Rusiyalı ekspertdən sensason açıqlama: “Azərbaycan terrorçuların mühasirəsinə düşüb”
Rusiyalı ekspertdən sensason açıqlama: “Şimaldan terrorçuların güclü təsir altına salındığı Şimali Qafqaz, qərbdən Gürcüstan, şərqdən Mərkəzi Asiya, cənubdan isə hər şeyin pis olduğu Yaxın və Orta Şərq…”
Azərbaycanın adı “Qlobal terrorçuluq indeksi – 2015″in (The Global Terrorism Index) illik hesabatına salınıb. Bu hesabatda dünya ölkələrindəki terror təhlükəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsində hazırlanmış siyahıda Azərbaycan 160 ölkə içərisində 93-cü yerdədir.
Bundan başqa, minval.az saytına müsahibəsində rusiyalı analitik Andrey Kazançev də Azərbaycanın terror baxımından heç də güvənli ərazidə yerləşmədiyinə diqqət çəkərək bildirib: ”Cənubi Qafqazın öz böhran nöqtələri var. Azərbaycan özünəməxsus şəkildə terrorçuların mühasirəsinə düşüb. Şimaldan terrorçuların güclü təsir altına salındığı Şimali Qafqaz, qərbdən Gürcüstan, şərqdən Mərkəzi Asiya və Əfqanıstanı birləşdirən Xəzər dənizi, cənubdan isə hər şeyin pis olduğu Yaxın və Orta Şərq. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanlarının dincəlməyinə şərait yaranmır”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc danışıb. O bildirib ki, regionumuzun terror riskləri ilə əhatə olunması danılmazdır: “Bu təhlükələri biz on illər ərzində yaşamışıq. Bu hal ilk növbədə müharibə amilindən qaynaqlanır. Çünki nəzarət imkanlarının itirilməsi nəticəsində müxtəlif cinayətkarlıq, çirkli pulların dövriyyəsi, narkotik qaçaqmalçılığı və sairə baş verir. Terror Ermənistanın dövlət siyasətinə çevrilib. Zamanında Şimali Qafqaz arealında Gürcüstanda Pankisi dərəsinə qədər böyük bir ərazidə terrorçu yuvaları vardı. Qərb Rusiya ilə savaşını həm də ərəb dünyasından gətirdiyi xattablar hesabına gerçəkləşdirirdi. Bu da bölgədə riski artırırdı və prosesin ağrısını Azərbaycan da həm iqtisadi, həm də fiziki terrora məruz qalması ilə yaşayıb. İqtisadi ona görə deyirəm ki, Bakıdan gedən qatarların qarşısı kəsilib soyulurdu. O cümlədən Bakı-Novorossiysk kəmərinə hücumlar və neft mənbələrindən əldə edilən vəsaitlərin də sonradan terrora qoyulması hallarını müşahidə etmişik. Təhlükənin ən mühüm yeri isə Əfqanıstan və ya İran üzərindən gələn narkotika idi ki, bu da tonlarla çəkidə idi. Buradan əldə edilən külli miqdarda vəsait də terrora xərclənirdi. Dini-ekstremizm, müxtəlif ərəb ölkələrində vuruşaraq gələn qrupların Azərbaycanı hədəf seçməsi də təhlükələr sırasında idi. Şübhəsiz ki, biz İslam ölkəsiyik və burada məzhəblərarası savaş təşkil etmək də ölkəmizdəki sabitliyə qarşı terror riski kimi qiymətləndirilə bilər”.
Z.Oruc bildirib ki, məsələ ilə bağlı müsbət məqamlar da az deyil: “İlk növbədə Ermənistan qarşısında, Azərbaycan böyük bir səngər qurub. Təhlükəsizliyimizin əmsalı bu cinahdan xeyli yüksəlib. Azərbaycan ön cəbhəyə ən müasir texnikasını və bacarıqlı hərbçilərini toplayıb. Şimali Qafqazdakı qeyd etdiyimiz meydan isə demək olar ki, daralıb. Artıq Rusiyanın bütün siyasi elitası da o regionda keçmiş hadisələrin təkrarlanmasını istəmir. Gürcüstan ətrafında da sakitlikdir. Həmçinin İran və Azərbaycan arasındakı münasibətlər də xeyli yaxşılaşıb. Yeganə başlıca mənbə, burada dini-ekstremist qüvvələrdir. Fransa kimi NATO üzvü olan güclü təhlükəsizlik sisteminə dayanan bir ölkə terrorun qarşısını qabaqlayıcı bir formada ala bilmirsə, bu, o deməkdir ki, bizim regionda da hər an hansısa bir məkana zərbə vurula bilər”.
Z.Oruc MTN nazirinin olmadığı hazırkı dövrdə, ölkəmizin təhlükələrdən necə qorunması barəsində də danışıb: “Müvafiq dövlət strukturları hazırkı dövrdə Azərbaycana qarşı yönəlik təhlükələri önləyə bilir. Məhz buna görə də ölkədə sabitlik və əmin-amanlıq var. Milli Təhlükəsizlik Nazirliyi də binasını milli etibar və güvən yerinə çevirməlidir. Həmçinin yeni kəşfiyyat və əks-kəşfiyyat işlərinə əhatə edən qurumlar da, yeni islahatlara da ehtiyac var. Düşünürəm ki, siyasi mənsubiyyətindən, ideoloji yönündən, rus və ya qərbpərəst olmasından asılı olmayaraq hər kəs ölkənin sabitliyinin qorunmasında maraqlı olmalıdır. Çünki nəzərə almaq lazımdır ki, kiminsə sərvəti az və ya çox ola bilər. Ancaq sabitlik hər bir kəsin sərvətidir”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=40237