“MTN ləğv olunmalıdır” təklifinə sabiqlərdən reaksiya
20.11.2015 - 11:03
İlham İsmayıl: “Sülhəddin Əkbərin yazısı ilə razı deyiləm”; Ərəstun Oruclu: “MTN-in səlahiyyətlərinin bölünməsi qeyri-mümkündür”
Milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin müsavat.com-da geniş yazısı dərc olunub. Yazıda əsas diqqətçəkən məqamlardan biri də Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi ilə bağlı təklifdir.
Sabiq MTN-çi qurumun ləğv edilməsini təklif edib. O, bir necə sahənin bir strukturun tərkibində olmasının əleyhinədir: “Milli təhlükəsizliyə birbaşa dövlət başçısı, milli təhlükəsizlik siyasətinin hazırlanmasına və həyata keçirilməsinin koordinasiyasına da onun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurası cavabdehdir. Yəni MTN milli təhlükəsizliyə cavabdeh olan dövlət orqanlarından sadəcə biri olub, əsasən kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə funksiyalarını yerinə yetirir. Təcrübə göstərir ki, bu qədər gücün bir əldə toplanması, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin birləşdirilməsi həm yanlışdır, həm də ziyanlı və təhlükəlidir. Buna görə də aparılacaq islahatlar çərçivəsində MTN ləğv edilməli, müasir qloballaşma və sürət dövründə kəşfiyyatın rolunun durmadan artması da nəzərə alınaraq, kəşfiyyat və təhlükəsizlik xidmətləri ayrılmalı, Azərbaycan Respublikasının müstəqil milli kəşfiyyat və təhlükəsizlik xidmətləri yaradılmalıdır”.
MTN-in sabiq polkovnik-leytenantı İlham İsmayıl S.Əkbərin yazısı ilə razılaşmadığını söylədi: “Yazını oxumuşam. Yazı ilə razı deyiləm. Orada razılaşdığım yeganə məqam kəşfiyyat və əks-kəşfiyyat strukturunun ayrılması ilə bağlıdır. Nazirlik yerində qalır, Kəşfiyyat İdarəsi müstəqil quruma çevrilir. Əvvəllər bunu dəfələrlə mətbuatda demişəm. Amma indiki dönəmdə MTN-dən Kəşfiyyat İdarəsinin ayrılması da məqsədəuyğun deyil. MTN-in ləğv olunması, onu Milli Təhlükəsizlik Şurasının əvəz etməsi ilə bağlı fikirlərlə razı deyiləm. Kəşfiyyat və əks-kəşfiyyatın ayrılması fikirləri doğrudur. Amma kəşfiyyatın ayrılması indiki zamanda heç doğru deyil. Yalnız MTN bu çalxalanmadan sonra özünə gələndən sonra-bu 3-4 il çəkəcək- o zaman kəşfiyyatı ayırıb, müstəqil etmək olar”.

MTN-in digər sabiq əməkdaşı Ərəstun Oruclu da hesab edir ki, MTN ləğv olunmamalıdır: “Düşünmürəm ki, MTN ləğv olunsun. Sadəcə, onun fəaliyyətinə dövlət, parlament və ictimai nəzarət gücləndirilməlidir ki, qanuni fəaliyyət kənara çıxmasın. Hazırda Azərbaycanda mərkəzləşmiş idarəetmə sistemi mövcuddur. Belə bir sistem mövcud olan yerdə MTN-in səlahiyyətlərinin bölünməsi məsələsi qeyri-mümkündür. Azərbaycanda müxtəlif qurumlar bir-biri ilə nəinki rəqabət aparırlar, hətta bir-birinin əksinə fəaliyyət göstərirlər. Bu, dövlətin maraqlarına ziyan vura bilər. Sonda dövlətə qarşı təhlükəyə çevrilə bilər. Bu mənfi tərəflərdir. Əslində isə qurumun müxtəlif hissələrə parçalanması normaldır. Dünyada bu praktika mövcuddur. Amma bugünkü vəziyyətlə, geosiyasi reallıqla bu qeyri-mümkündür”.
Short URL: http://www.cumhuriyyet.net/?p=40253