MTN generallarının “Sumqayıt əməliyyatı”
Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı həbslər davam etdikcə, qurumla bağlı ilginc faktlar üzə çıxır. General Eldar Mahmudovun nazirliyə rəhbərlik etdiyi dönəmlərdə MTN-nin qanunsuz qərarlarının hədəfinə çevrilmiş sahibkarlar ictimaiyyətdən gizlədilən sirləri açmağa başlayıblar.
Cebhe.info-ya daxil olan məlumata görə, MTN generalları Mahmudov – Çovdarov tandeminin sahibkarlar üçün qurduqları şəbəkə sözügedən sektoru tamamilə ələ keçirib. “Bu cütlüyün sifarişi ilə ötən ilin yayında (iyul-avqust aylarında) Çovdarovun adamları Sumqayıtda iki gizli əməliyyat keçirib. Əməliyyatlardan birinin qurbanı iş adamı, Qubadlıdan olan məcburi köçkün olub. (Sözügedən iş adamının adı bəllidir, sadəcə məsələ hüquq müstəvisində həll ediləcəyindən açıqlamağı lazım bilmirik- r.) İş adamı Rusiya, Ukrayna, Belarus, Maldovadan ölkəyə ətlik mal-qara idxalı ilə məşğul olub. Bu haqda məlumat alan mütəşəkkil cinayətkar dəstə onunla görüşmək qərarına gəlib. Ətlik mal-qara almaq bəhanəsi ilə iş adamını Sumqayıtdakı dənizkənarı parka dəvət ediblər. 5 nəfər maskalı şəxs ona fiziki zor tədbiq etməklə avtomobilə oturdub və naməlum istiqamətə aparıb. Bir neçə saat girov saxlamaqla iş adamından 100 min ABŞ dolları tələb ediblər. 10 saat girovluqda qalan il adamı generalların hədələrindən və şantajından qorxaraq, təslim olub və tələb olunan pulu ödəyib”. Mənbə pul ödəndikdən sonra həmin şəxsin sərbəst buraxıldığını bildirib: “Generalların növbəti əməliyyatının qurbanı isə topdan satış və marketlər şəbəkəsinin sahibləri olub. İyul ayında həyata keçirilən gizli əməliyyatlarla sahibkarlar oğurlanıb. Sahibkar qardaşlardan biri girov kimi aparılıb. Başqa bir şirkətin şöbə müdiri olan həmin şəxsdən 1 milyon tələb olunub. Qardaşı ilə əlaqə qurulduqdan və xeyli danışıqlardan sonra məbləğ 500 minə endirilib. 10 gün zirzəmidə saxlanılan və əlacsız qalan qardaşlar bu məbləğlə razılşıb. Qeyd edim ki, girov götürülən sahibkar atasının 40 mərasiminə hazırlaşan zaman oğurlanıb. Əməliyyatın qurbanına çevrilən hər iki sahibkarın yaxınları həmin ərəfədə, MTN-də işləyən vəzifəli həmyerlilərinə müraciət ediblər. O isə onlara bu işdə aciz olduğunu bildirib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=39951