış maliyyə böhranından sonra ABŞ məcbur oldu ki, özünün Avropa’da təhülkəsizlik xərclərini kəskin azaltsın. Bunun nəticəsində Avropa ölkələri məcbur oldu ki, öz hərbi xərclərini artırsın. Nəyin bahasına? Əlbəttə ki, sosial xərclərin hesabına. Yəni, Avropa ölkələri sosial xərcləri azaldıb, hərbi xərcləri artırmağa məcbur oldu. Nəticədə, Avropada sosial şərait pisləşməyə başladı. Bəlkə miqrantlar olmasaydı, vəziyyətdən asan çıxmaq olardı. Amma sosial xərclərin xeylisi inteqrasiya olmaq istəməyən və bununla iqtisadiyyatda əlavə dəyər yaratmayan miqrantlara gedirdi. Bunun da nəticəsində solçular seçkiləri hər yerdə uduzmağa başladı. Sağ partiyalar, millətçi qüvvələr gücləndi. Bugün hətta Finlandiya və İsveçrə kimi rahat ölkələrdə millətçilər seçkiləri udur.
ABŞ maliyyə böhranından çıxdı, amma Avropa nəinki çıxmadı, əksinə, getdikcə böhranın dərinliyinə gedir. Yunanıstan’ın borc yükünün məsuliyyətini çəkmək istəməyən, ya da bacarmayan Avropa Birliyi səviyyəsində (Avropa Parlamentinə) seçkilərdə də millətçilər daha çox yer almağa başlayıb.
5. Rusiya qorxusu.
Rusiya’nın son zamanlar aqressivləşməsi Avropa’da millətçi çevrələrin güclənməsinə ayrı güc qatdı. Fransa’da və Macarıstan’da millətçi partiyaların Rusiya’dan dəstək (o cümlədən pul alması) haqqında söhbətlər ümumi gedişatı pozmur (korrupsiya qalmaqalı kimi baxılır buna). Əsas məsələ ondandır ki, Rusiya’nın aqressivləşməsi Avropa’da hərbi təhlükəsizlik sahəsində əlavə təbdilərin görülməsini hər zaman tələb edən millətçilərə seçkilərdə əlavə səs qazandırır.
Maliyyə böhranından çoxdan çıxmış və hətta onu üstələmiş ABŞ bu işdə xüsusi fəallıq göstərir. “İntermarium” (“Dənizlərarası”) adlanan strategiyanın tətbiqinə başlayıb. Baltik Dənizi – Qara Dəniz – Xəzər Dənizi arasında xüsusi təhlükəsizlik qurşağını qurur. Baltik Dənizindən Qara Dənizədək məsələ aydındır. Hələki yalınz Macarıstan razılığını verməyib, amma bütün başqa ölkələr ABŞ’ın onların ərazilərində öz hərbi bazalarını yerləşdirməsinə icazə verib. Təbii ki, bu işlər Rusiya’dan gələn və ya gələ biləcək təhlükələri önləmək üçün görülür. Qara Dənizdən Xəzər Dənizinə gedən yolda yerləşən, Azərbaycan’ın da daxil olduğu bölgənin də növbəsi çatacaq. ABŞ artıq hətta Orta Asiya ölkələrilə anlaşıb, Gürcüstan’da məsələ çoxdan aydındır. Problem Ermənistan’dadır ki, onun işğalı aradan götürlməyincə Azərbaycan’ın qərar verməsi çətinləşir.
Beləliklə, Baltik Dənizindən Qara Dənizədək yerləşən Doğu Avropa’da da millətçiliyin artması üçün obyektiv şərait var.
6. Orta Doğu.
Nəhayət! Bir çoxlarınıza görə, guman ki, buradan başlamalıydım. Hər halda, əsas xəbərlər bu bölgədən verilir, Avropa’ya yüz minlərlə miqrant axını da bu bölgədən gəlir, istər döyüş, istər qeyri-döyüş şəraitində insan ölümünün ən yüksək olduğu yer də bu bölgədədir, Avropada son terror aktlarını törədənlər də bu bölgədən çıxmışlardır. və s. Əlbəttə, buradan başlaya bilərdim. Amma mən bilərəkdən çox uzun yazdım, çox uzaqdan başladım ki, düşüncələrimin ardıcıllığı aydın görünə bilsin.
Orta Doğu çox çətin bölgədir. Həqiqət budur ki, sivilizasiyanın beşiyi sayılsa da, bütün səmavi dinlər burada nazil olsa da, bu bölgə heç zaman özünü dinc idarə edə bilməyib. Orta Doğu’da uzunsürən və davamlı barış yalnız imperiyaların çərçivəsində mümkün ola bilib – Babil, Assuriya, Misir, Əhəmənilər, Sasanilər, Roma, Parfiya, Bizans, Xilafət, nəhayət Osmanlı. Bu imperiyaların zamanında Orta Doğu, dövrünə uyğun barış və inkişaf görə bilib. İmperiyalar dağılanda, yeni imperiya bu bölgəni ələ keçirənə qədər barış pozulub, amma yeni imperiya bölgə üzərində nəzərati bərpa edəndən sonra barış da bərpa olunub. Son belə imperiya Osmanlı olub. Osmanlı dağılandan sonra Orta Doğu’ya Britaniya və Fransa gəlib. Onların hakimiyyəti uzun sürmədi. Bölgədən gedəndə, Britaniya və Fransa burada bir sıra süni dövlətlər yaratdı, sərhədlərini də necə gəldi çəkdilər. Nə etnik tərkibə, nə dini mənsubiyyətə önəm verdilər. Daha doğrusu, verdilər, amma barış məqsədilə deyil. Sərhədləri elə çəkdilər ki, bölgədə etnik və dini ədavət qızışdı. Orta Doğu’da bugün baş verənlərin səbəbləri arasında bu da var. Amma bu, əsas səbəb ola bilməz, deyilmi? Hətta AKP’nin uzunsürən və hələ də davam edən hakmiyyəti altında Türkiyə (Osmanlı’nın tarixi ətalətini və ədalətini xatırlayaraq) bu bölgəyə yenidən girməyə çalışsa da, müsbət nəticə alınmadı.
Qeyri-humanist səslənsə də, bu bölgənin əsas problemi coğrafiyadadır. Münbit torpaq çox az, içməli su ondan da az, quraqlıq, hər tərəf səhra, ətrafda dağlar, dənizə çıxış olsa da, dənizə apara biləcək quru yol infrastrukturu tarixən çox zəif olub (dəmir yollarını demirəm heç). Bununla belə, əhali sıxlığına, davam edən demoqrafik artımına, dinlərin toqquşmasına görə Orta Doğu qədər gərgin ikinci yer tapmaq çətindir. Üstəlik, təhsil, səhiyyə və başqa təməl sosial şərtlərin çox pis vəziyyətdə olması, hüquq üstünlüyünün, demokratik prosedurların olmaması, nəticədə, hökumətlərin dinc yolla dəyişdirilməsi mümkünsüzlüyü yuxarıda sadaladığım problemləri daha da çətinləşdirir. Bu azmış kimi, dünyada sübut olunmuş neft ehtiyatlarının 70 faizi, qaz ehtiyatlarının isə 40 faizi bu bölgənin payına düşür. Gəl, indi, burada barış qur.
Bütün bu problemlərin Avropa’ya təsir edəcəyi, hətta bir gün Avropa’nın içinə girəcəyi haqqında çox danışılırdı. Amma bu haqda əsasən kim danışırdı? Hər kim danışırdısa, onlara ya “millətçi”, ya “ksenofob”, ya da “düzgün siyasi danışıq” (“political correctness”) yanaşmasına görə uyğun sayılmayan başqa bir damğa vurulurdu. Nəticədə, problem gözlənilməz fəsadlar verməyə başladı. Terror aktları, günahsız insanların öldürülməsi və s.
Orta Doğu böhranı Avropa’da millətçlərin mövqelərini gücləndirdi. Avropa’da hələ də millətçiliyiə əsasən yaxşı baxmırlar, bu haqda müsbət mənada danışmaqdan çəkinirlər. Amma bir şeyi unudurlar – Orta Doğu’dan Uzaq Doğu’ya qədər millətçilik artacaq. Özü də, Avropa’dan fərqli olaraq, burada millətçilik müsbət mənada qavranılacaq. Çoxdan oxuduğum və müəllifini, təəssüf ki, unutduğum bir məqalədə yazıldığı kimi – Asiya’nın gələcəyi, Avropa’nın keçmişidir. O mənada ki, Asiya’da millətçilik güclənəcək və burada sərhədlərin oturuşmaması, onların təminatsız, bəzən hətta əlçatmaz olması, münaqişələrin dinc yolla həll etmək ənənələrinin yoxluğu və s. sərhədlər uğrunda vaxtılə Avropa’da aparılan müharibələrə yol açacaq.
Avropa’da buna inanan varmı, bilmirəm, amma görünən odur ki, Avropalılar belə müharibələrin özlərinə təsirsiz ötüşəcəyini düşünürdü. Gedişat bu yanaşmanın yanlış olduğunu göstərir. Dünya qlobal kənddirsə, qlobal feodalizmdən çıxış yolu yenidən millətçilikdə ola bilər. Bu yol çox çətin və təhlükəli olacaq, amma guman ki, onu keçmək lazım gələcək. Avropa’da həm yerli, həm milli, həm ümumi seçkilərin nəticələri də sanki bunu deyir.
Millətçiliyin sağlam – yəni, etnik kimliyindən, dini mənsubiyyətindən və başqa fərqlərindən asılı olmayaraq, hamının bir dövlətin vətəndaşlıq (vətəndaş millətçiliyi) çətiri altında birləşməsi mənası qaytarılmasa, klişe olaraq “Avropa dəyərləri” adlandırılan hər nədirsə (hüququn üstünlüyü, demokratik prosedurlar, bərabər haqlar və s.) yenidən Avropa’da güclənə bilməyəcək. Unutmayaq ki, bugün “Avropa dəyərləri” kimi adlandırılan nailəyyətlərin təməli millətçilikdən doğdu.
Multikulturalizm onsuz da iflasa uğradı. “Düzgün siyasi danışıq” (“political correctness”) yanaşmasının daşını atmaq gərəkdir. Hər şeyi öz adıyla çağırmaq, riyakarlığa son qoymaq lazımdır.
7. Qəddarlıq da humanistlikdir.
Bəli, bəli yanlış oxumadınız. “Humanizm” (“humanist”) sözlərini o qədər yersiz işlədirik ki, məsələnin burasını unuduruq.
Humanizm, bir cərəyan kimi, nədən başladı? İnsanı təbiətdən və Tanrıdan azad etməkdən. Yəni, humanistlərə görə, insan özünə hakimdir, onun başı üzərində heç bir qeyri-insani hakimiyyət yoxdur, insan, gərəkirsə, təbiətə də güc gələ bilər (yetər ki, öz gücünə inansın). Humanizməqədərki inanclar nəydi? Deyirdilər ki, insanın bütün yaxşı keyfiyyətləri Tanrıdan, ya da təbiətdə olan yaxşı ruhlardandır, pis keyfiyyətlərisə – Şeytandan, ya da pis ruhlardan gəlir.
Humanistlər buna qarşı çıxdı və dedi ki, insanın bütün keyfiyyətləri özündən qaynaqlanır – yaxşısı da, pisi də. Yəni, qəddarlıq, mehribanlıq qədər insanidir (insana xasdır). Başqa sözlə, sevən də, quran da insan olduğu kimi, öldürən və dağıdan da insandır. Qəddarlığı humanistlikdən çıxarmaq da retrospektiv olaraq “düzgün siyasi danışığın” örnəyidir. İnsanı havaydan yaxşıya çıxarmaqla deyil. Hər zaman bilmək gərəkdir ki, insan ilk fürsətdə pisliklərə əl atmağa meyllidir. Terrorun səbəbi dində, ya da başqa ideologiyada deyil, geniş anlamda sosial şəraitdədir (buraya tarixi yaddaşı, bərpa olunmamış haqları, hüquqsuzluğu, savadsılığı və s. daxil edirəm).

Short URL: http://www.cumhuriyyet.net/?p=39841

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728