Azərbaycandan İŞİD-ə pul göndərilməsi xəbərinə YAP-dan reaksiya
Rusiyanın “İzvestiya” qəzeti İŞİD terror qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.
Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür.
Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD-ə maliyyə dəstəyi verilir: “İlkin analiz nəticəsində biz maliyyə əməliyyatlarının böyük hissəsini görə bilirik. Terror təşkilatına pul köçürmələrinə görə, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yer də isə Türkmənistan gəlir”.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Azərbaycandan İŞİD-ə pul göndərilməsi ilə bağlı Rusiya mətbuatının iddiasına aydınlıq gətirib.
Deputat AzVision.az-a açıqlamasında bildirib ki, İŞİD-in Azərbaycanda sosial bazası olmadığından deyilənlər real görünmür.
Millət vəkili hesab edir ki, Azərbaycan cəmiyyəti özünün inkişaf səviyyəsinə görə, heç vaxt İŞİD-ə dəstək qrupları yarada bilməz: “Azərbaycanda maliyyə bank sektoruna ciddi nəzarət var. Mərkəzi Bankın nəzdində maliyyə monitorinq qrupları fəaliyyət göstərir. Şübhəli pul köçürmələri nəzarət altına alınır. Bu baxımdan Azərbaycandan İŞİD-ə maliyyə dəstəyinin verilməsi barədə ittiham inandırıcı görünmür. İŞİD sıralarında minlərlə Rusiya vətəndaşının döyüşdüyü və Rusiyadan ora böyük yardımlar olması ilə bağlı vaxtaşırı məlumatlar yayılır”.
A.Mirzəzadə əlavə edib ki, “İzvestiya” qəzetinin belə bir məlumat yayması Rusiyanın müəyyən dairələrinin Azərbaycanı təzyiq altında saxlamaq istəyindən irəli gəlir: “Heç də təsadüfi deyil ki, Azərbaycanla yanaşı Qazaxstanın da adı çəkilir. Görünür, Rusiyada müəyyən dairələr Azərbaycanın sərbəst iqtisadi siyasətinin və dövlətin öz təbii sərvətlərinə sahib olmasını qəbul edə bilmir. Bu açıqlamaya inanmıram və hesab edirəm ki, buna görə Rusiya tərəfi konkret faktlar ortaya qoymalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=40387