Türkiyə və Rusiya arasında savaş təhlükəsi
26.11.2015 - 11:34
Ankara qərarında haqlı olduğunu desə də, məsələyə görə təəssüfünü ifadə etdi; Moskva isə rus qırıcısının vurulmasına cavab olaraq Türkiyəyə turları dayandırdı; Türkiyədən toyuq ətinin idxalına qadağa qoyuldu; Ankaranın Moskvadakı böyükelçiliyi hücuma məruz qaldı
Azərbaycanlı ekspertlər durumu təhlil edir: “Suriya və Ermənistan sərhədlərində uçuşlar edən Türkiyə aviasiyası çox diqqətli olmalıdır”
Noyabrın 24-də Türkiyənin hava sərhədlərini kobud şəkildə pozan Rusiyaya məxsus “Su-24″ qırıcısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulması Ankara-Moskva münasibətlərində görünməmiş gərginlik yaradıb. Rusiya prezidenti V.Putinin bunu ”arxadan zərbə” adlandırmasından sonra Türkiyəyə ünvanlı hədələr bir-birini əvəz edir.
Bu vəziyyətdə daha soyuqqanlı davranan və haqlı olduğunu faktlarla sübuta yetirməyə çalışan Ankara isə növbəti dəfə böyük jest edib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 25-dəki Ankara səfərindən imtina edən rusiyalı həmkarı Sergey Lavrova zəng edərək baş vermiş hadisə ilə əlaqədar təəssüfünü ifadə edib, həlak olan pilota görə başsağlığı verib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Çavuşoğlu bəyan edib ki, türk dispetçerlər vurulan “Su-24″ tipli təyyarənin kimə məxsus olduğunu bilməyiblər. Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan da bir gün öncə oxşar mövqedən çıxış etmişdi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu növbəti dəfə türk əsgərinin haqlı olduğunu bəyan edərək “öz hava sahəmizi qorumaq ən təbii haqqımızdır. Bu hadisədə Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirmək kimi bir məqsədimiz olmayıb. Rusiya bizim dostumuz və qonşumuzdur. Böyük dövlətlər arasında əlaqələr kommunikasiya qəzalarına qurban verilə bilməz” – deyə bildirib: “Sərhədimizi pozan Rusiyaya məxsus qırıcı təyyarənin vurulması əmrini şəxsən mən vermişəm. Rusiya hərbi təyyarəsi bütün xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulub”.
“Biz gərginliyin yaranmasını istəmirik. Biz yalnız öz təhlükəsizliyimizi müdafiə etmişik”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət İşbirliyi Daimi Komissiyasının 31-ci toplantısında çıxışında deyib. O bildirib ki, dünya 7 il öncəki iqtisadi böhranı hələ də adlamayıb.

Kreml isə oturub vəziyyəti müzakirə etməkdənsə, aqressiv siyasət yürütməkdədir. Ölkənin müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiya Suriyadakı “Hmemim” bazasına S-400 zenit-raket komplekslərini göndərəcək. Qeyd edək ki, S-400 Triumf zenti-raket kompleksi S-300-lərlə müqayisədə daha böyük uzaq məsafəni əhatə edir. S-400-lər ən müasir təyyarələri vurmaq qabiliyyətinə malikdir. Şoyqu deyib ki, Rusiya Suriyada vurulan Su-24 qırıcı təyyarəsinin sağ qalan pilotunu xilas edib. Nazir prezident Vladimir Putinə məruzəsində bildirib. O, “Su-24” qırıcısının sağ qalan pilotunun xilas edilməsi məqsədi ilə keçirilən əməliyyatın uğurla nəticələndiyini və xilas edilən pilotun hərbi bazaya çatdırıldığını qeyd edib. Putin “Su-24” qırıcı təyyarəsinin heyət üzvü polkovnik-leytenant Oleq Peşkova Rusiya Federasiyasının Qəhrəmanı adını verib. Rusiya prezidenti “Mi-8” helikopterinin kapitanı Konstantin Muraxtini və matrosu Aleksandr Pozıniçi “İgidliyə görə” ordeni ilə təltif edib.
Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski növbəti şəkildə Türkiyəni ittiham edib. O, hakimiyyətə “çıxış yolu” da göstərib. “Türkiyə məsələsini başqa əllər vasitəsilə həll etmək lazımdır. Ermənilər türklərə nifrət edir, əgər biz onlara qərb ərazilərini azad etməyə icazə versək, onlar məmnuniyyətlə torpaqlarını azad edəcəklər”-deyə, Jirinovski erməniləri Türkiyəyə qarşı səfərbər olmağa çağırıb. Üstəlik, “kürdlər bizim köməyimizi gözləyirlər”- deyərək, qardaş Türkiyəni təhdid edib.

Rusiya XİN başçısı S.Lavrov Ankara səfərini təxirə salandan sonra “mən Türkiyəyə getmirəm, siz də getməyin” deyə, rus vətəndaşlara müraciət edib. Rusiya baş nazirinin müavini Dmitriy Roqozin də Rusiya vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. Roqozin iddia edib ki, terrorçuların olduğu bölgədə Ərdoğanın oğlunun neft kampaniyası var və əslində Türkiyə həmin əraziləri nəzarət altında saxlamaq istəyir. Bundan öncə Rusiya prezidenti Putin də Türkiyəni İŞİD-i müdafiədə ittiham etmişdi. Bununla da Rusiya on illərdir terrordan əziyyət çəkən Türkiyəni terroru himayədə suçamışdı. Hansı ki, NATO, Avropa Birliyi və digər təşkilatlar, o cümlədən ABŞ prezidenti Barak Obama hadisə ilə bağlı mövqelərində Türkiyənin hava sərhədlərini qorumaqda haqlı olduğunu bəyan etdilər. Türkiyə onun sərhədini pozan rus qırıcısına 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini sübut edən səs yazısını da yayıb.
Hakimiyyətin aqressiyasından stimul alan Rusiyadakı başıpozuq dəstələr isə qardaş ölkənin səfirliyini daşa basıb, pəncərələri qırıblar.
Rusiyadan gələn hədələrin qarşılığında Türkiyə də öz növbəsində təhlükəsizlik tədbirlərini gücləndirir. Ankara Suriya sərhədinə əlavə 20 tank yeridib. Tanklar əvvəlcə Qaziantep şəhərinə, buradan isə polislərin müşayiəti ilə Suriya sərhədinə gətiriliblər. CNN-Türk televiziyası isə Ankaranın bütün quru və hava qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyi xəbərini yayıb. Belə bir situasiyada dünyada hətta 3-cü Dünya savaşının başlaya biləcəyi barədə müzakirələr aparılır. Hesab olunur ki, nüvə dövləti olan Rusiyanın NATO dövləti Türkiyəyə hansısa müdaxiləsi bəşəriyyət üçün böyük fəlakətlərə gətirib çıxaran müharibənin başlamasına gətirib çıxara bilər.
Politoloq Arzu Nağıyev Suriya diktatorunun bu situasiyada dividentlər qazandığını güman edir. Onun fikrincə, Bəşər Əsəd müəyyən mənada öz istəyinə çatdı və Rusiya -NATO qarşıdurmasına nail oldu: “Bu işdə Suriya rəhbərliyi türkmən faktorundan istifadə etdi. Belə ki, Əsədin verdiyi koordinatlar əsasında Rusiya təyyarələri və raketləri bu əraziləri vururdu. Məqsəd guya sərhəddən keçən silah qaçaqmalının qarşısını almaqdır. Əslində isə burada yaşayan türkmənlər İŞİD-ə qarşı mübarizə aparan və Əsədə müxalif olan qüvvələrdir. Əsəd də bu yolla onları məhv etməyə çalışır. Rusiya isə öz növbəsində Əsədi müdafiə edir və müxalifəti də vurur. Təbii ki, Türkiyə də türkmənləri müdafiə edir və bununla bağlı dəfələrlə beynəlxalq təşkilatları və Rusiyanı xəbərdar edib. Təyyarənin vurulması da bunun məntiqi nəticəsidir”.

A.Nağıyevin fikrincə, Rusiyada artıq bu proseslərin siyasi məcraya yönələcəyi aydın şəkildə görünür: “24 noyabrdan başlayaraq, Moskvada Türkiyə səfirliyi qarşısında mitinq təşkil edilir, turizm təşkilatları Türkiyə ilə əlaqələri kəsməyə hazırlaşır, hərbi sahədə əməkdaşlıqlar dayanır. Rusiyanın siyasi şərhçiləri və analitikləri Türkiyə prezidenti Ərdoğanı və onun ailəsini İŞİD-lə gizli biznes münasibətlərində günahlandırırlar. Buna görə də münasibətlər müsbət məcrada inkişaf etməyəcək və bu da təbii ki, hansı bir variantla qisas almaq məcrasına yönələ bilər. Qorxulu məqam odur ki, artıq İŞİD -lə və ümumiyyətlə, terror təşkilatları ilə mübarizə adı altında Rusiyanın hərbi qüvvələri istər havadan, istərsə də dəniz və okeanlarda yerləşən bazalarından istifadə edir və bu raketlərin trayektoriyasında mülki nəqliyyatlar, o cümlədən hava nəqliyyatı da ola bilər. Belə bir xəbərdarlıq artıq Rusiya hərbi qüvvələri tərəfindən edilib”.
Ekspertin qənaətinə görə, Türkiyə və Rusiya yəqin ki, bu insidentin araşdırılmasından sonra öz nəzərdə tutduqları qaz ixracı ilə bağlı meqa layihələrin həyata keçirilməsi barədə danışıqlarını davam etdirə bilərlər: “Lakin bu gün vəziyyət gərgin olaraq qalır və gərginliyin tezliklə düzələcəyi də inandırıcı görünmür”.
A.Nağıyev Azərbaycanla bağlı perspektivlərdən də danışdı: “Bu məsələdə Azərbaycanın heç bir məsuliyyət daşımaması məlumdur, lakin unutmaq olmaz ki, biz Türkiyə ilə strateji portnyor və tərəfdaşıq. Rusiya ilə təbii ki, bir çox sahələrdə o cümlədən silah alqı-satqısında müqavilələrimiz var. Təbii ki, neft- qaz ixracı ilə bağlı da Türkiyə ilə tərfdaş kimi çıxış edirik, birgə layihələrimiz mövcuddur”.

Politoloq Şahin Cəfərli hesab edir ki, Türkiyə ilə Rusiya arasında müharibə təhlükəsi real deyil: “Əvvəla, bu, eyni zamanda NATO-Rusiya müharibəsi anlamına gələr ki, Rusiyanın belə bir riskə getməsini gözləmirəm. Təsadüfi deyil ki, hadisədən sonra Rusiya rəhbərliyinin səsləndirdiyi qəzəbli bəyanatlarda olayın Rusiyanı NATO ilə qarşıdurmaya sövq edə biləcəyindən narahatlıq ifadə olunaraq Türkiyəyə bu istiqamətdə də qınaq ünvanlanıb. İki tərəf də – həm Türkiyə və NATO, həm də Rusiya müharibədə qətiyyən maraqlı deyil. İki ölkə arasındakı gərginlik hərbi müstəvidən çox, siyasi və iqtisadi müstəvilərdə davam edəcək”.
Ekspert xatırlatdı ki, biz bu gərginliyi və atılan ilk real addımları müşahidə etməkdəyik: “Rusiya turizm sahəsində Türkiyəni boykot etməyi qərara alıb. Türkiyədən quş ətinin idxalı dayandırılır. Meyvə-tərəvəz idxalının da dayandırılacağını gözləmək olar. Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətləri, xüsusən 100-ə yaxın inşaat firması üçün şərtlərin qəsdən çətinləşdirilməsini və onların Rusiya bazarından sıxışdırılıb çıxarılmasını da gözləmək olar. Bundan başqa, iki ölkə arasında həyata keçirilən ortaq layihələrin dondurulması, hətta ləğvi ehtimalı da var. Bu sırada ”Türk axını” layihəsini göstərmək olar ki, bu layihə ilə bağlı onsuz da kifayət qədər siyasi və iqtisadi xarakterli problemlər mövcud idi. Digər mühüm layihə isə Türkiyənin Mersin vilayəti ərazisində Rusiya tərəfindən inşa olunan Akkuyu AES layihəsidir. Türkiyə təbii ki, turizm boykotu, şirkətlərinin Rusiya bazarından çıxarılması, Rusiyaya ixracatının dayandırılması nəticəsində maddi itkilərə məruz qalacaq. Lakin Ankara da öz növbəsində istər indi, istərsə də perspektivdə atacağı addımlarla Rusiyaya zərər yetirə bilər. “Türk axını” və Akkuyu AES layihələri dayandırılarsa, bundan Rusiya daha çox zərər çəkəcək, nəinki Türkiyə. Türkiyə eyni zamanda yaxın gələcəkdə Rusiyadan enerji asılılığını azaltmaq üçün yeni strategiya müəyyənləşdirə bilər. Hazırda Türkiyə özünün təbii qaz ehtiyacının 55 faizini Rusiya qazının hesabına ödəyir. Bu ticarətdən Rusiyanın qazancı ildə 9 milyard dollar təşkil edir ki, bu ölkə iqtisadiyyatının indiki böhran durumu nəzərə alındıqda, bu məbləğin önəmi açıq görünür”. Ş.Cəfərli bir məsələni də xüsusi vurğuladı: “Rusiya ilə Türkiyə arasında iri miqyaslı müharibə təhlükəsinin olmamasına baxmayaraq, Rusiyanın hansısa şəkildə qisas aksiyası həyata keçirməsi mümkündür. Moskvanın özünün Suriyadakı hərbi bazasına S-400 zenit-raket kompleksi göndərmək qərarı xoş niyyətdən xəbər vermir. Suriya sərhədi boyunca, eləcə də Ermənistan sərhədləri yaxınlığında uçuşlar həyata keçirən Türkiyə hərbi aviasiyası çox diqqətli olmalıdır. Suriya və Ermənistan hava məkanının Türkiyə təyyarələri tərəfindən azacıq pozulması halında belə, Rusiya həmin təyyarələri vurmaqda tərəddüd etməyəcək. Türkiyə Rusiyanın əlinə belə əsas verməməlidir. Zamanla gərginliyin səngiməyə başlayacağını düşünürəm”.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, əslində Türkiyə ilə Rusiya arasında Suriya üzərindən açıq savaş çoxdan başlayıb: “Ancaq bunun qlobal savaşa dönə biləcəyinə ehtimal vermirəm. Çünki Rusiyanın bütün dünya ilə, xüsusilə də Türkiyənin də üzvü olduğu NATO ilə savaş siyasətini davam etdirmək imkanları güclü deyil. Bununla belə, Suriyada İran-Rusiya koalisiyası ilə Türkiyə arasında mübarizə daha da sərtləşəcək”. F.Mustafa Türkiyənin yanlış yolda olduğunu iddia edən və türkləri üzr istəməyə çağırış edən bəzi ziyalılara da etiraz etdi: “Rusiyadan üzr istəmək məsələsinə gəldikdə isə, bizim bunu Türkiyə dövlətinə tövsiyə etməyimiz belə mənəvi cəhətdən yanlışdır. Türkiyə öz dövlət maraqlarını bizdən də yaxşı bilir və atdığı addımın bədəlinə hazır olduğu üçün bu sərt və haqlı qərarı qəbul edib. Çünki son vaxtlar Rusiya Türkiyə ilə həddən artıq aşağılayıcı üslubda davranırdı və bir neçə dəfə sərhədini pozmuşdu. Mən də patriotik hay-küyçülüyün əleyhinəyəm, ancaq burada dövlətin öz təhlükəsizliyini qorumasından söhbət gedirsə, savaş bahasına da olsa, bunu qorumaq lazımdır. Rusiyadan üzr istəməyi doğru sayanlar məncə özləri Şahdağa ekspedisiya təşkil edib oradakı zirvələrin birində üzlərini Rusiya istiqamətinə tutaraq doyunca üzr istəyə bilərlər”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=41259