Oqtay Gülalıyevdən KXCP-nin siyasi kursuna etiraz: “Mirmahmud bəylə bir sıra məsələlərə fərqli baxışlarımız var”
Bir müddət öncə KXCP sədrinin müavini postundan kənarlaşdırılan Oqtay Gülalıyev partiyadaxili proseslərə və son baş verənlər haqda öz facebook səhifəsində münasibət bildirib. Həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq:
“Dəyərli dostlar! KXCP pəhbərliyindən kənarlaşdırılmağımla bağlı son zamanlar mətbuatda və sosial şəbəkələrdə bəzi müzakirələr gedir. Mənə çoxsaylı müraciətlər və telefon zəngləri olur. “Partiyadaxili məsələlər partiyada müzakirə olunmalıdır, mətbuatda yox” cavabım bir çox dostları, xüsusən jurnalist həmkarlarımızı razı salmır və onların bir çoxu məndən inciyirlər. Bəlkə də haqlıdırlar, həmişə mətbuata, cəmiyyətə açıq olduğumdan məndən ətraflı və izahlı cavab gözləyirlər. Amma hamınıza hörmətimi bildirməklə yanaşı məni üzürlü hesab etmənizi və düzgün başa düşmənizi istəyirəm. KXCP- də şəxsimlə bağlı baş verənlər çox kiçik məsələdir. Ölkənin bu qədər çoxsaylı, ağır problemləri içində kiçik bir məsələni bu qədər şişirtməyə və buna görə inciməyə dəyməz.
26 ildir cəhbəçiyəm. Elçibəy tərəfindən dəfələrlə etimad göstərilib müxtəlif vəzifələrə irəli çəkilmişəm. Eyni zamanda nəinki vəzifədən, hətta partiya üzvlüyündən də xaric edilmişəm. Çoxlu təzyiqlərlə üzləşmişəm. Qanunsuz həbs həyatı yaşamışam. Həbs zamanı polis zorakalığına və işgəncələrə məruz qalmışam. Bu gün ailəmlə, az yaşlı övladımla təhdid olunuram. Bütün bunlara baxmayaraq heç zaman mübarizəmdən, yolumdan geri çəkilməmişəm. Cəhbəçi olmağımla həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm. Heç bir qüvvə bizi bu amaldan, mübarizədən və əqidədən döndərə bilməyib.
Bir daha təkrar edirəm ki, KXCP- də mənimlə bağlı baş verənlər sıradan bir məsələdir və çox kiçik şeydir. Partiyanın sədri hörmətli Mirmahmud bəylə bir sıra məsələlərə fərqli baxışlarımız var. Partiyanın hazırkı siyasi kursu, yürüdülən siyasi fəaliyyət, xüsusən təşkilatımızın Milli Şuradan kənarda qalması, hakimiyyətlə aparılan görüş dialoq imitasiyasında iştirak etməsi, xalqın boğazından kəsib hökümətin təşkil etdiyi, başdan ayağa korrupsiya layihəsi olan 1- ci Avropa Oyunlarına dəstək verilməsi, nəticəsi öncədən bəlli olan 01 noyabr saxta parlament seçkilərinə qatılmaq və s. məsələlərdə fərqli mövqedə oldum. Mən Elçibəy yolunun davamçısı, AXC- nin varisi olan partiyamızın Liderimizin bizə əmanət etdiyi pirinsip və dəyərlərə uyğun olaraq xalqımızın apardığı azadlıq və demokratiya ugrunda mübarizənin önündə olmasının tərəfdarıyam.
… Mən KXCP- yə vəzifə üçün gəlməmişəm. Bunu sədr də daxil olmaqla rəhbərlikdə təmsil olanların çoxu bilir. Vəzifələr gəldi- gedərdi. Amma hədəflər və prinsiplər qalıcıdır. Partiyada mənim, eləcə də mənim kimi düşünən digər insanların tək düşüncəsi və iddiası təşkilatımızın güclənməsi, ölkədə avtoritarizmdən demokratiyaya keçid prosesinə töhvə verməkdir.
Partiyanın rəhbərliyində təmsil olunan bütün şəxslərlə başda sədr olmaqla normal münasibətim var. Kimsəylə problemim yoxdur və olacağını da düşünmürəm. İllərin sınağından çıxmış münasibətimiz və əqidə birliyimiz var. Ağır günlərdə bir- birimizə dəstək olmuşuq. Bundan sonra da inanıram ki, belə olacaq. Problemlərə fərqli baxışlarımız bu münasibətlərə hər hansı xələl gətirmir.
Mən KXCP- nin sıravi üzvü olaraq partiyada fəaliyyətimi davam etdirəcəm. Partiyanın güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəm. Ehtiyac olarsa hər hansı yükü də daşımağa hazıram. Bilirəm ki, partiyada mənim kimi düşünən xeyli sayda fədakar və mübariz insanlar var. Bizim məqsədimiz KXCP- nin fəaliyyətini gücləndirmək, onu mübarizənin mərkəzinə gətirməkdir. İnanıram ki, əqidəli cəhbəçilərin iştirakı və xalqımızın dəstəyi ilə məqsədimizə nail ola bilərik.
Bizə diqqət və dəstək verən dostlara təşəkkür etməklə yanaşı mövqeyimizi anlayışla qarşılamağı, hər kəsi xalqımızın apardığı azadlıq və demokratiya ugrunda mübarizəyə dəstək olmağa çağırıram.
Ardıcıl və qətiyyətli mübarizə qələbəmizi yaxınlaşdırır.
Hər kəsi səbrli, təkminli olduğu qədər də ardıcıl və qətiyyətli olmağa çağırıram!
Biz bu mübarizədə haqqın və xalqın yanındayıq. İnanıram ki, haqqa söykənib, xalqa arxalanaraq xeyrlə şərin, demokratiya ilə avtoritarizmin mübarizəsində böyük liderimiz və ustadımız Əbülfəz Elçibəyin dediyi kimi biz qalib gələcəyik!
Haqq qalib gələcək!
Azərbaycan xalqı qalib gələcək!
Tanrı sizləri qorusun!”
Short URL: http://www.cumhuriyyet.net/?p=40462